Milli Şuranın ehtiyat namizədi kimi seçilən tanınmış ziyalı, professor Cəmil Həsənli cəmiyyətdə Milli Şuranın yeni namizədi kimi və gözlənildiyindən yüksək səviyyədə qəbul edildi. Mənim müşahidələrim çox sevindirici oldu: siyasi fəallığı olmayan insanlar arasında da Cəmil müəllimin namizədliyi rəğbətlə qarşılanıb. Mən artıq inanıram ki, Cəmil müəllim həlledici səviyyədə səs toplayacaq.
Öncə biz özümüz buna inanmalıyıq və əgər kimlərsə hələ də təmiz, ziyalı bir insanın mafioz, quldur hakimiyyətin namizədinə necə qələbə çalacağına inanmırsa, onda həmin insanlara deməliyik: Cəmil müəllim tək deyil. Onun namizədliyini ölkənin ən böyük müxalifət təşkilatları, tanınmış insanlar, bütün narazı xalq müdafiə edir. O, demokratik qüvvələrin birliyi olan bir qurumun namizədidir. Aşağıda mən sizə bircə anlığa əyani görmək üçün “Cəmil Həsənli + (plyus)” siyahısının qısa bir hissəsini təqdim edirəm:
Cəmil Həsənli + Rüstəm Ibrahimbəyov + Mehman Əliyev + Isa Qəmbər (+ Müsavat) + Əli Kərimli (+ AXCP) + Mirmahmud Fəttayev (+ KXCP) + Lalə Şövkət ( + Liberal Partiyası) + Milli Şuraya daxil olan digər partiyalar + Eldar Namazov+
+ Emin Milli + Ənnağı Hacıbəyli + Arzu Abdullayeva + Leyla Yunus + Fuad Ağayev + Gültəkin Hacıbəyli + Ibrahim Ibrahimli + Kamil Vəli Nərimanoğlu + Aqil Səmədbəyli + Leyla Əliyeva + Mirvari Qəhrəmanlı + Mehriban Vəzir + Musa Yaqub + Namizəd Səfərov + Rəşid Hacılı + Vidadi Mirkamal + Yaşar Cəfərli + Zamin Hacı + Elnur Astanbəyli + Aslan Ismayılov+
+ Qurban Məmmədov + Rəşadət Axundov + Rəşad Həsənli + Üzeyir Məmmədli + Zaur Qurbanlı + Ilkin Rüstəmzadə + Məmməd Əzizov + Bəxtiyar Quliyev + Şahin Novruzlu + Daşqın Məlikov + Tofiq Yaqublu + Hilal Məmmədov + Yadigar Sadıqov+
+ NIDA + Azad Gənclik + yeni gənclik + yeni nəsil yazarlar +
+ narazı, əzilən xalq!
… Bu siyahıda mən daha çox adamın adını yaza bilərdim, sadəcə, birnəfəsə yadıma düşənləri və mövqeyini tam bildiyim şəxsləri qeyd etdim. Məncə, adları çəkilənlər və çəkilməyənlər seçki dövründə “Cəmil Həsənli mənim namizədimdir” rubrikası ilə çıxışlar etdikcə böyük bir siyahı və mənzərə yaranacaq. Cəmil müəllim birliyin namizədidir və onun gücü birlikdədir.
Bundan əlavə, ola bilsin kimlərsə tanınmış bir alimi bütöv bir ölkənin idarəçisi kimi təsəvvür etməkdə çətinlik çəkə bilər. Başa düşürük, uzun illərdir ölkəni yırtıcı insanlar idarə edib, ona görə də insanlara çətin görünə bilər bu. Amma bir şeyi unutmayaq, Rüstəm Ibrahimbəyov kimi Cəmil Həsənli də prezident seçildikdə 2 illik Milli Etimad Hökuməti yaratmaqla bağlı öhdəliyə imza atıb.
Siz onu dəstəkləməklə, ona səs verməklə, əslində demokratik qüvvələrin Milli Etimad Hökumətinə səs vermiş olursunuz. Kimlərsə səmimi olaraq Cəmil müəllimin idarəçilik təcrübəsinin tam bəs etməyəcəyini düşünə bilər, amma onun rəhbərlik etdiyi hökumət güclü partiyalarla, siyasi liderlərlə birlikdə qurulacaq.
Siz Cəmil müəllimə səs verərkən birləşmiş müxalifətə və onların birliyində təmsil olunan məşhur ziyalılara, iqtisadçılara, hüquqşünaslara, təcrübəli kadrlara səs vermiş olursunuz. Siz birləşmiş müxalifətin qarşısında öhdəliyi olan bir namizədə səs verirsiniz. Həm də 2 ildən sonra bu namizəd yeni prezident seçkilərinə qatılmayacaq və heç bir namizədi dəstəkləməyəcək.
Cəmil müəllimin gücü odur ki, özü siyasətçi olmasa da, siyasi və ictimai xadim kimi təcrübəsi də var və ən başlıcası, güclü siyasi komandanın namizədidir. Bəli, düz deyirlər, xalqın namizədidir.