Qurumun sessiyasında seçkiyə hazırlıq səviyyəsi müzakirə olundu və önəmli mesajlar verildi
Sentyabrın 3-də Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası keçirilib. Müsavat Partiyasının qərargahında keçirilən sessiyanın gündəliyinə Milli Şuranın vahid vamizədinin seçki kampaniyasının təşkili məsələsi daxil edilib. Sessiyaya AXCP lideri Əli Kərimli sədrlik edib.
Əli Kərimli bildirib ki, Milli Şuranın vahid namizədi olaraq Cəmil Həsənli respublikanın hər yerində rəğbətlə qarşılanıb. Sosial şəbəkələrdə, mətbuatda verilən reaksiyalar da göstərir ki, Cəmil Həsənliyə çox pozitiv münasibət var. Bununla belə Milli Şuranı çətin seçki kampaniyası gözləyir. AXCP sədri əsas çətinlik kimi təşviqat materiallarının hazırlanması, kampaniyanın təşkili üçün lazım olacaq vəsaitin toplanmasını göstərib. O deyib ki, tələb olunan vəsait şəffaf şəkildə xalqdan, MIlli Şura tərəfdarlarından toplanmalıdır. Ə.Kərimli bildirib ki, seçki fondunun formalaşması üçün ilk addımı elə Milli Şuranın üzvləri atmalıdır.
İmzatoplama 124 dairəni əhatə edib
Seçki Qərargahının həmsədri, Müsavat Icra Aparatının rəhbəri Arif Hacılı çıxışında C.Həsənlinin imzatoplama kampaniyasının gedişinə dair son məlumatları çatdırdı: “Avqustun 31-də Milli Şuranın namizədinin imza vərəqələri bütün ölkəyə dağıdılıb. Imzatoplama kampaniyası 124 dairəni əhatə edir və artıq imzaların 90 faizi toplanıb. Imza vərəqələri Seçki Qərargahına gətirildikdən sonra MSK-ya təqdim edilməmişdən öncə, yoxlanışdan keçiriləcək. Imzaların toplanmasıyla bağlı müəyyən maneçilik olub. Mingəçevirdə, Gəncədə və Qazaxda imzatoplayan şəxslərə təzyiqlər göstərilib, onlar polis bölmələrinə dəvət ediliblər. Hazırda imzatoplama kampaniyası əvvəlcədən yaradılan 12 regional qərargah vasitəsilə idarə edilir. Bundan başqa, Cəmil Həsənlinin rəhbərliyi ilə Seçki Strateji Mərkəzi də yaradılıb ki, bu qurum da seçki ilə bağlı qərarların qəbuluna cavabdehdir. Namizədin adına açılan hesaba isə, indiyə olan məlumata görə, vətəndaşlar 509 manat vəsait köçürüblər”.
Seçki qərargahının həmsədri, AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə məlumat verib ki, təmsil etdiyi partiyanın öhdəsinə düşən 21 min imza artıq yığılıb, sentyabrın 4-ü saat 10 radələrində seçki qərargahına təhvil veriləcək.
O bildirib ki, 50 rayonda C.Həsənlinin namizədliyini dəstəkləyən təşəbbüs qruplarının yaradılması üçün yerli icra hakimiyyəti orqanlarına müraciətlər olub, lakin bu müraciətlərin heç birinə müsbət cavab verilməyib.
H.Kərimov məlumat verib ki, Milli Şura namizədinin hansı rayonlarda qapalı, hansılarda açıq hava şəraitində görüşlər keçirəcəyi də artıq müəyyənləşdirilib.
“Biz xalqin cibinə girməmişik və bununla fəxr edirik”
Milli Şuranın üzvü Mehriban Vəzir seçki təbliğatının aparılmasıyla bağlı təkliflərlə çıxış etdi. M.Vəzir Milli Şuranın seçki kampaniyasının qurulmasında xalqın həm mənəvi, həm də maddi dəstəyinə ehtiyacı olduğunu söylədi: “Bəzən bizə gülürlər ki, demokratların seçki kampaniyası aparmağa vəsaitləri yoxdur. Bizim üstünlüyümüz namizədimizin cəmiyyətdə böyük nüfuza sahib olmasındadır. Bizim korrupsiyada əlimiz yoxdur. Biz xalqin cibinə girməmişik və bununla fəxr edirik. Bizim üstünlüyümüz güvəndiyimiz namizədimizin xalqımızın dəyərlərinə üstünlük verməsidir”.
Hüquqşünas Vidadi Mirkamal təklif edib ki, vaxt azlığını nəzərə alaraq Milli Şuradakı ziyalılar partiyaları gözləmədən əyalətlərə gedib təbliğat-təşviqat işilə məşğul olsunlar. O, vahid namizədin seçki platformasının MŞ-nin gələn sessiyasınadək hazırlanıb müzakirəyə çıxarılmasını da təklif edib.
Milli Şuranın KXCP-dən üzvü Bəybala Əbil deyib ki, seçki kampaniyasına könüllülərin cəlb olunması yaxşı ideyadır, lakin ilk növbədə qurumun öz üzvlərinin potensialı səfərbər edilməlidir. O təklif edib ki, rəsmi qurumlardan Ilham Əliyevin namizəd olmaq üçün verdiyi gəlir deklarasiyası tələb olunsun.
İlham Əliyev mülkləri ilə bağlı cavab verməlidir
Milli Şuranın üzvü Seymur Həzi vurğuladı ki, Milli Şuranın imzatoplama kampaniyasının uğurla davam etməsi demokratik qüvvələrə olan dəstəyin ifadəsidir. S.Həzi hesab edir ki, Milli Şura qarşısında duran siyasi qüvvənin kimliyini bütün dünyanın diqqətinə çatdırmalıdır: “Ilham Əliyev iki ildən artıqdır ki, dünya mediası tərəfindən ardıcıl ifşa olunur. Bu ifşalardan biri Ilham Əliyevin offşor zonalardakı qanunsuz şirkətləri ilə bağlı idi. Azərbaycan prezidentliyinə 3-cü dəfə qanunsuz şəkildə iddia edən şəxs hansısa bir şirkətin rəhbəridir. Ona görə biz həm MSK-ya, həm prokurorluğa bununla bağlı müraciət etməliyik. Onun deklorasiyası gözdən keçirilməlidir. Prokurorluq Ilham Əliyevin mülkləri ilə bağlı cavab verməlidir”.
Professor Hacıbaba Əzimov da çıxışında Cəmil Həsənlinin prezidentliyə namizəd kimi rəğbətlə qarşılandığını deyib. O bildirib ki, Cəmil bəy ciddi elm adamıdır, onun ardınca gedənlər yanıla bilməzlər.
Milli Şuranın üzvü Kamil Vəli Nərimanoğlu çıxışında vurğuladı ki, son iyirmi ildə ilk dədəfdir ki, demokratik qüvvələr bir araya gələrək ziyalı sözünə bu qədər önəm verib: “Xalq hərəkatı başlayanda ziyalılara bu qədər önəmli qiymət verilməyib. Bu bizim namizəddir və biz onu müdafiə etməliyik. Heç Elçibəyə belə bu qədər siyasi baxımdan dəstək olmamışdı. Hazırda Milli Şuranın namizədi cəmiyyətin də böyük rəğbətini qazanıb. Dünyada gedən demokratik proseslər ölkəmizin xeyrinədir. Bu isə bizim qələbəyə daha çox yaxınlaşmağımız deməkdir”.
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov isə çıxışında bir neçə təklif səsləndirib: “Hesab edirəm ki, Rüstəm Ibrahimbəyovun namizədliyini əngəllədiyinə görə Milli Şura tərəfindən Rusiya hakimiyyətinin əməllərinə münasibət bildirilməlidir. Bundan başqa, seçki komissiyalarının üzvlərinə saxtakarlıq etməmələri və bunu edəcəklərsə, məsuliyyət daşıyacaqları haqda məktub-müraciət göndərilməlidir. Eyni zamanda biz hakimiyyətin yürütdüyü qara piar kampaniyasına da reaksiya verməliyik. Hakimiyyətdən tələb olunmalıdır ki, internetde qara piarla məşğul olan saytlarla bağlı ölçü götürsün”.
N.Ədilov hesab edir ki, Milli Şura bundan başqa, ITV-dən vəzifəsinə uyğun olaraq Milli Şuranın tədbirlərini qərəzsiz şəkildə işıqlandırmasını da tələb etməlidir.
Gənclərə mesajlar ünvanlanmalıdır
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı təklif edib ki, vahid namizədin əsas hədəf qruplarından biri gənclər olmalıdır. Tələbələr, işsiz gənclər, xaricdə yaşayıb-işləyən, təhsil alan gənclərə yönəlik mesajlar müəyyənləşməlidir.
KXCP sədri Mirmahmud Mirəlioğlu Cəmil Həsənlinin uğurlu namizəd olmasından danışıb və bildirib ki, Milli Şuranın seçkini udmaq şansı yüksəkdir. “Bu seçkidə tərcümeyi-hallar yarışacaq və bu yarışda Milli Şura namizədinin üstünlüyü birmənalıdır”- deyə o qeyd edib.
Müsavat başqanı Isa Qəmbər əməli işi gücləndirməli olduqlarını deyib. O bildirib ki, namizədin qeydiyyatı üçün tələb olunan 45 min imzanı toplamaqla işi bitmiş saymaq olmaz. Seçicilərin hər birinin qapısına getmək, onlarla fərdi qaydada iş aparmaq lazımdır: “Artıq söz mərhələsindən iş mərhələsinə keçmişik və fərq görünür. Milli Şuranın böyük qüvvə olduğu bilinir. Qısa müddətdə imzaları toplayıb qurtarmaq üzrəyik. Bu, gücümüzü göstərir. Amma əsas iş qabaqdadır, seçki dövründəki kampaniya nəhəng bir işdir. Iki milyon ailənin qapısına gedib sözümüzü çatdırmalıyıq. Biz bu il qalib gələ biləcəyik, yetər ki, işlərimizi düzgün quraq”.
“Cəmiyyətdə ədalət yoxdur”
Sonda çıxış edən Milli Şuranın vahid namizədi Cəmil Həsənli sessiyanın işindən razı qaldığını bildirib. O deyib ki, indiyədək görülən işlərdən razıdır. “Mən bütün Milli Şura üzvlərinə təşəkkür edirəm. Belə bir şəraitdə müxalifət düşərgəsində olmaq fədakarlıqdır”, – deyə o qeyd edib.
C.Həsənli “EL” hərəkatı rəhbərlərinin prokurorluğa çağırılmasına da toxunub və bundan narahat olduğunu dilə gətirib: “Azərbaycan böyük siyasi kampaniyanın içərisindədir. Prezident seçkiləri elan olunub və bu istiqamətdə iş gedir. Amma diqqət yetirin, ölkədə nələr baş verir. Vətəndaş cəmiyyəti qurumları hansı təzyiqlərə məruz qalır. KXCP-nin qərargahında təxribat törədilib, ”EL” hərəkatının rəhbərliyi qurama ittihamlarla hədəfə alınır. Ölkədə kifayət qədər cinayət işi açılmalı adamlar və hadisələr olduğu halda hakimiyyətin total hücumunu görürük. Biz iyirmi ildə bu şeyləri görə-görə gəlmişik. Insanları bu cür ittihamlarla qorxutmaq əbəsdir. Mən bütövlükdə müxalifət fikrin daşıyıcılarına təşəkkürümü bildirirəm. Çünki bizim dostlarımız arasında mübahisə onun üstündə getmir ki, nəyə görə işin çoxunu mənə tapşırmısan, mübahisə niyə mənim payıma az iş düşüb uğrunda gedir”.
Ölkədə seçki mühütünün olmadığını deyən C.Həsənli vurğulayıb ki, xalqın seçki haqqı daha da məhdudlaşır: “Bu günləri faktiki olaraq Konstitusiyanın birinci maddəsi işləmir. Qarşımızda duran ən böyük vəzifə xalqın seçim haqqının özünə qaytarılmasıdır. Cəmiyyətdə ədalət yoxdur. Bu millət iyirmi ildir halallıq arzusundadır. Əhalimizin ləyaqətli həyata, ədalət prinsiplərinə böyük arzusu var. Biz bu inamı doğrultmağa çalışacağıq. Təbliğata start verilmədiyi halda artıq namizədlərdən birinin təbliğatı gedir. Şübhəsiz, dövlət başçısının təbliğatı haqqında məlumat getməlidir. Amma bu informasiyalar saniyələrlə ölçülməlidir. Azərbaycan xalqı daha ləyaqətli həyata layiqdir. Azərbaycan xalqından başqa sərvətlərimizlə idarə edən bütün işbazlar milyarderlərə çevriliblər. Neft gəlirləri artdıqca yoxsulaşan yalnız Azərbaycan xalqıdır. Bu millətin sərvətinə sahiblik haqqı xalqın özünə keçməlidir”.
Sessiyaya AXCP sədri Əli Kərimli yekun vurub.
O, diqqətə çatdırıb ki, sessiyada düzgün olaraq dövlət başçısının seçki qanunvericiliyini bir neçə dəfə pozduğu qeyd olundu. Ona görə də Milli Şuranın müvafiq qrumları MSK-ya bununla bağlı müraciət etməlidirlər. Eyni zamanda ölkədəki antidemokratik seçki mühiti ilə bağlı alternativ seçki hesabatı hazırlanaraq beynəlxalq birliyə təqdim edilməlidir: “Dünya bilməlidir ki, biz hansı məhrumiyyətlərlə seçkilərə gedirik. Sessiyada seçki öncəsi dövrdə baş vermiş bir sıra qanunsuz hərəkətlərdən söhbət açıldı. ”EL” Hərəkatına qarşı hüquq mühafizə orqanlarının başlatmaq istədikləri qeyri-qanuni müdaxilələr, KXCP-nin qərargahına qarşı edilən basqıyla bağlı Milli Şuranın adından münasibətimiz ifadə olunacaq. Milli Şuranın təşkilatlanmasına da olduqca ciddi yanaşmalıyıq. Icra Aparatının və Komissiyaların fəaliyyəti yüksək səviyyədə qurulmalıdır. Milli Şura ona millətin etimadını doğrultmaq gücündə olan bir qruma çevrilməlidir. Milli Şuranın üzvü olan ziyalılar başda olmaqla, bütövlükdə Azərbaycanda vətəndaş cəmiyyətinin nümaynədələrinin, ziyalıların bizimlə çiyin-çiyinə bölgələrdə təbliğat aparmasıyla bağlı xüsusi proqramın hazırlanmasına ehtiyac var. Seçki fondunun yaradılması qarşımızda duran ən mühüm vəzifələrdən biri olmalıdır. Bizim hesaba toplayacağımız vəsaitlər nə Cəmil müəllim, nə müxalifət üçündür. Cəmil bəyin böyük sərvəti yoxdur. Amma 90-cı ildən gücü çatdığı qədər demokratik hərəkata dəstəyini verib. Fövqəladə vəziyyət rejimində bizim Gürcüstanda çap etdirdiyimiz, Qənimət bəyin yazısında xüsusi ilə qeyd etdiyi “Yurd” qəzetinin maliyyə yardımçısı məhz Cəmil bəy idi. Bizim seçki fonduna toplayacağımız vəsait bizim Azərbaycanın gələcəyi üçün qoyduğumuz investisiyadır. Ən yaxın müddətdə Milli Şuranın növbəti toplantısı təyin edilməlidir. Sentyabrın 16-da təşviqat kampaniyası başlayır. O vaxta qədər bütün təşviqat materialları hazır olmalıdır. Xalqımıza Milli Şuranın mesajını çatdırmalıyıq. Imkan vermək olmaz ki, qarşıdakı seçim yarışması Milli Şura ilə hakimiyyəti zəbt etmiş iqtidar arasında getsin. Milli Şura böyük qüvvədir. Biz bütövlükdə ona nail olmalıyıq ki, Cəmil Həsənli Milli Şuranın yox, xalqın namizədi kimi hakimiyyəti qəsb edənlərlə mübarizəyə öncüllük etsin. Və bizim hamımızın dəstəyi və Allahın köməkliyi ilə bu kampaniyadan da qalib çıxsın”.