Vəfa Quluzadə: «Azərbaycanın müdafiə nazirinin ABŞ-a səfəri zamanı Iran probleminin gündəmə gətirilməsi mümkündür»
Sülhəddin Əkbər: «Azərbaycanın strateji mövqeyi tələb edir ki, Azərbaycan ABŞ-la baş verənlərlə bağlı ortaq baxış əldə etsin»
Müdafiə naziri Səfər Əbiyevin ABŞ-a səfəri ilə bağlı bir sıra maraqlı fikirlər səslənməkdədir. ABŞ müdafiə katibi Çak Heygelin dəvəti ilə Vaşinqtona səfər edən müdafiə naziri Səfər Əbiyevin Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə toxunduğu vurğulanır. Rəsmi məlumatlarda o da qeyd edilir ki, ABŞ-la Azərbaycan arasında müdafiə sahəsində bir sıra proqramlar üzrə əməkdaşlığın davam etdirilməsi istiqamətində müsbət nəticələr əldə olunub.
Mətbuatda yer alan fikirlərə görə isə Pentaqon rəhbəri Azərbaycan müdafiə naziri ilə görüşündə əsas müzakirə mövzusu Iranla bağlı olub. Belə ki, ekspertlər hesab edir ki, Putinin Bakıya səfəri ərəfəsində müdafiə nazirinin Vaşinqtona ezam edilməsi ciddi mətləblərdən xəbər verir.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Azərbaycanın müdafiə nazirinin ABŞ-a səfəri zamanı Iran probleminin gündəmə gətirilməsi mümkündür: “ABŞ dəfələrlə bəyan edib ki, Azərbaycanla Iran problemini ciddi şəkildə müzakirə etmək istəyir. Amma düşünmürəm ki, müdafiə nazirləri arasında müzakirələr konkret nəticə verə bilər. Bu istiqamətdə real addımların atılması üçün gərək dövlət başçıları arasında ilkin razılıq əldə olunsun. Daha sonra isə bu məsələlər müdafiə nazirləri səviyyəsində genişləndirilə bilər”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər isə hesab edir ki, bir tərəfdən Əfqanıstandan ABŞ qoşunlarının çıxarılması, digər tərəfdən Suriyada situasiyanın gərginləşməsi nəzərə alınarsa, Azərbaycanın strateji mövqeyi tələb edir ki, Azərbaycan ABŞ-la baş verənlərlə bağlı ortaq baxış əldə etsin. Azərbaycanın ABŞ üçün hərbi-siyasi baxımından çox mühüm olduğunu deyən S.Əkbər bildirdi ki, S.Əbiyevin ABŞ-a səfəri zamanı regionun mühüm məsələlərinin müzakirə edildiyi istisna deyil.
Xəyal