Məşhur yazıçı Çingiz Hüseynov da Azərbaycan hakimiyyətini tənqid etdi
Rüstəm İbrahimbəyov “AzerRos”un iclasına niyə qatılmadığını açıqladı
Azərbaycan müxalif qüvvələrin birləşdiyi Milli Şuranın sədri Rüstəm Ibrahimbəyov Rusiyada yaşayan azərbaycanlıların diaspor təşkilatı olan “Azer-Ros”un iyunun 28-də Moskvada keçirilən iclasında iştirak etməyib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Ibrahimbəyov iclas keçirilən gün Moskvada olsa da, toplantıya qatılmayıb. Onun “Azer-Ros”un iclasına getməməsi Milli Şuraya sədrlik etməsi və müxalifətin prezident seçkisində vahid namizədi olmağa razılıq verməsi ilə bağlıdır.
Rüstəm Ibrahimbəyov “Qafqazinfo”ya açıqlamasında “Azer-Ros”un iclasında iştirak etmədiyini təsdiqləyib: “Daha vacib işlərim və görüşlərim olduğuna görə iclasa gedə bilmədim. Indi mənin əsas işim Milli Şura və Azərbaycandakı prezident seçkiləri ilə bağlıdır. Diaspor fəaliyyətimə bir qədər fasilə vermək qərarına gəlmişəm”.
Rüstəm Ibrahimbəyov “Azər-Ros”un Ağsaqqallar Şurasının və “Milyarderlər Ittifaqı”nın Koordinasiya Şurasının üzvüdür.
Yeri gəlmişkən, dünən bəzi saytlar “AzerRos”un parçalandığı haqqında xəbər yaymışdılar. Həmin xəbər qurumun bəzi üzvlərinin iclasa qatılmamasından qaynaqlırdı. Onların iclasa qatılmaması təşkilatın parçalanması kimi dəyərləndirilirdi. Bu məlumatlarda “AzerRos”un Moskva şəhər təşkilatının sədri Ağadadaş Kərimova da istinad edilmişdi.
Lakin “AzerRos Media Holdinq”in rəhbəri Vaqif Adıgözəlov azerros.ru saytında yayılan məlumatları təkzib edib. O, bu haqda yazdığı məqalədə bildirib ki, həmin məlumatlar Ağadadaş Kərimovun adından verilib. Vaqif Adıgözəlov Ağadadaş Kərimova istinadən yazıb ki, o, Azərbaycan mətbuatına “AzerRos”da parçalanmanın, narazılığın olması barədə heç bir fikir bildirməyib. Bəzi üzvlərin iclasa qatılmaması da bundan irəli gəlmir. Sadəcə həmin şəxslər şəxsi işləri ilə əlaqədar iclasa qatıla bilməyiblər.
“Azərbaycanın bəzi dairələri Abbas Abbasovun rəhbərliyi altında ”Azerrosun” fəaliyyətindən rahatsızdırlar, ona görə də, bu qurumun böhran yaşadığı barədə real olmayan həqiqətlər yazırlar. Mən son iclasda iştirak etmişəm və heç bir böhrandan, parçalanmadan söhbət gedə bilməz”. Bunu isə məşhur yazıçı Çingiz Hüseynov “AzerRos”un iclasında bildirib. azerrors.ru saytının məlumatına görə, yazıçı deyib ki, “AzerRos”a bütün cəbhə boyu hücum edən adamlar unutmasınlar ki, Azərbaycanın az qala yarısı Rusiyaya üz tutub. Çingiz Hüseynov bildirib ki, həmin soydaşlarımız sadəcə vətəni qoyub getməyiblər, onlar Azərbaycandan məhz Rusiyaya qaçıblar: “Rusiya bu adamlara yaşamaq imkanı yaradıb, bu adamlar Rusiyada qazanırlar, üstəlik Azrbaycanda yaşayan yaxınlarını da dolandırırlar. Bunu unutmasınlar”.