“Azadlıq” qəzetinin saytına haker hücumu dayanmır. Məlumat vermişdik ki, avqustun 16-dan təkcə saytın serverini yox, həm də sayta server xidməti göstərən şirkətin özü hədəf alınıb. Yəni hakerlər şirkətin DNS serverini sıradan çıxarmaq istəyirlər. Lakin görünür, bunu bacarmadıqlarından bütün diqqəti yenidən DDOS tipli hücumla saytın serverini çökdürməyə yönəldiblər. Avqustun 16-ı saat 23 radələrindən etibarən saytın serverinə hücum yenidən şiddətlənib. Hücumu nəticəsində saytımızın fəaliyyəti bu gün saat 13.30 radələrindən başlayaraq bir neçə dəqiqəlik dayanıb.
Nə qədər təsadüfi görünsə də, saytın dayanması Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun artıq anonsu ilə ciddi maraq doğurmuş müsahibəsi sayta yerləşdiriləndən bir neçə dəqiqə sonra baş verib.
Qəzetin rəhbərliyi hesab edir ki, sayta son hücum ümumən hakimiyyətin “Azadlıq”ı susdurmaq niyyətinin tərkib hissəsi olsa da, indiki halda daha çox Milli Şuranın 18 avqust mitinqi ilə əlaqədardır.