ABU rektorunun oğurlanmış qardaşı prezident seçkisindən sonra azad olunmalıymış…
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsindən “Azadlıq.TV”yə yeni səs yazısı daxil olub. Sözügedən lent yazısında Nərimanov rayon Məhkəməsinin keçmiş sədri, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Ağababa Babayevlə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev arasında danışıq öz əksini tapıb.
Sözügedən söhbət 15 oktyabr 2008-ci ildə lentə alınıb.
Söhbət əsnasında Ağababa Babayev Elşad Abdullayevə bildirir ki, Mahir Abdullayevin geri qaytarılması məsələsini daxili işlər nazirinin müavini Vilayət Eyvazovla müzakirə edib. Hakimin sözlərinə görə, Vilayət Eyvazov bildirib ki, o da öz növbəsində Mahir Abdullayev məsələsini nazirlə (Ramil Usubovla) danışıb. Mahir Abdullayev prezident seçkisindən sonra azad ediləcək: “Sabah seçkilərdir, ondan sonra məsələ həll ediləcək. Mənə dedilər ki, nazirlə danışıb. Seçkidən sonra sabahı, biri gün – hansı gün istəyirsən, gəl, oturub danışaq”.
Elşad Abdullayev Ağababa Babayevə görüşdüyü zaman bir xahişinin çatdırılmasını istəyir: “Bircə xahişim odur ki, iş sanksiyasız bitsin. Artıq 5 ildir eee”.
“Allah qoysa, sabah seçki günüdür. Birisi gün o işlə ciddi məşğul olarıq. Sabahı da gözləyək, görək nə olur. Çalışaram, səni də aparım ora. Bu, məndən asılı olan məsələ deyil. Onlardan asıldır”, – deyə Ağababa Babayev bildirir.