Dünyanın aparıcı insan haqlarının müdafiəsi təşkilatı olan “Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı hazırladığı hesabatına tanınmış vəkil Aslan Ismayılovun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində təzyiqlərə məruz qalması ilə bağlı məsələ daxil edilib. Bu barədə hesabatda deyilir:
“Aslan Ismayılov bir çox insan hüquqları ilə bağlı və siyasi həssas olan işlər üzrə fəaliyyət göstərmiş vəkildir. 2013-cü ilin May ayında məhbus Rəşad Ramazanlının döyülmə faktını ictimailəşdirdikdən sonra polis tərəfindən saxlanılıb, döyülüb və təhdid edilib.
17 may tarixində Ismayılov mətbuat konfransı təşkil edərək həbsdə olan Ramazanovun sağlamlığı barədə narahatlığını ifadə edib. Mətbuat konfransından bir neçə saat sonra Ismayılov jurnalistlərlə birlikdə Ramazanovun sağlamlıq durumunu öyrənmək üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin qarşısına gedib. BMCMI-nin qarşısında ona bir neçə polis əməkdaşı yaxınlaşaraq onlarla idarəyə getməsini istəyiblər. Polis əməkdaşları onu Nərimanov Rayon Polis Idarəsinə gətiriblər, orada idarə rəisi Ismayılova nəzakətlə ehtiyatlı olması barədə xəbərdarlıq edib. Bildirib ki, çox səs qaldırırsız və sizə aid olmayan işlərlə məşğulsunuz. Bundan sonra o, azad edilib. Sonrakı günlərdə Ismayılov Ramazanovun durumu barədə narahatlığını açıqlamağa davam edir.
30 may tarixində BMCMI-nin müstəntiqi Ismayılova bir neçə dəfə telefon zəngi açaraq onun idarəyə gəlməsini xahiş edir. Ismayılov idarəyə çatanda onu zirzəmiyə salırlar, orada müstəntiq onu təhdid edir ki, “əgər özünü yaxşı aparmasan həbs olunacaqsan” və qulaq nahiyəsindən yumruqla zərbə endirir. 30 dəqiqəlik söhbətdən sonra müstəntiq Ismayılovu azad etməmişdən öncə xəbərdarlıq edərək bildirir ki, “əgər canının qiymətini bilirsənsə sakit olacaqsan!”
Ismayılov dərhal Prokurorluğun qaynar xəttinə zəng edərək onlara bu barədə xəbər verir. 31 may tarixində Daxili Işlər Nazirinin birinci müavini Aslan Ismayılovu qəbul edərək hadisə ilə bağlı ona üzrxahlıq edir. Lakin Daxili Işlər Nazirliyinin mətbuata verilmiş rəsmi bəyanatında Ismayılova qarşı müstəntiq tərəfindən edilmiş hər hansı zorakılıq hərəkatı təkzib edilib”.