Sabiq deputata seçkiyə qədər səbr etmək məsləhət görülüb
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin “mandat alveri”lə bağlı videosundan sonra həbs edilən sabiq deputat Gülər Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun APA-ya verdiyi məlumata görə, Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin 3 ay uzadılması barədə qərar qəbul olunub. Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.1-ci maddələri ilə təqsirləndirilir.
Xatırladaq ki, Gülər Əhmədovanın avqust ayına kimi vəkillərinə mətbuata açıqlama verməyi qadağan etməsi sabiq deputatla hakimiyyət arasında hansısa anlaşmanın olması barədə mülahizələrə səbəb olmuşdu. Ehtimal edilirdi ki, hakimiyyət Gülər Əhmədovanı azadlığa buraxacaq. Sabiq deputatın psixiloji durumunda problemlərin olması yaxınlarının mətbuata verdiyi açıqlamalar da anlaşmanın tərkib hissəsi hesab edilirdi. Bildirilirdi ki, iqtidar Gülər Əhmədovanın azadlığa buraxılması üçün zəmin hazırlayır.
Lakin göründüyü kimi ehtimallar özünü doğrultmadı. Gülər Əhmədova yenə həbsdə saxlanıldı. Bəzi məlumatlara görə, hakimiyyət sabiq deputatı seçki ərəfəsində azad etməyi doğru saymayıb. Gülər Əhmədovaya seçkiyə qədər səbr etmək məsləhət görülüb. Seçkidən sonra isə azadlığa buraxılacağı bildirilib.