Xeyrəddin Qoca: «Unutmasınlar ki, yazmaq istəsəm, çoxlarından güclü və sanballı yazaram»
Yazıçı-publisist Xeyrəddin Qoca publika.az saytında ona istinadən gedən açıqlamanı təkzib edib. Xatırladaq ki, Xeyrəddin Qocaya istinadən gedən həmin açıqlamada yazıçı-publisistin ona fəxri ad, dövlət mükafatı verilməməsindən gileyləndiyi və bu gün yalnız yaltaqlara xüsusi hüsn-rəğbət bəslənildiyini iddia etmişdi.
Lakin o, moderator.az-a bildirib ki, o, belə fikirlər səsləndirməyib: “Əvvəla, şikayətlənmək mənim təbiətimə yaddır və heç zaman şikayətlənməmişəm. Lazım gələndə hər zaman sözümü də demişəm. Publika.az-dakı həmin yazı müəllifinin savadsızlığı açıq görünür. Mənə birinci dərəcəli fövqəladə və səlahiyyətli səfir rütbəsi deyil, ”Elçi” rütbəsi verilib. Saytın əməkdaşı olan Vasif Həsənli mənə zəng vuraraq niyə heç bir dövlət mükafatı verilmədiyini soruşdu. Mən də bildirdim ki, bəzən bu mükafatları yaltaq, simasız adamlara verirlər. Bilirsiniz ki, bu da bir həqiqətdir. Amma əlbəttə ki, bu sözlərim bütün mükafat alanlara şamil oluna bilməz. Mən heç bir zaman belə məntiqsiz fikir söyləmərəm. Özü də mən müsahibə verməmişəm. Telefonda söhbət zamanı sözlərimi belə demək mümkünsə oğurlayıb yazıb. Hətta jurnalist mənə dedi ki, yazmaq üçün zəng vurmayıb, müsahibə üçün ayrıca zəng vuracaq. Yeri gəlmişkən, internetdə bəzi uşaq-muşaqların barəmdə xoşagəlməz fikirlər yazdıqlarından xəbərim var. Hətta bəzi üzdəniraqlar məni erməni terroristi, yaxud valideynləri Ermənistandan sürgün edilmiş yezidi kürdü olduğumu da yazırlar. Mən belə axmaq şeylərə əhəmiyyət vermirəm. Özü də bu zavallılar unudur ki, mən publisistəm, qələmim də onlardan güclüdür, yazmaq istəsəm çoxlarından da güclü və sanballı yazaram”.