Deputatla iş adamı rayonun icra başçısı Rafil Hüseynovu devirmək istəyir
Masallıdan deputat seçilmiş Nəriman Əliyev və iş adamı Hacı Mazan rayonun icra başçısı Rafil Hüseynovu devirmək istəyirlər. Bu barədə “Azadlıq”a rayondakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, adıçəkilən şəxslər Rafil Hüseynovun yerinə “Embavud” şirkətinin rəhbəri Elşad Məmmədovu təyin etdirməyə çalışırlar. “Rayonda hamı bu məsələ barədə danışır.
Bu günlərdə Nəriman Əliyev və Hacı Mazan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərovu Masallıya dəvət ediblər. Bu dəvət Masallıda Ağsaqqalar Evinin açılışı adı altında edilib. Bu dəvət həmin vaxt məzuniyyətdə olan Rafil Hüseynovun ürəyincə olmayıb. Rayonda söz-söhbət gəzir ki, Nəriman Əliyevlə Hacı Mazanın Fəttah Heydərovu Masallıya dəvəti əslində ”çevriliş planı”nda Kəmaləddin Heydərovdan dəstək almaq məqsədi daşıyır. Rafil Hüseynov da bunu bildiyindən bərk qəzəblənib. Yeri gəlmişkən, Rafil Hüseynov Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevə yaxın şəxs hesab edilir”,- deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, Elşad Məmmədovun Rafil Hüseynovla əvəzlənməsi planı Abıyevlərin də ürəyincə deyil. Çünki Abıyevlərin özləri, xüsusilə Rafil Hüseynovun müavini Nadir Abıyev rayona rəhbərlik etmək iddiasındadır. Elə bu baxımdan da Nadir Abıyevin Fəttah Heydərovun Masallı səfərində qanqaraçılıq yaradıb: “Masallıda Məşhur və Qasıməli adında qardaşlar var. Onlar bir çayxana açıblar. Həmin çayxananın yerində əvvəllər Veterenlar Evi yerləşdiyindən çayxana da eyni adı daşıyır. Nəriman Əliyev və Hacı Mazan Fəttah Heydərovu həmin obyektin açılışına da aparmaq istəyiblər. Amma Zəfər Abıyev deyib: ”Hansısa çayxananın açılışını etməyin nə mənası var”. Fəttah Heydərov açılışına getdiyi obyektin çayxana olduğunu biləndə qəzəblənib və açılışa getməkdən imtina edib”.
Mənbə deyib ki, bütün bunlara baxmayaraq Nəriman Əliyevlə Hacı Mazan Rafil Hüseynovu devirməkdə israrlıdır. Hazırda Masallıda hər kəs “çevriliş planı”nın hansı sonluqla bitəcəyini gözləyir.
Azad