“21-ci əsrdə ölkəmizdə qul əməyini bərpa ediblər”
“Milli Şuranın ilk addımlarından biri işçi hüquqlarını təmin etmək olacaq”
AXCP sədri Əli Kərimli ölkədə işçi hüquqlarının pozulmasına dair qeydlərini paylaşıb. AXCP sədrinin rəsmi Facebook səhifəsində paylaşdığı yazını təqdim edirik:
– Yaşadığım binanın ətrafında 4 yerdə tikinti işləri gedir. Betonqarışdıran maşınların səsləri, ətrafdakı toz-torpaq, tikintidəki hay-küy hətta gecələr də davam edir. Artıq neçə aydır ki, məhəlləmizdəki yüzlərlə ailə (yaşlılar və uşaqlar da daxil) gecələr normal yatmaq imkanından da məhrum olub. Amma bu tikintidə çalışan fəhlələrin hansı qeyri-insani şərtlər altında çalışdıqlarını görmək mənim üçün yuxarıda təsvir etdiklərimdən daha böyük əziyyətdir. Səhər saat 8-də də, 40 dərəcə istidə də, axşam saat 10-da da, hətta bəzən gecə saat 2-3-də də onlar iş başındadırlar.
Məlumdur ki, hökumətin tikinti işlərinə xüsusi marağı daha çox bundan korrupsiya vasitəsilə daha asan və daha çox pul mənimsəyə bilmələrilə bağlıdır. Amma o da faktdır ki, bu işlər həm də 100 minlərlə insan üçün müvəqqəti də olsa iş yeridir. Deməli, həm də xalqı məşğul edib, başını qatmaq imkanıdır. Bu zəngin ölkənin kasıb vətəndaşları elə acınacaqlı vəziyyətə salınıblar ki, hansısa tikintidə müvəqqəti də olsa iş tapanda sevincək olurlar. Heç ağıllarına da gəlmir ki, əmək müqaviləsi və normal iş şəraiti tələb etsinlər. Azərbaycanın sərvətlərinə sərəncam verən oliqarxlarda isə insaf adına bir şey olmadığından 21-ci əsrdə ölkəmizdə qul əməyini bərpa ediblər.
Ölkəmizdə 100 minlərlə zəhmətkeş insan dəhşətli dərəcədə istismar edilir. Onlar üçün istirahət günləri, məzuniyyət, 8 saatlıq iş rejimi çoxdan ləğv olunub. Bu insanları gün ərzində 10-14 saat işlədirlər. Bir qayda olaraq onlarla əmək müqaviləsi imzalanmır, onların adına pensiya fonduna ödəmələr edilmir (yaşlananda da normal pensiya ala bilməyəcəklər), tikintidə təhlükəsizlik qaydalarına əməl olunmur. Aldıqları əmək haqqı da ölkədəki qiymətlərin müqabilində qəpik-quruşdur. Təkcə tikintidə deyil, ümumiyyətlə heç bir sahədə işçi hüquqları qorunmur. Azərbaycanlılar eyni işin müqabilində bəzən əcnəbi həmkarlarından 8-10 dəfə az əmək haqqı alırlar.
Milli Şuranın prezidentliyə vahid namizədi professor Cəmil Həsənlinin vətəndaşlarımızın bu hüquqsuz vəziyyətindən nə qədər çox narahat oldugunu yaxşı bilirəm. Qalib gələcəyi təqdirdə Cəmil müəllimin və bütövlükdə Milli Şuranın ilk addımlarından biri işçi hüquqlarını Əmək Məcəlləsinə tam uyğun şəkildə nizamlamaq olacaq. Əməkçilərin normal və təhlükəsiz iş şəraiti, istirahət hüququ təmin olunacaq. Onlarla əmək müqaviləsi imzalanacaq, əməklərinə müvafiq yüksək və qanuni məvacib alacaqlar. Çalışdıqları illərdəki ödəmələr hesabına yaşlananda da normal pensiya təminatları olacaq.
Amma təəssüf ki, həyatını köklü şəkildə yaxşılaşdırmaq istədiyimiz bu adamların çoxunun sosial şəbəkələrə, internetə çıxışı yoxdur, mesajlarımız onlara çatmır. Onlar qəzet ala bilmirlər, ölkədə baş verənlərdən xəbərsizdirlər. Sözün birbaşa mənasında çörək və mövcudluq uğrunda ağır mübarizə aparırlar. Bəlkə heç onların hüquqları uğrunda mübarizə aparanları tanımırlar da. Gənc dostlar, bizim mesajlarımızı həmin zəhmətkeş insanlara çatdırın. Qoy bilsinlər ki, demokratik dəyişikliklər ilk növbədə onların həyatını dəyişəcək. Haqq etdikləri normal və təminatlı insan həyatına qovuşacaqlar.