Mərkəzə üz tutanlar analizlərdən, həkimlərin davranışından, süründürməçilikdən cana doyublar
MOM-un cərrahları analizlərin cavabını almadan xəstələri əməliyyata aparır
2008-ci ilin fevralından Azərbaycanda dövlət xəstəxanaları pulsuz tibbi müalicə və müayinəyə keçib. Amma hamıya gün kimi aydındır ki, dövlət xəstəxanalarında müalicə və müayinənin, o cümlədən cərrahiyyə əməliyyatlarının pulsuz olması sadə vətəndaş üçün xülya olaraq qalır. Dövlət xəstəxanalarında yatan xəstələr lazım olan dərmanları özləri almalı olurlar. Həmçinin dövlət xəstəxanalarında cərrahiyyə əməliyyatlarının qiymətlərinin özəl xəstəxanalarla eyni qiymətdə olması heç kimə sirr deyil. Yalnız bir fərq var. Daha doğrusu, var idi. Əgər əvvəllər özəl xəstəxanalarda hər bir əməliyyatın neçəyə başa gəldiyi xəstəyə, yaxud da onun yaxınlarına bildirilirdisə, dövlət xəstəxanalarında bu məsələ gizli şəkilə həyata keçirilirdi. Artıq dövlət xəstəxanaları da özəllərin yolunu tutub…
“Analizlərin cavabı çıxmamış əməliyyat olunmağa qərar verildi”
Son zamanlar dövlət xəstəxanalarından “Azadlıq”a çoxlu şikayət məktubları gəlir. Şikayətlər əsasən analizlərin qiymətinin yüksək olmasındandır. Analizlərin orta statistik azərbaycanlıların cibinə uyğun olmadığı məkanlardan biri də Milli Onkoloji Mərkəzdir (MOM).
Şəfəq xanım (ad şərtidir) bir neçə gün öncə anasını MOM-a aparıb. Orada onlara deyiblər ki, bir neçə analizdən keçməlidir. Xəstə USM (20 manat), EKQ (ürəyin kardioqraması, (20 manat), rentgen (20 manat), ginekoloq (20 manat) analizlərini verib. Üstəlik, müayinədən keçən pasiyent həkimə də 20 manat verib. Hamısına birlikdə 100 manat xərcləyən xəstəyə cərrahlar əməliyyata hazırlaşmağı bildiriblər. Halbuki analizlərin nəticələri onlara 3 gün sonra verilib. Şöbə müdiri onlara əməliyyat üçün 2000 manatın gərək olduğunu bildirib. Bu məbləğə gücü çatmadığını deyən Şəfəq xanıma həkimlər “hörmətə xatir” 500 manat “endirim” ediblər. 1500 manatın da onlar üçün böyük məbləğ olduğunu deyəndə bundan artıq onlara “hörmət”in edilə bilməyəcəyini söyləyiblər. Şəfəq xanım deyir ki, ailəsi əməliyyat üçün yalnız 1000 manat toplaya bilər. Bu pula isə həkimlər ümumiyyətlə, yaxın durmayıblar: “Çünki əməliyyatdan sonra kimyaterapiya üçün də 1000 manat gərəkdir”.
Sən demə, müsahibim son zamanlar hökumət nümayəndələrinin televiziyalarda ağızdolusu danışdıqları korrupsiyaya qarşı “mübarizədən” ürəklənib MOM-a üz tutubmuş. Amma…
Pulu ödəməlisən!!!
“Vəziyyət həqiqətən çox gərgindir. Özəl klinikalara yan almaq üçün gərək tədarükünü bir ay öncədən görəsən. Dövlət xəstəxanalarında isə həkimlərin üzündən ”mürdəşir yağır”. Bir sözlə, xəstəxanalar nəyisə müalicə etsə də, camaatı o qədər xərcə salır ki, ordan birbaşa nevrolojiyə keçməli olurlar. Klinikaların dərman şirkətlərilə müqavilədə olması xəstə adamı daha da xəstə edir. O qədər dərman yazırlar ki, baxırsan adi xəstəliyə görə günə 3-4 iynə, 5 həb, 1 sistem düşür. Hamısı pul tələsidir. Resepti yazanda “filan aptekdən alarsan” deyirlər. Dərmanı axtarırsan, tapmırsan, sonra məlum olur ki, sifarişlə gəlirmiş” – bunu Gülnarə Əliyeva deyir.
Başqa bir xəstə isə deyir ki, iki analiz üçün 70 manat xərci çıxıb: “Hər şöbə üçün bir ”tas” müəyyənləşdirilib. Bu azmış kimi süründürməçilik var”.
“MOM-da qan analizi vermək üçün 68 manat gərəkdir. Bir qadın çantasında olan-qalan 54 manatından 50 manatını verdi. Bildirdi ki, 4 manat da onun Şamaxıya getməsi üçün yol pulu. Həkimlər söylədilər ki, 68 manatı mütləq ödəməlidir. Belə tapşırıq aldıqlarını dedilər. Bu, özbaşınalıqdır. Yalan deyirlər ki, dövlət xəstəxanalarında analizlər pulsuzdur. Belə də pulsuz xidmət olar?”.
***
Onkoloji xəstə uşaqların müalicəsi üçün də dövlət büdcəsindən vəsait ayrılır. “Onkoloji Yardım haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə ölkə başçısı 2006-cı il avqustun 2-də 442 saylı fərman imzalayıb. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti (NK) bir sıra sənədlər qəbul edib. Qanunla həmin xəstələrin, eləcə də onkoloji xəstə uşaqların müalicəsi pulsuz aparılmalıdır. Yalnız ölkə vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət onkoloji tibb müəssisələrində stasionar və ambulator şəraitdə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Amma yuxarıda da qeyd etdiyimiz kimi, nəinki müalicələr, hətta analizlər belə pulludur.
Məsələ ilə bağlı MOM-un 537-08-11 və 537-08-33 nömrələrinə zəng etsək də dəstəyi qaldıran olmadı.
Ramin DEKO