Dünən həbsdəki siyasi məhbuslardan Hilal Məmmədovun ad günü idi. Təbrik edirik. Amma dünən həm də Hilal bəyin dəmir barmaqlıqlar ardından Ilham Əliyevə dəstək məktubu yayıldı.
Son bir neçə gündə üçüncü belə dəstək məktubudur bu.
Daha əvvəl Fərhad Əliyevin, sonra hüquq müdafiəçisi Ilham Əmiraslanovun türmədən Ilham Əliyevi dəstəklədiklərinə dair məktubları yayılmışdı.
Indi də Hilal Məmmədov. Növbəti kimdir? Bilmirəm. Önəmli olan heç bu sualın cavabı da deyil.
Önəmli olan o məktubların necə yazıldığı – yazdırıldığıdır. Məsələn, Ilham Əmiraslanovun məktubundan günlər əvvəl mediaforum-a müsahibə vermişdi, siyasi məhbus olduğunu demişdi, amma qəfildən məktubu ortaya çıxır, məlum olur ki, özünü siyasi məhbus saymır, hələ üstəlik Ilham Əliyevi də dəstəkləyir. Kiçik zaman içərisindəki bu çevrilmənin sirrini ağlı başında hər kəs anlayır.
Anlaşılmayan bir rejimin öz vətəndaşlarını sındırmaqdan bu qədər zövq almasıdır. Həm deyirlər “güclü Azərbaycan qururuq”, həm də insanları zəiflədirlər, acizləşdirirlər, onları ən ağılalmaz yollarla əyir, sındırır, müti düzəldirlər. Lap tutaq ki, kimisə işgəncə, hədə-qorxu, kimisə şirnikləndirmə yolu ilə öz tərəfinizə çəkdiniz. Bəs sonra? Hə, bəs sonra? Axı bununla haracan getmək olar?
Adamların qəlbini, beynini öz ideallarınızla, dəyərlərinizlə fəth etmədən, onların qəlbinə öz ideallarınızla, dəyərlərinizlə girmədən, yalnız zor, məcburiyyət qarşısında onları öz ətrafınıza “svarka” etməklə nəyə nail olmaq mümkündür? Indiyədək bu yolu seçənlərin aqibəti sizə heç nə demirmi? Lap elə SSRI-nin acınacaqlı sonluğunu xatırlayın. Bu ki, uzaq tarix deyil. Ciblərə zorla partiya bileti dürtüşdürməyin, hamıdan zorən “leninçi”, “stalinçi” düzəltməyin axırını görmədinizmi? Adamları repressiya ilə, təzyiqlə, təhdidlə susdurub, onlara “səmimi peşimançılıq” məktubları yazdırıb, onları nələrinsə müqabilində partiya və hökumətin ətrafında birləşdirib çox uzağa getməyin mümkünsüzlüyünü hamılıqla yaşamadıqmı? Indi bu məğlub yolu yenidən getməyin anlamı nədir, mənası nədir? Hər şey əlbəttə, sonadək belə davam etməyəcək, gec-tez, əvvəl-axır bu ölkə aydınlığa qovuşacaq, azadlığa, çağdaşlığa qovuşacaq, bax o zaman bu günün çirkli idarəetmə və islahetmə metodları da bütün çılpaqlığı ilə gün işığına çıxacaq. Necə ki, 70 illik Sovetlər dönəmi ilə bağlı heç nə gizli qalmadı. Artıq o illər haqqında ağrısız və utancsız danışa bilmirik. Bax illər sonra eyni şey sizin hakimiyyət çağlarınız üçün də keçərli olacaq. Barı bunu düşünərək, göz önünə alaraq uğurlu heç nə vəd etməyən metodlardan imtina etmək mümkün deyilmi?
Hətta faşist konslagerlərində də belə etmirdilər. Heç kimin ağlına min bir işgəncə verilən insanlara Hitleri dəstəkləmək haqqında bəyanat yazdırmaq gəlmirdi. Axı bu doğrudan da çox gərəksiz və mənasız bir işdir. Bilə-bilə ki, o insanın içinə, qəlbinə tamam başqa hisslər, duyğular, fikirlər hakimdir, amma ona bu hisslərin, duyğuların, fikirlərin əksini diqtə etmək, sənə sərf edən cümlələr yazdırmaq, söylətmək nəyə yaraya, nə fayda gətirə bilər? Faydası, yararı bir yana qalsın, hələ üstəlik, beldə üsulların, metodların bir toplumun mənəviyyatında hansı dərin yaralar, şırımlar açdığının doğrudanmı fərqində deyilsiniz? Elə yaralar, elə şırımlar ki, onları sağaltmadan həmin toplum heç işğaldakı torpaqlarına da sahib çıxa bilməyəcək. Çünki hər sındırılan insanla xalqın bütövlükdə müqavimət ruhu, mübarizə əzmi də sınır. Ruhsuzlaşır, qorxaqlaşır.
Bu gün Azərbaycan insanını öz hakimiyyət maraqları naminə həbslərlə, döyülmələrlə, şərləmələrlə, şantajlarla gözüqıpıq etməyə, müti etməyə, sındırmağa çalışanlar unutmasınlar: biz elə bir çağda yaşayırıq ki, artıq bir ölkənin qüdrəti güclü ordusu ilə ölçülmür. Güclü vətəndaş cəmiyyəti ilə ölçülür. Ruhca, beyincə güclü insanları ilə ölçülür.
Odur ki, arxasında korrupsiyanı, talanları, oğurluqları gizlətdiyiniz Qarabağ sevginizdə azacıq səmimisinizsə, bu xalqın fərdlərini zəifə, acizə, məğluba çevirməkdən, onları zorla, güclə mütiləşdirməkdən əl çəkin.
Yaddan çıxarmayın: yalnız insanları azad olan bir ölkə torpaqlarını da hər cür işğaldan azad bilər.