Müzəffər Baxış: «Əmlakı barədə məlumatı gizlətdiyi məlum olsa, MSK qeydiyyatı ləğv etməlidir»
Əvəz Temirxan: «Namizədlə seçici arasında səmimiyyət əsas şərtdir»
Azərbaycan Respublikası Prezidentliyinə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatların təqdim edilməsi qaydaları açıqlanıb. Qaydalara əsasən, müvafiq sənədlərlə birlikdə namizədin gəlirlərinin miqdarı, mənbələri və mülkiyyət hüququ əsasında ona məxsus əmlak haqqında məlumatlar MSK-ya təqdim etməlidir. Bura öz adına olan mülkiyyət və digər əmlakla yanaşı birgə gəlirlər də daxildir.
Qeyd edək ki, artıq ölkə başçısı Ilham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı sənədlər MSK-ya təqdim olunub. I.Əliyevin əmlakı ilə bağlı hansı məlumatı təqdim etdiyi isə hələ məlum deyil. Lakin əminliklə demək olar ki, yerli və xarici mətbuatda barəsində söz açılan ölkə başçısı və onun ailə üzvlərinə məxsus əmlakla bağlı məlumat MSK-ya təqdim edilən məlumatlar arasında yer almayıb. Bura offşor zonalarda qeydiyyatdan keçən şirkətlər, övladlarının adına dünyanın müxtəlif yerlərində olan mülkləri aid etmək olar. Bir müddət əvvəl “Azadlıq radiosu”nun apardığı araşdırmada Əliyevin ailə üzvlərinin qeydiyyatda olduğu mənzilin bir neçə şirkətin ünvanı olduğunu ortalığa çıxmışdı. Bu siyahın uzatmaq olar. Ancaq Əliyevlər ailəsinin var-dövləti ilə bağlı məlumatlar artıq heç kimə sirr deyil. Bəs dövlət başçısının MSK-ya yanlış məlumat verməsi hansı məsuliyyəti nəzərdə tutur və müxalifət bununla bağlı hansı addımlar ata bilər?
Hüquqşunas Müzəffər Baxışın sözlərinə görə, əmlak haqqında dəqiq məlumatı gizlədən şəxsin namizədliyi ləğv oluna bilər: “Əgər namizəd qeydə alınandan sonra onun əmlakı barədə məlumatı gizlətdiyi məlum olsa, MSK qeydiyyatı ləğv etməlidir. Amma inanmıram ki, MSK Ilham Əliyevlə bağlı hər hansı araşdırma aparsın və onun qeydiyyatını ləğv etsin. Belə bir hal olmayacaq. Amma qanunun tələbi bundan ibarətdir ki, namizəd öz əmlakı barədə məlumat verdikdən sonra onun digər əmlakları da aşkar olunsa və o əmlakların gizlədilməsi halı müəyyən edilsə, onda Mərkəzi Seçki Komissiyası tərəfindən onun qeydiyyatı ləğv olunmalıdır. Qanunun tələbi bundan ibarətdir”.
Milli Şuranın üzvü, ALP sədri Əvəz Temirxan prezidentliyə namizədin əmlakı haqqında dəqiq informasiya verməsini vacib hesab edir. Çünki kimə səs verdiyini bilməlidir. Namizədlə seçici arasında səmimiyyət əsas şərtdir.
Ə.Temirxanın sözlərinə görə, Ilham Əliyevin MSK-ya dəqiq məlumat verməməsi Milli Şurada müzakirə oluna, yaxud onun rəqibi və seçkinin favoriti hesab olunan Rüstəm Ibrahimbəyov özü bu məsələni qaldıra bilər.
Fizzə