«Kompensasiya bazar qiymətlərinə uyğun verilməyənə qədər evlərimizin sökülməsinə razı olmayacağıq»
Bakı qarış-qarış sökülür. Füzuli, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, “Qara şəhər”, “Sovetski”, Içərişəhər, Zığ, Böyük Şor… Siyahını on iki bağırsaq qədər uzatmaq da olar. Ancaq ehtiyac yoxdur. Uzun zamandan sonra növbə “Xutor”a da çatdı. Ölkə başçısının iqamətgahına gedən yolun genişləndirilməsi məqsədi ilə ərazidəki evlər sökülür. Bir müddət öncə yolun bir hissəsində yerləşən mənzillər yerlə-yeksan edilmişdi. Sahiblərinə isə evin hər kvadrat metri üçün 700-800 manatdan kompensasiya vermişdilər…
“İlham Əliyev bunları görmürmü?”
Indi də elədir. Heç nə dəyişməyib. Kompensasiya az, camaat narazıdır. Sakinlər deyirlər ki, onlara heç bir xəbərdarlıq edilmədən evləri sökülür. “Biz qeyri-rəsmi olaraq deyilir ki, mənzilin kvadratına 800 manatdan pul verəcəyik. Qeyri-yaşayış sahələrinə görə isə 600 manat. Ölkə başçısı dəfələrlə çıxışında deyib ki, şəhərin hansı ünvanından asılı olmayaraq sökülən evlərə görə hər kvadrat üçün 1500 manat ödənilsin. Bundan başqa, evlər sökülməzdən əvvəl bizə xəbər verilməli idi ki, əşyalarımızı götürə bilək və bizə elə bir məbləğ verilməlidir ki, onunla özümüzə ev alaq. Indi nə edək, hara gedək? Ilham Əliyev bunları görmürmü? Necə olur ayağını itirən bir uşağa o dəqiqə yardım edir, jurnalistlərə ev paylayır, erməni bir körpəsinin məktubuna cavab verir, ancaq bu qədər narazı sakini eşitmir? Nəyə görə?”, – deyə evi sökülən “Xutor” sakini sual edir.
Yeganə Isgəndərova deyir ki, evinin sahəsi 87 kvadratmetrdir: “Indi 67 kvadratmetrə endiriblər. Bizi aldadırlar. Əvvəlcə dedilər ki, hər kvadratmetrə 1500 manat veriləcək, başımızın altına yastıq qoyuldu. Zorla evimizi sökürlər. Bu sökhasökdə isə 16 min manat verəcəklərini bildirirlər. Bu pulla harada ev almaq olar? Niyə bizimlə belə davranırlar? Normal pul versinlər, çıxıb gedək”.
Polislərin jurnalistlərdən, sakinlərin polisdən narazılığı…
“Ərazidə gedən söküntü işləri ən geci iki günə başa çatdırılmalıdır”. Bu əmri polislərə Bakı şəhər Icra hakimiyyətinin (BŞIH) nümayəndəsi Zülfəli Ismayılov verirdi. BŞIH əməkdaşından başqa sözügedən ünvanda söküntü işlərinə başçılıq edən başqa rəsmi şəxslər açıqlama verməsə də, jurnalistlərin orada olmasından narazılığını ifadə edirdilər. Onlar “Siz buradasınız, işimizi görə bilmirik. Bizə mane olursunuz” deyib gileylənirdilər. Jurnalistlər başqa bir şikayətçinin yanına gedən kimi isə söküntüyə mane olan sakinləri tez ərazidən qovub mənzili, obyekti buldozerlə sökürdülər. Hətta obyekt sahibini aramadan söküntü işləri gedirdi.
Buna etiraz edən bir xanım əlinə balta alaraq buldozerin qarşısını kəsdi. O, polislər və fəhlələr ərazidən getməyənə qədər burada qalacağını söylədi. Bildirdi ki, bazar qiymətlərinə uyğun kompensasiya verilməyincə heç yerə gedən deyil.
“Niyə belə edirsiniz? Prezident hara baxır? Pul verilməyincə, heç yerə gedən deyiləm. Özümü yandıracam”, – deyə sakin haray edirdi.
Polislər və mülki geyimli şəxslər onu söhbətə dəvət etsələr də, buna razı olmadı: “Indiyə kimi harada idiniz? Niyə gəlib söhbət etmirdiniz? Gərək etiraz edək, sonra bizi dinləyəsiniz?”.
Qadının əsəbdən əlləri titrəyirdi. Onu buldozerin qarşısından geri çəkmək istəsələr də mümkün olmadı. Dəqiqələr ötdükcə halı pisləşirdi və birdən bayıldı. Camaat haray-həşir salaraq qadına yardım edirdi. Kimisi dilinin qatlanmaması üçün əlini ağzına salırdı, kimisi isə su gətirirdi. Bu qovğa Təcili Tibbi Yardım maşını gələn kimi davam etdi.
Bundan sonra sakinlərın səsi daha da ucadan eşidildi. Hamı bir ağızdan kompensasiya bazar qiymətlərinə uyğun olmayana qədər evlərinin sökülməsinə razı olmayacağını söylədi.
Polis onları sakitləşdirmək üçün heç kimin evinin sökülməyəcəyini dedi. Insanlar rahatlaşan kimi sahibi olmayan bir mənzilin sökülməsi əmri verildi. Vətəndaşlar etiraza qalxan kimi onlara “Narahat olmayın, sizin evinizə doğru gəlmirik. Bu mənzilin sahibi ilə danışmışıq” deyib məsələni yekunlaşdırmaq istədilər. Qonşular BŞIH işçilərindən ev sahibi ilə əlaqə saxlamağı tələb etsələr də, bu heç bir səmərə vermədi.
Sahibi olmayan mənzili söküləndən sonra növbə yenidən o biri evlərə çatdı. Artıq vətəndaşları yola gətirmişdilər.
“Bizə normal pul versinlər, gedək özümüzə mənzil alaq”
Xanım Yusubova bir övladı ilə kiçik bir mənzildə yaşayır. BŞIH-in işçiləri ona deyiblər ki, mənzili sökülməyəcək: “Bunu anlamaq olmur. Hər tərəf yol olacaq, mənim evim ortada qalacaq. Toz-torpağın içində yaşamaq olar? Oğlum deyir ki, gedək kirayədə qalaq. Ancaq hansı pulla? Bizə normal pul versinlər, gedək özümüzə mənzil alaq”.
Xanım Yusubovanın sözlərinə görə, ondan 200 manat pul alıblar: “Pulu layihəyə görə aldılar. Dedilər ki, burada ev sökülməyəcək”.
1988-ci ildən burada məskunlaşan Tamam Quliyevanın evinin sahəsi 200 kvadrat metrdən çoxdur. Onun sözlərinə görə, hər kvadratmetr üçün kompensasiya 900 manat deyilib: “Indi qiyməti qaldırıb 1080 manat ediblər. Mənə pul lazım deyil. Evimdə 5 ailə yaşayır. Mənzilimin sahəsi qədər başqa bir yerdə ev versinlər, çıxıb gedim. Prezidenti niyə dinləmirlər? Onun sərəncamına niyə qulaq asmırlar? 3 ildir bizi boğaza yığıblar. Hamı xəstəlik tapıb, əsəblərimizi korlanıb”.
***
Biz oranı tərk edəndə söküntü işləri daha sürətlənmişdi. Polislər, mülki geyimlilər hamı bir-birinə qarışıb məsələni tez yekunlaşdırmaq istəyirdi. Toz-torpaq isə ərşə dirənmişdi.
Oruc tutduğunu deyən bir polis iftara 6 saat qalmış sərin su içib, yenidən söküntü işi olan tərəfə getdi: “Dözmək olmur qardaş, dözmək olmur…”.
Ramin DEKO