Ilham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyi təsdiqləndi. Deyəcəksiniz, bunda nə var? Bəyəm təsdiqlənməyə də bilərdi? Haqlısınız. Amma bu, sadəcə sıradan bir namizədlik təsdiqi deyildi. Bu, dünyanın ağlıbaşında toplumlarının, sivil cəmiyyətlərinin və demokratiyaya, azadlıqlara, Milli iradəyə azacıq sayğısı olan hakimiyyətlərinin özünə rəva görmədiyi bir eyibin təsdiqi idi. Bəli, üçüncü müddətə prezidentlik artıq çağdışı qəbul olunur. Bir dövlət və toplum üçün geriyə addım sayılır. Tərəqqinin önünü kəsmək hesab edilir. Demokratiyanın sırtına xəncər vurmaq kimi qiymətləndirilir.
Yaptokratlar bizə bunu rəva gördülər. Adını dünyaya türk və müsəlman Şərqinin ilk demokratik Cümhuriyyətini yaratması ilə duyuran Azərbaycan indi Qafqazın ilk monarxiyasına çevrilir. Hə, nə ermənilər, nə gürcülər özlərinə bunu rəva görməmişdilər. Guya Köçaryanın, ya da Saakaşvilinin ağlına gəlməmişdimi ki, taxt-tacı başqasına təhvil verməsinlər, onu öz şəxsi mirasına çevirsinlər. Ya da ağıllarına gəlmiş, amma bacarmamışdılarmı? Sadəcə, öz ölkələrinin 21-ci əsrin ruhuna, dəyərlərinə zidd bir yolla yürüyərək, tərəqqipərvər bəşəriyyətin gözündən düşməsini istəməmişdilər. Fərqinə varmışdılar ki, bu, onların ölkələrinin üzərində necə ağır bir damğaya çevriləcək.
Amma bizdə bunu düşünən və hesablayan olmadı. Hakimiyyət və sərvət ehtirası qalib gəldi. Çağdaş dünyada “bir şəxsin əvəzedilməzliyi” sindromuna tutulan ölkələrə başqalarının necə ikrahlı və ironiyalı münasibət bəslədiyi unuduldu. Azərbaycanı hətta haqq işində belə haqsız duruma salacaq antidemokratik, çağdışı niyyət rəsmiləşdi.
Bu gün bu eyibin Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni, sivill inkişafı üçün nə qədər sarsıdıcı zərbə olduğunu kimsə dərk etməyə bilər. Amma acılarını, ağrılarını birlikdə yaşayacağıq və bəlkə də onda hər şey artıq çox gec olacaq. Son onilliklərin vurduğu yaraları sağaltmaq üçün artıq ikiqat, üçqat, beşqat artıq zaman və enerji tələb ediləcək. Çox geri düşəcəyik, çoox.
Hələ ki, ümidlər qalır. Ümidlər var ki, biz payızda gələcəyimizi xilas edə bilərik. Ölkənin daha neçə yüz il geri atılmasının önünə keçə bilərik. Rəsulzadələrin, Ağaoğluların, Üzeyir bəylərin, Xoyskilərin, Zərdabilərin bu ölkəyə daşımaq istədikləri dəyərlərin üzərindən tamamilə xətt çəkilməsinin, Azərbaycanı krallıq, padşahlıq çağlarına götürülməsinin qarşısını ala bilərik. Gəlin inanaq ki, Cəmil Həsənlinin öncüllüyündə bunu bacaracağıq. Amma bunu unutmamaq şərti ilə: hələlik sadəcə, vahid namizəd müəyyənləşib. Əsas məsələ isə qalır: hədəflər, məqsədlər bütünlüşməlidir. Hər kəs bacardığı qədər əlini daşın altına qoymalıdır. Bütün qəlbi və ruhu ilə bəşəri dəyərlərin yanında olan, 21-ci əsrdə bir ölkənin krallığa aparılmasını içinə sindirə bilməyən, türk və müsəlman Şərqinin ilk Respublikasını quran…
Ilk operasını yaradan…
Ilk qəzetini açan…
Ilk teatrının bünövrəsini atan…
Ilk dəfə seçib-seçilmək azadlığını tanıyan bir toplumun bir şəxsin əvəzedilməzliyinə məhkum olmasından vicdanı sızlayan kimsə yaxasını kənara çəkməməlidir. Hətta dimdiyində su ilə yanğını söndürməyə çalışan qaranquş qədər də nəyisə bacararsa, onu etməlidir.
Tarix və gələcək nəsillər bugünkü ən kiçik xidməti belə, böyük hərflərlə yazacaqdır.
***
Mən bu sətirləri yazıb nöqtə qoyarkən Cəmil bəyin dünən “Azadlıq”dakı müsahibəsindəki bir məqama ilişib qaldım.
Cəmil bəy zamanında Ziyalılar Forumunda bərabər olduğu bir çox tanınmışların ona dəstək verib-verməyəcəyi barədə sualı belə cavablandırır: “Bu qərar onların özünün olmalıdır. Belə qərar olmasa belə, mənim ürəyimə xal düşə bilməz”.
Razı deyiləm.
Azərbaycan adına bu qədər önəmli zamanda kimsənin, xüsusilə də özünü ziyalı, aydın sayanların seyrçi qalmaq haqqı yoxdur. Özündə bu haqqı görən ən doğmamız olsa belə, qəlbimizə xal da düşməlidir, hələ o tərəfə də keçməlidir.
Unudulmamalıdır: Azərbaycan elə günlərdən keçir ki, bu gün xalqla bir yerdə olmayanlar bir də heç vaxt xalqla bir yerdə ola bilməzlər.
Qəlbimizə xal düşməlidir ki, 9 oktyabrda tariximizə ləkə düşməsin.