Qorxmaz Hüseynovla bağlı Prezident Administrasiyasına dosye göndərilib
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovdan Prezident Administrasiyasına dosye göndərilib. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, dosyedə Qorxmaz Hüseynovun korrupsiya əməliyyatları əks olunub. Məlumatda iddia edilir ki, “Azərsu”dakı korrupsiya faktları barədə mətbuat yazdıqdan sonra vaxtilə bu quruma nəzarət edən qrup revanş götürüb.
ASC-ni Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin nəzarətindən çıxarmaq üçün bu qurumda baş verənlər barədə ciddi faktlar toplayıblar. Həmin faktların PA-ya ötürülməsi isə Qorxmaz Hüseynovda ciddi narahatlıq yaradıb. Çünki bu faktların araşdırılması son nəticədə “Azərsu” rəhbəri üçün ciddi problemlər yarada bilər.
Yada salaq ki, bir neçə gün əvvəl “Yeni Müsavat” qəzeti “Azərsu”dakı korrupsiya əməliyyatları ilə bağlı ilginc məlumatlar yayıb. Həmin məlumatlarda bildirilirdi ki, Hacıqabulda su və kanalizasiya sisteminin tikintisinə 250 milyon manat ayrılıb. Bu layihədə Qorxmaz Hüseynov bacısı oğlu Yusifəliyə məxsus müəssisəsinə də yer verib. O, Hacıqabul rayonun Atbulaq kəndində Qalmaz adlanan ərazidə fəaliyyət göstərən ağ qum karyerindən qum daşıyır. O, bir maşın qumu 30 manatdan alır. Amma sənədləşmədə həm qumun qiyməti başqa göstərilir, həm də qumun Hacıqabulun Atbulaq kəndindən deyil, Salyan rayonun Xıdırlı kəndi ərazisindən daşıdığını yazdırır. Qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Həmçinin sənədlərdə guya gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir.
Bundan başqa “Azərsu”nun seçdiyi podratçıların az qala hamısı 2011-ci ildə, ASC-yə yeni rəhbər təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər. Halbuki “Satınalmalar haqqında” Qanunda yazılıb ki, 50 min manatdan yuxarı bütün işlər üçün tender elan olunmalıdır, tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır.
Lakin podratçı şirkətlər Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsus olduğu üçün qanuna məhəl qoyan yoxdur. Məsələn, “Azərsu”nun seçdiyi şirkətlərdən biri “Sənaye Tikinti-M” MMC-dir. MMC-nin təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynovdur. O, Qorxmaz Hüseynovun qardaşıdır. Bu MMC “Azərsu” üçün 1,5 milyon manata Korgöz qəsəbəsinə su xətti çəkib. “Hidro-Inşaat Servis” MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub.
Qorxmaz Hüseynovla bağlı PA-ya gönedərilən dosyedə isə bunlardan da dəhşətli faktların yer aldığı bildirilir.
Hikmət