Elxan Şahinoğlu: «Qarşıdan gələn seçkilərdə Türkiyə hökumətinə problem yaratmaq üçün PKK bu tipli addımlar atır»
PKK terror təşkilatının daxil olduğu KCK adlı kürd təşkilatı (Kürdüstan Cəmiyyətlər Birliyi) PKK silahlılarının Türkiyə ərazisindən çıxarılması prosesinin dayandırıldığını elan edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, KCK bu addımını hökumətin demokratikləşmə və kürd probleminin həlli mövzusunda addım atmaması ilə izah edib.
PKK rəhbər şəxslərindən olan Cəmil Bayık ötən həftə açıqlamasında Türkiyə hökumətinə 1 sentybara qədər vaxt verdiklərini demişdi. “Indiyə qədər heç bir şey görmədik. Buna qarşı özümüzü müdafiə edəcəyik. Əgər əməliyyat etdiklərini görsək, buna qarşı müdafiə olunacağıq. Savaşı daha da şiddətləndirmək istəsələr, cənuba gedən qrupları yenidən qaytaracağıq”- deyə Cəmil Bayık bildirmişdi.
Türkiyənin bu addıma münasibəti necə olacaq və PKK niyə bu qərarı verdi?
Politoloq Elxan Şahinoğlu hesab edir ki, kürdlərin radikal bölümü Türkiyə hökumətini dalana dirəmək istəyir və seçkilər öncəsi vəziyyətdən sui istifadə edir: “Mart ayında PKK Türkiyə ilə 2 məsələdə razılığa gəlmişdi. Birinci məsələ atəşkəsə riayət edilməsi, ordu hissələrinin hücum etməyəcəyi ilə bağlı idi. Ikinci məsələ isə, Türkiyə ərazisindən PKK silahlılarının çıxarılması idi. Birinci razılaşma hələ ki, yerinə yetirilir və heç bir qarşıdurma baş verməyib. Ikinci məsələ də isə PKK həvəsli görünmür və bu müddət ərzində silahlıların cəmi 10 faizi çıxarılıb. Bunu da onunla izah edirlər ki, guya Türkiyə hökuməti üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Buna baxmayaraq düşünmürəm ki, yenidən terror hadisələri, silahlı qarşıdurmalar başlaya bilər. Mart ayında Türkiyədə Bələdiyyə seçkiləri olacaq və AKP ölkədə hər hansı xoşagəlməz halların baş verməsində maraqlı deyil. Ona görə də Türkiyə hökuməti bu məsələdə fasilə götürüb. PKK isə bu fasilədən sui-istifadə edir. Hakim partiyanın nüfuzu kürdlər yaşayan bölgələrdə də yüksəkdir. Ona görə də PKK seçki öncəsi problem yaratmaq istəyir. Əgər silahlılar atəşkəsi pozmursa, Türkiyə ərazisində qalması indiki halda problem yaratmır. Ona görə də Türkiyə hökuməti tələsmir və qarşıdan gələn seçkiləri uğurla keçməyi düşünür”.
Ilham Hüseyn