Dünən saytlarda bir zamanların alovlu müxalifətçisi, son illərin odlu yaptokratı olan, bu dönüklüyü də sonunda deputat mandatı ilə mükafatlandırılan birinin (arzu edənlərə adını da deyə bilərəm: Çingiz Qənizadə!) müğənni Nazpəri Dostəliyevaya qarşı məhkəmənin 50 min manatlıq cərimə qərarı çıxarmasına münasibətini gördüm.
Ərinmədim, oxudum. Nə deyir? Deyir ki, qərar haqsızdır.
“Ədalətsizdir” deyir. “Biabırçıdır” deyir. “Ləğv edilməlidir” deyir.
Bir sözlə, deyir də deyir.
Və dedikləri adamda ikrahdan başqa heç nə yaratmır. Baxmayaraq ki, hər kəlməsi həqiqətdir. Hər kəlməsinə imzamı ataram.
Niyəsini deyimmi?
Çünki bir müğənninin, siyasi kimliyi, rejimlə haqq-hesabı olmayan birinin haqqını qorumaq təhlükəsizdir deyə həqiqəti söyləyib, başqa vaxt gözlərini həqiqətə qapayarsansa, qulaqlarını həqiqətə tıxayarsansa…
Sistemin qəzəbinə gəlib barəsində ən qanunsuz hökmlər çıxarılan adamların haqqını qorumaz, onlara da ədalət istəməzsənsə, bir gün bir doğrunu söyləyəndə belə, kimsə dinləməz. Dinləsə belə ciddiyə almaz. Alqışlamaz.
Eləcə ikrahla gülüb keçər.
Keçmişin alovlu müxalifətçisi, bu günün odlu yaptokrat-deputatının dedikləri arasında bir cümlə vardı ki, söhbət açılmışkən, onun da üstündən səssiz adlamayaq.
Deyir ki, “Azərbaycan tarixində belə biabırçı məhkəmə qərarı görməmişəm”.
Buradan nə nəticə çıxır?
Demək ki, görmək istəyəndə, üstəlik, görmək təhlükə vəd etməyəndə, görmək karyerasını təhlükə yaratmayanda görə bilirmiş Azərbaycan məhkəmələrinin nə qədər ədalətsizcə, haqsızca, hüququ ayaqlar altına alaraq, qanunları çeynəyərək qərarlar çıxardığını.
Və əmin olsun: əgər görmək istəsə, həm də ona verilən deputat mandatını, komfortlu həyatı göz önünə alıb görmək istəsə, yeganə suçu ölkənin demokratikləşməsi olan…
Azadlıqların zəfər çalması olan…
Milli iradənin bərqərar edilməsi olan…
Korrupsiyanın, talançılığın durdurulması olan, bu məmləkətin aydınlıq üzü insanlara qarşı Azərbaycan tarixinin ən biabırçı məhkəmə qərarlarını da görəcək.
Bir müğənni üçün istədiyi ədaləti bir müxalifətçi üçün də istəyə biləcək.
Qısası, bu ölkədə görmək artıq çoxdan yalnız göz işi deyil.
Həm də ürək işidir, ürək!
Iki Mursi həqiqəti
Dünyanın gündəmi Misirdir. Suriyada olub-bitənləri belə kölgədə buraxdı Mursinin devrilməsi, ordunun hakimiyyətə əl qoyması.
Və bizdə də bu mövzu eninə-geninə dartışılır. Dartışmaların iki ana xətti var.
Biri budur: Mübarəkin taxtdan salınması ilə Mursinin devrilməsini eyniləşdirmək olarmı?
Əlbəttə, olmaz.
Mübarək taxta saxta seçkilərlə, “seçki tamaşası” ilə çıxmışdı. Hakimiyyətinin mənbəyi xalq deyildi. Xalqın iradəsini əks etdirmirdi.
Bəyənsək də, bəyənməsək də, Mursi ilə bağlı vəziyyət fərqlidir. Hakimiyyətə Misir tarixinin ən demokratik seçkisi ilə gəlmişdi. Hakimiyyətinin arxasında milli iradə vardı.
Bu üzdən nə Mübarəklə Mursini tərəzinin eyni gözünə qoymaq olar, nə də onların hakimiyyətdən gediş şəklini eyniləşdirmək.
Biri inqilabla göndərildi, digəri hərbi çevrilişlə.
Biri demokratikləşmə üçün idi, digərinin demokratiyanın təməl prinsipləri ilə yaxından-uzaqdan əlaqəsi yoxdur.
Ikinci mübahisəli məsələ budur: Mursinin qələmini Qərbdəmi qırdılar, yoxsa bu, ordunun özfəaliyyəti idimi?
Hər iki variantda həqiqət payı ola bilər.
Amma ən böyük həqiqət odur ki, Mursini hakimiyyət başına keçdikdən sonra hər gün bir az da alovlanan şəriət dövləti yaratmaq ehtirası bitirdi. Bir daha təsdiqləndi ki, dinlə dövləti bir araya gətirməyə…
Dövləti şəriət qanunlarına tabe etməyə çalışmaq heç bir uğur vəd etmir.
Dini idarəçiliyə meyllənmək demokratiyanı kökündən baltalamaqdır.
Yolverilməzdir. Çağın ruhuna aykırıdır.
Amma…
Amma gəl gör ki, şəriətçi idarəçiliklə demokratiya bir arada ola bilmədiyi kimi, ordunun müəyyənləşdirdiyi, sadəcə generalların iradəsini əks etdirən idarəçiliklə də demokratiyanın bir arada olması xam xəyaldır.
Yolverilməzdir. Çağın ruhuna aykırıdır.
Günün sözü Emil Zolyadan:
“Bir insana qarşı edilən haqsızlıq bütün insanlığa qarşı edilmiş haqsızlıqdır”.