Nazirin oğlunun şirkəti ARDNŞ-i məhkəməyə verib
“Xətai Tikinti Mexanizasiya” ASC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təhlükəsizlik Idarəsini məhkəməyə verib. Virtualaz.org-un özəl mənbələrdən əldə etdiyi məlumata görə, ASC ARDNŞ-in idarəsi qarşısında borc iddiası qaldırıb. 2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi iddianı təmin edib. Bakı Apelyasiya Məhkəməsi aktı ləğv edərək yeni qətnamə qabul edib. Işə hazırda Ali Məhkəmədə baxılır.
“Xətai Tikinti Mexanizasiya” ASC-nin payçılarından biri (əslində isə faktiki sahibi) sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevdir. Mətbuatda indiyə qədər yer alan məlumatlara görə, “Xətai Tikinti Mexanizasiya” ASC-nin nəzarət səhm zərfləri Sənaye və Energetika Nazirliyində yüksək vəzifə tutan Ramiz Rzayevə yaxın şəxslərin adınadır. ASC-ni faktiki olaraq o idarə edir.
Amma Ramiz Rzayev əslində sadəcə görüntüdür. ASC-nin real sahibi sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevdir. Sadəcə nazir ehtiyatlı davranaraq oğlunun səhm paketinə rəsmən sahib çıxmasına imkan verməyib, səhmləri özünə yaxın şəxslərin adına sənədləşdirib. Oğlu Fərhad Əliyevin adına isə səhmlərin yalnız 10 faizini rəsmiləşdirib.
ARDNŞ-in sosial obyektlərinin tikintisi ilə məşğul olan trestin bazasında yaradılmış sözügedən ASC məhz N.Əliyevin Dövlət Neft Şirkətinə rəhbərlik etdiyi illərdə özəlləşdirilib. 2006-cı ilə qədər, yəni Rövnəq Abdullayev ARDNŞ-in prezidenti təyin olunana qədər ASC Dövlət Neft Şirkətinin iri məbləğli sifarişlərini yerinə yetirib. Ancaq 2006-cı ildən, yəni Rövnəq Abdullayev ARDNŞ-in prezidenti vəzifəsinə qoyulandan sonra ASC də uğursuzluqlar zolağına düşüb.
Bəzi məlumatlara görə, Natiq Əliyevlə Rövnəq Abdullayevin münasibətləri sərin olduğu üçün bu, şirkətlərarası əlaqələrə də təsirsiz ötüşməyib. ARDNŞ hətta məhkəmə qərarlarının olmasına baxmayaraq ASC-yə olan borclarını ödəmir. Bununla belə, fəaliyyətsiz olan ASC-nin əmlakının talan edilməsi və kiçik səhmdarların oyundan çıxarılması prosesi bu günə qədər davam edir.
ASC-nin ARDNŞ-in Təhlükəsizlik Idarəsinə qarşı iddiasını irəli sürdüyü borcun dəqiq məbləği açıqlanmır. Amma söhbət külli miqdarda vəsaitdən gedir(virtualaz.org).