Qalib və məğlub qəlbi haqqında düşünəndə yadıma yaxın tariximizin iki ən böyük şəxsiyyəti düşdü. Ə.Elçibəy və H.Əliyev. Əcəba bunlardan hansı qalib gəlmiş, qələbə sahibidir. Müqayisə üçün Islam tarixinə baxıb bu gün üçün nəticə çıxardım. Əziz peyğəmbərimiz Hz.Məhəmmədin həyatı başdan-başa mücadilə, zülm və məşəqqətdir. Amma qalib çıxan da Hz.Məhəmməddir.
Hz.Məhəmmədə daş atıb başını yaranlar, özünə və ailəsinə zülm edənlər, səhabəyə və ilk müsəlmanlara olmazın əzab verənlər müsəlman oldular. Müsəlmanlığa, daha doğrusu Islama qarşı vuruşanlar kəlmeyi-şəhadət oxudular, Hz.Məhəmmədin iman dilini qəbul etdilər və Islamın surətləri daxilində müsəlman oldular. Onların bir qismini Peyğəmbər əfəndimiz gördü. Böyük bir qismi peyğəmbər əfəndimizin vəfatından sonra gerçəkləşdi. Ölmək – yaşamaq, varlıq, yoxluq Allahın təqdiridir. Insan olan bir gün doğulduğu kimi, bir gün də ölməlidir.
Qələbə haqqın dəyəri ilə ölçülür. Qalib inamla və imanla var olan ölçü, qiymətdir.
Heydər Əliyev hakimiyyəti Elçibəyin əlindən aldı. Min oyunla nəinki Elçibəyi, eyni zamanda ona qarşı olanları da aldatdı və məhv elədi. Məsələn kimi? R.Quliyevi, S.Hüseynovu, R.Qazıyevi, Lalə Şövkəti, Rövşən Cavadovu… nə bilim kimi, kimi…
Rəqiblərinin, əslində onun məğlub olduğu tək adam Elçibəydir və tək qüvvə elçibəyçilikdir.
Nə üçün? Çünki H.Əliyev səmimi və ya qeyri-səmimi bilərəkdən və ya bilməyərəkdən Elçibəyin imanını, inamını, dilini, fəlsəfəsini qəbul etdi. KQB generalı, Kommunist Partiyasının liderlərindən biri milliyyətçi, milliyyətçi-demokratiya dilində danışmağa məcbur oldu. Deyə bilərsiniz və ya etiraz edə bilərsiniz ki, H.Əliyevi hakimiyyətə Elçibəy gətirdi.
Yox, əfəndilər, bəylər, xanımlar, bağışlayın, yanlış qənaətdəsiniz. Tarix, zərurət, determinativlik perspektivində deyil, təsadüf, vəsilə məntiqə ilə düşünürsünüz. Bəs onda H.Əliyevi hakimiyyətə kim gətirib? Cavab kəsədir.
H.Əliyevi hakimiyyətə biz hamımız birlikdə gətirmişik. Bizim əqidəmizdəki, imanımızdakı boşluq və puçluq H.Əliyevi hakimiyyətə gətirib. Bizim təcrübəsizliyimiz, sadəlövhlüyümüz, idealistliyimiz, namərd olmağımız, qandan qaçmağımız, demokratikliyimiz Heydər Əliyevi taxta gətirdi.
H.Əliyevi hakimiyyətə beynəlxalq mənfəət, sərvət gücü gətirib. Onların içində Rusiya da var, Amerika da var, Avropa da, Iran da, erməni, yəhudi lobbisi də, BP də, Statoyl da, o vaxtkı Amoko da.
H.Əliyevi hakimiyyətə Türk düşmənçiliyi, müsəlman imanına qarşı duranlar, Islamla barışmayanlar gətirib. Məsələn, PKK, məsələn, Süleyman Dəmirəl, məsələn, Rusiya hərbi-sənaye kompleksi…
Üzdə olanları buraxın getsin. Üzdə baş verənlər teatrdır. Bu teatrın arxa bağçasının mahiyyətini bilməyənlər üçün H.Əliyevi Elçibəy gətirdi…
Hələ hakimiyyətdə ikən Elçibəyin dediyi bir cümlə qulağımda sırğa, ürəyimdə yara kimi qalıb. “Yanıma gələn, məni sevən və sevməyən 100 adamdan 98-99-u H.Əliyevi gətir – deyir. Və təcrübə, güc, yaş… faktorları ilə fikirlərini sübut etməyə çalışırlar. H.Əliyev variantı mənim üçün düşdüyüm vəziyyətdə, yaşadığım beynəlxalq sosial fərdi basqı qaşısında ”pisin yaxşısı” prinsipi ilə seçimdən başqa bir şey deyil”.
Kələkidə ikili söhbətimizdə məşhur 8 saatlıq söhbəti soruşdum: Güldü – “8 saatın 7-ni öz tərcümeyi-halından, yaşadıqlarından, hünərlərindən, düşdüyü yazıq vəziyyətdən danışdı”- dedi. Şəxsən mən də bu məsələdə Elçibəyi suçlayanlardan biriyəm. Amma mən haqlı sayıla bilərəmmi?
Içimdən gələn bir səs deyir ki, yox, haqsızsan.
Ona görə haqsızsan ki, üzdə olanı görürsən, məsələnin kökünü, embrionunu, kontekstini unudursan. Və sən də o biriləri kimi öz günahını Elçibəyin boynuna qoymaqla canını qurtarmış sayırsan.
Məsələyə bir az sonra baş verənlərin məntiqi ilə baxaq. Bəli, H.Əliyev güclü adam idi. Təcrübəli idi, yaşlı idi…. bunlar hamısı öz yerində. Heç kəs H.Əliyev gücsüz, təcrübəsiz filan deyə bilməz. Amma bu güc şeytani gücdür. Çünki H.Əliyev nə ermənilərə, nə korrupsiyaya, nə hüquqsuzluğa qalib gələ bilməyib. Heç qalib gəlmək onun dəftərinin qırağında da olmayıb. O kişi öz xalqına qalib gələnlərdəndir. Öz xalqını şil-küt eləyib. Öldürdüyünü öldürüb, qaçırtdırdığını qaçırdıb, saldığını salıb, aldığını alıb.
Yaxşı, Elçibəy vəfat etdi. H.Əliyev də öldü getdi. Bəs onun gücsüz, təcrübəsiz, nə ilə məşğul olduğu hər kəsə bəlli olan oğlunu hakimiyyətə kim gətirdi?
Yenəmi Elçibəy, Kamil bəy?
Yox, Ilham Əliyevi də hakimiyyətə biz gətirmişik. Bizim dağım-dağım dağılmazlığımız, şəxsi ehtiraslarımız, maraqlarımız, evimizi Vətən bilməyimiz, “Mənə dəyməyən ilan min il yaşasın” fəlsəfəmiz…
Ilham Əliyevi hakimiyyətə kim gətirdi? Yenə o sıranı təkrar etməyə məcburam. Rusiya, Amerika, Avropa, Iran, BP, Süleyman Dəmirəl və onun davamçıları, sözdə qardaşlıq, erməni, yəhudi mafiyası və s., və i.
Zülmə dözmək hələ səbr deyil. Səbr zülmü dərk edib ona içindən etiraz etməkdir, zərrə-zərrə toparlanmaqdır, udduğun bir nəfəslik hava, yediyin bir loxma, içdiyin bir udum su o zülmü yox etmək üçün deyilsə, sən səbr etmirsən, sən səbr sahibi deyilsən.
Sən öz-özünü aldadan biçarəsən, yazıqsan, məğlubsan, Vətənsizsən, haqqı danansan…
Mühakimə hər kəsin öz içindən başlayır. Bilmirəm o mühakimənin adı vicdandır, namusdur… nədir, ancaq onu bilirəm ki, “Hər xalq öz idarəçisinə layiqdir” məntiqi yalan və şablon olduğu qədər də doğrudur, gerçəkdir və diridir.
Biz ölüyükmü, diriyikmi?
Biz dövlət və millət olaraq varıqmı, yoxuqmu?!
Bir ilin Elçibəyindən istədiklərimizi 20 ilin ata-oğul hökmdarlığından istəyə bilmirik. Çünki bizim dişimiz Elçibəyi parçalamaq üçündür, demokratiyanı yaralamaq üçündür.
Biz Nəmrudu sevirik, Ibrahim peyğəmbəri sevə bilmirik. Müaviyəni sevirik, son peyğəmbəri sevə bilmirik.
Rus ordusunu ölkədən çıxarana, test imtahanları ilə 70 illik fəsada son qoyana, ordu quruculuğunun böhranlı zamanında önəmli addımlar və təməl atana, milli pulumuzu gerçəkləşdirənə, demokratiyanın zərif toxumlarını əkənə, təmiz insana baş qaldırdıq, başımızı kəsənlərin yoluna xalı-xalça döşədik.
Bizim içimizdəki təslimçilik, qorxaqlıq, kiçiklik kompleksi, sadəlövhlük bizi aldatdı.
Içimizdəki o qara qul bu gün də Rüstəm Ibrahimbəyovu meydanda tək qoyur. Şərəfdən, millətdən danışan şairlər, yazarlar balaca dünyalarının küncündə oturub baş verənləri seyr etməklə məşğuldur. Ölkəni korrupsiya, rüşvət bürüyüb. Bu boyda Azərbaycan bir ailənin, üç-dörd mafiya babasının altında can verir.
Mənasız ədəbiyyat davalarının, ikiüzlü, riyakar jurnalist-dəllallar, qınlarına çəkilmiş alimlər, adını mömin, dindar qoymuş Şeyx Nəsirəddinlər, pul, sərvət ovçuları satmaqla, yaltaqlanmaqla şərə, şeytana xidmət edirlər. Susanların qəbahəti onlardan az deyil, bəlkə daha da çoxdur.
“Pencəyimi çiynimə salıb Qarabağa gedəcəm”. Hər yanımı “Qarabağda daşdan, torpaqdan başqa nə var ki?” “kəlamı” tamamladı.
“Biz hərbə hazırıq, düşməni məğlub etmək əzəmətindəyik” deyən Ali Baş Komandan uşaq başı aldadır. Bu uşaq sözlərinin nə içi var, nə çölü. Hərbi parad torpağımızı alan düşmənə deyil, ölkə daxilindəki potensial müxalifətə, əlbəttə, siyasi müxalifətə dağ çəkmək üçündür.
SSRI-nin Yeni Avrasiyaya çevriləcəyinə çox qalmayıb. Cəmi 3-4 ay. Azərbaycanın müstəqilliyi elə bir sual altına girib ki, bu sualdan Azərbaycanı qurtaracaq qüvvəyə inanmaq çox çətindir…
Mən bu yazını “Ey Kamil Vəli ”Xalqım, Millətim” deyib yazmadım. Oxuyacağınız yazını Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarından, onun sələflərindən və xələflərindən utana-utana, xəcalət içində yazdım. Göz yaşları içində yazdığımı gizlətmirəm, ancaq onu da vurğulamaq, altından çəhrayı xətt çəkmək istəmirəm. Çünki dünyada elə şeylər var ki, onun bəraəti nə göz yaşı, nə səmimi etiraf, nə də özünümühakimədir.
O kişilər və şəhidlərimizin ölməz ruhu məni bağışlasın…
Kamil Vəli