Müzəffər Baxışov: «Bu nəticələr yalnız qeydə alınmış cinayətlərin reallığını əks etdirir»
Aslan İsmayılov: «Əgər bütün cinayətlər qeydə alınsaydı, Azərbaycan birinci yeri tutardı»
47 ölkədə keçirilən araşdırma zamanı məlum olub ki, Azərbaycan törədilən qətl cinayətlərinin və hər 100 min adama düşən məhbus sayına görə Avropanın üçüncü ölkəsidir. Virtualaz.org-un məlumatına görə, bu haqda “Azadlıq Radiosu”nun Belarus xidməti avropalı ekspertlərin apardığı araşdırmaların nəticələrinə istinadən xəbər verib.Belə ki, Belarus özü araşdırma nəticəsində Avropanın ikinci ən kriminal ölkəsi elan edilib.
Birinci yerdə isə Rusiya gedir. Radiostansiya qeyd edir ki, Belarus hakimyyəti ölkənin “stabillik və qanunçuluq adası” olduğunu iddia etsə də araşdırmalar bunun tərsini göstərir. Araşdırmalara görə, Rusiya hər 100 min nəfərə düşən 500-ə yaxın məhbus sayı ilə Avropada birincidir. Normal statistika isə belədir: hər 100 min nəfərə 70-80 məhbus düşməlidir. Sonrakı yerdə Belarus, Azərbaycan və Gürcüstan gəlir. Ukrayna isə hər 100 min nəfərə 334 məhbusla 10-cu yerdədir. Araşdırma 47 ölkədə keçirilib və Islandiya ən az cinayət hadisəsi qeydə alınan ölkə kimi sonuncu yeri tutub. Hesabata daxil edilən ölkələrin 20-sinin həbsxanalarında yer çatışmır. Bu ölkələrdə məhbusların sayı həbsxanalardakı yerlərin sayından çoxdur. Qeyd edək ki, bu günlərdə Azərbaycan Daxili Işlər Nazirliyi ölkədə cinayətkarlığın azaldığı haqda hesabatla çıxış etmişdi.ÿ Bəs, ekspertlər bu nəticələri necə qiymətləndirir?
Hüquqşünas Müzəffər Baxışov hesab edir ki, Azərbaycanda baş verən cinayətlər statistik göstəricilərdən dəfələrlə artıqdır: “Bu araşdırmanın nəticəsi statistik göstəricilərə görə düzgündür. Ancaq, nəzərə alsaq ki, ölkədə minlərlə cinayət hadisəsi qeydə alınmır, o zaman bu nəticələrin real olmadığı meydana çıxır. Ölkədə oğurluq, rüşvət, korrupsiya, talançılıq, hətta ağır cinayətlər baş verir ki, həmin cinayətlər rəsmi qaydada qeydə alınmır. Və bu hal real cinayətlərin sayının dəqiq hesablanmasına mane olur. Avropalı ekspertlər də statistika üzrə hesablama aparıblar. Reallıq onu göstərir ki, Azərbaycanda hər saat, hər sutka cinayət hadisəsi baş verir”
Vəkil Aslan İsmayılov da cinayətlərin böyük hissəsinin qeydə alınmadığını, real nəticələrin daha ağır olduğunu bildirdi: “Biz cinayət deyərkən ilk növbədə adam öldürülmə, adam bıçaqlama kimi cinayətlər haqqında düşünürük. Əslində isə, ölkədə siyasi, iqtisadi, vətəndaşlara qarşı olan cinayətlər baş verir. Əgər Azərbaycanda bütün cinayətlər qeydə alınsaydı, biz dünyada birinci yeri tutardıq. Məni Mütəşəkkil Cinayətkarlıq Idarəsində təhqir etdilər, fiziki zor işlətdilər, ancaq bu hadisə ilə bağlı cinayət işi açılmadı. Bu kimi faktlar minlərlədi”
Ilham