Milli Şuranın yaranması və Rüstəm Ibrahimbəyovun müxalifətin vahid namizədi seçilməsi ilə ölkədəki ictimai-siyasi situasiya da dəyişdi desəm, yəqin ki, yanılmaram. Əliyev rejiminin qorxduğu başına gəldi, ənənəvi müxalifət taktikanı dəyişdi, təkbaşına iqtidara gəlmək iddiasından əl çəkdi və daha geniş bir birliyə nail oldu. Bu nə deməkdir?
Bu o deməkdir ki, rejimin dəyişəcəyi təqdirdə bütün vətəndaşlar buna qədər müxalifətdə olan şəxslərlə eyni siyasi statusa sahib olacaqlar. Yəni 20 ilin bütün məhrumiyyətlərini çiynində daşıyan müxalifət, Əliyev rejimindən sonra baş tutacaq demokratik seçkilərədək bütün siyasi ambisiyalarından əl çəkir və xalqın bütün kəsimlərinin maraqlarını təmin edə biləcək namizədin prezidentliyinə dəstək verir.
Çoxları vahid namizəd Rüstəm Ibrahimbəyovu yanlış olaraq, ümumxalq lideri kimi yox, müxalifət lideri kimi qələmə verir. Bəli, bu günə qədər Rüstəm Ibrahimbəyovun siyasi fəaliyyəti olmayıb, amma dünyanın ən tanınmış azərbaycanlısı üçün siyasətə keçmək o qədər asan oldu ki, artıq bütün dünya mətbuatı ona Ilham Əliyevin alternativi kimi baxır. Heydər Əliyevin sözləri ilə desək, “Rüstəm Ibrahimbəyov ömrü boyu ona edilən təzyiqlərdən çəkinməmiş, mübarizə aparmış və həmişə qalib gəlmişdir”.
Dünyanın ən nüfuzlu qəzetlərindən olan “The Washington Post”un bu günə qədər Azərbaycandakı korrupsiya və rüşvətxorluqdan yazsa, razılaşın ki, bu günə qədər heç bir müxalifət liderini manşetə daşımayıb. Məqalə isə, belə adlanır – “Oskar” laureatı Bakıdakı neft sülaləsini devirmək üçün Qərbin dəstəyini qazanmağa çalışır”…
Bəli, Azərbaycanda sülalə rejimini tarixin arxivinə göndərmək üçün real şərait yaranıb və ilk dəfədir ki, Əliyevlərə alternativ olan namizəd, xalqın bütün kəsimlərinin, o cümlədən hakimiyyət daxilindəki narazı qüvvələrin marağı ilə üst-üstə düşür.
Müxalifəti və sadə xalqı bir kənara qoyaq, ölkədəki eybəcərliklər haqqında ehtiyatsız bir fikir söyləyən məmurların, ziyalıların hansı aqibətlə üzləşdiyini illərdir müşahidə etməkdəyik. YAP-ın qurucularından biri, keçmiş nazir Əli Nağıyevə olanlar elə təhsil haqqında o məşhur ifadəsindən sonra oldu. Həbsinə cəsarət etməsələr də, “sürgün etdilər”. Və yaxud Sirus Təbrizlini götürək, qurucusu olduğu partiyaya “simasız quldurlar partiyası”(?) deməkdən belə çəkinmədi…
Bu rejimə qulluq edən minlərlə məmur var ki, sonrakı taleyindən narahatdır və Rüstəm Ibrahimbəyova milli barışığın qarantı kimi baxırlar…
Lakin təəssüflə qeyd etməliyəm ki, bu gün az sayda olsa da, bəzi müxalifət nümayəndələri ilə rejim ideoloqlarının Rüstəm Ibrahimbəyov haqqında fikirləri üst-üstə(!) düşür. Bu namizədin onlara, yəni bu günə qədər iki barışmaz opponentləri birləşdirən nədir, görəsən?
Müxtəlif şayiələr dolaşır, ən çox səslənən arqument isə, guya onların iqtidar qarşısında götürdükləri öhdəlikdir, yəni nə yolla olur olsun, müxalifətin birliyini pozmaqdır. Lakin mən onlardan fərqli olaraq, başqa bir fərziyə irəli sürmək istəyirəm, bu, səslənən ən zəif ehtimaldır…
Məsələn, götürək Pənah Hüseynin Milli Şura, onun vahid namizədi və Müsavat partiyası xaricindəki müxalifət haqqında söylədiklərini…
Pənah Hüseynin iqtidarla işbirliyinə getməsini söyləmək, razılaşın ki, ən azı ədalətsizlik olardı, amma onun bu gün söylədikləri fikirlərlə iqtidarın arqumentləri böyük ölçüdə bir-birinə uyğun gəlir. “Yeni Müsavat” qəzetindəki son müsahibəsində isə, Isa Qəmbər və Müsavat partiyasından başqa hər kəsi ittiham etdi. Müsahibədən açıq-aydın görünür ki, Pənah bəy Isa Qəmbərin 2013-cü ildə prezident olmayacağını şəxsi faciəsi hesab edir və Rüstəm Ibrahimbəyovun 2 illik prezidentliyinə “səbri çatmır”. Eyni zamanda “məsələni” demokratik seçkilərin ümidinə(?) buraxmaq istəmir… Pənah bəy tək deyil, müxalifət daxilində bir qrup var ki, onlar Rüstəm bəylə Isa bəy, yaxud bir başqası kimi mehriban deyil və indidən nə “kölgə kabineti” görürlər, nə o siyahının yuxarı hissəsində adlarını…
Qışın oğlan çağında belə “kölgə kabinet”ə yaxşı baxmayan xalqa bunu yayda xatırlatmağa isə ad tapmaq çətindir…