Azərbaycan və Ermənistan prezidentləri biri-birinə sərt bəyanatlar ünvanladığı vaxtda çox maraqlı bir hadisə baş verdi – Azərbaycan rəsmiləri Ermənistana əvvəlcə ucuz qaz satacaqlarını bildirdilər, sonra da bunun şərtlərini açıqladılar. Bir neçə gün bu olay günün əsas mövzularından biri oldu.
Ilk baxışda bir qədər qarışıq vəziyyət yaranmışdı. S.Sərkisyanın Azərbaycanla bağlı sərt açıqlamalarından sonra I.Əliyev öz partiyasının qurultayında buna cavab olaraq daha da sərt danışmışdı. Amma bununla birgə həm də ortalıqda ucuz qaz satmaq təklifi peyda oldu.
Təbii ki, I.Əliyevin razılığı olmasaydı hər hansı bir Azərbaycan rəsmisi bu təkliflə çıxış etməyə cürət etməzdi. Bəs onda I.Əliyev bununla nə demək istəyirdi?
Elə neçə gündür ki, təhlilçilər bu sual üzərində baş sındırır. Amma artıq bəzi məqamaları qeyd etmək olar.
Birincisi, Rusiyanın xoşuna gəlməsə də, I.Əliyev onun sıxışdırdığı ölkələrə yardım etməyi və onları böhranlı vəziyyətdən çıxarmağı sevir. Yadınıza gəlirsə, oxşar vəziyyət vaxtilə Belarusla bağlı yaranmışdı. O vaxt Azərbaycan Belarusa yardım əlini uzatdı.
Ikincisi, bu, Ermənistana edilmiş bir çağırışdır. Bu ölkə azacıq olsa da Rusiyadan asılılığını azaltmaq istəyirsə, Azərbaycanın təklifinə münasibət bildirməlidir. Rusiyanın Ermənistana satdığı qazın min kubmetri 315 dollardır. Azərbaycan isə bundan təxminən 100 dollar az məbləğ təklif edir – min kubmetrə 230 dollar! Bu, Azərbaycanın Gürcüstana satdığı qazın qiymətidir.
Üçüncüsü, I.Əliyevin bu təşəbbüsü Ermənistan hakimiyyətindən daha çox onun cəmiyyətinə hesablanıb. I.Əliyev bu təklifi ilə bir növ qonşu ölkənin meydançasına top atdı. Bununla o, heç nə itirmir, əksinə, qazanır.
Dördüncüsü, I.Əliyev bunu seçki ərəfəsində etdi. Təbii ki, onun bu təşübbüsünü Qərb təqdir edəcək.
Amma Erməniistan hələ də susmaqda davam edir. I.Əliyev öz təşəbbüsü ilə onu bir qədər anlaşılmaz vəziyyətə salıb. Bir tərəfdən Azərbaycan prezidenti danışıqları imitasiya etmək istəmir və bununla da Ermənistan rəhbərliyini möhkəm əsəbiləşdirir, o biri tərəfdən də belə bir təkliflə çıxış edir.
ABŞ Rusiyanı niyə hərəkətə gətirə bilmədi?
Minsk qrupu həmsədrlərinin son təşəbbüsü baş tutsaydı, iki ölkənin prezidentləri iyunun 12-də Avstriyanın Zalsburq şəhərində görüşməli idilər. Amma bu sətirlər yazılanda görüşün baş tutacağı haqda hər hansı məlumat yox idi, daha çox belə təəssürat yaranırdı ki, o, baş tutmayacaq. Əvəzində hər iki ölkənin xarici işlər nazirlərinin Rusiyaya və ABŞ-a səfərləri oldu. E.Məmmədyarovun Rusiyada dediklərindən belə məlum oldu ki, bu gün Azərbaycan üçün əsas məsələ seçkidir və o, buna görə hətta Qarabağ danışıqlarında taym-aut götürməyə hazırdır.
Hər iki ölkənin xarici işlər nazirləri ABŞ-da oldu. Amma hətta prosesdən uzaq adam da hiss edir ki, yaxın müddət üçün ABŞ-ın bu problemlə bağlı elə bir planı yoxdur. ABŞ bir müddət məsələni Rusiyanın öhdəsinə buraxmışdı.
Bu, D.Medvedevin prezidentliyi dövründə olmuşdu. Sonra V.Putin hakimiyyətə qayıtdı və ondan əvvəlki prezidentin təşəbbüsü yarımçıq qaldı. Indi də elə bir vaxtdır ki, V.Putinin I.Əliyevə münasibəti haqqında yalnız böyük və ziddiyyətli ehtimallar səslənir.
Bəlkə, elə ABŞ dövlət katibinin Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərini qəbul etməkdə əsas məqsədi Rusiyanı bir az hərəkətə gətirmək idi. Amma Rusiya hərəkət etmir. Böyük ehtimalla demək olar ki, V.Putin belə bir təşəbbüsdə bulunsaydı I.Əliyev onu eşidərdi, üçtərəfli görüşə qatılardı. Bu, onun üçün V.Putinlə soyumuş münasibətlərini bir qədər isitmək üçün həm də fürsət olardı.
Bəs prosesin inkişafı ilə bağlı nə demək olar? Çox güman ki, ABŞ-ın da təşəbbüsü elə bu səviyyədə qalacaq. Rusiya da əlavə cəhd etməyəcək. Indi hər üç dövlət üçün əsas məsələ Azərbaycandakı seçkilərdir. Seçki dövrlərində, hətta bu seçki Azərbaycan kimi ifrat dərəcədə müəyyən ölkədə baş versə belə, böyük diplomatik proses müşahidə olunmur. Üstəlik, bir incə məqam da var…
Ermənilər bizimlə barışmaq istəyirmi?
Münaqişələrə geosiyasi prizmadan baxmaq, onları müxtəlif geosiyasi maraqların nəticəsi kimi təqdim etmək adi haldır. Azərbaycan-Ermənistan münaqişəsinə də hamı belə yanaşmağa adət edib.
Azərbaycanda hamı bu fikirdədir ki, münaqişənin arxasında Rusiya dayanıb.
Burada həqiqət böyükdür, Rusiya münaqişənin bu səviyyəyə gəlib çatması üçün çox şey edib. Amma budur, Rusiya Ermənistanın arxasından qaçır, Azərbaycan isə ona Rusiyadan asılılığın azaltmağın yolunu təklif edir.
Amma Ermənistan susur və böyük ehtimalla Azərbaycanın təklifinə cavab verməyəcək. Deməli, heç də hər şey Rusiyanın iradəsi ilə həll olunmur. Bunu niyə qeyd edirik? Son iyirmi ilin siyasi əfsanələrindən biri də “girov erməni xalqı” haqqındakı əfsanədir. Budur, top indi həmin “girov xalq”ın tərəfindədir. O, “Hə, barışaq!” deyə cavab verəcəkmi?