Azərbaycan bu sahədə də başqa ölkələrdən geri qalır
Son illər Azərbaycanda kitaba marağın azaldığı tez-tez təkrarlanır. Bunun əsas səbəbi kimi internetin geniş yayılması, elektron kitabları əldə etməyin daha asan olduğu göstərilir. Bununla belə kitab oxumaq vərdişindən əl çəkməyənlər də az deyil. Baxmayaraq ki, ölkədə kitabxanaların və kitab mağazalarının sayında da kəskin azalma var. Əgər paytaxtda bir neçə kitab mağazasına rast gəlmək olursa, regionlar barədə bunu demək mümkün deyil.
20-25 il bundan əvvəl, demək olar, hər kənddə, qəsəbədə heç olmasa bir kitabxana var idi. Rayon mərkəzlərində isə bir neçə kitabxana və kitab mağazaları olurdu. Indi isə əvvəllər kitab mağazası kimi fəaliyyət göstərən yerlər təyinatını dəyişib. Eyni sözü kitabxanalar barədə də demək olar. Elə Mədəniyyət və Turizm Nazirliyi də kitabxanaların sayının artırılmasında maraqlı deyil. Nazirlik 2013-cü ilin sonuna kimi şəbəkəsindəki kitabxanaların birləşdirilməsini yekunlaşdırmağı nəzərdə tutur. Əgər nazirliyin şəbəkəsində 4500 kitabxana var idisə, ötən ilin sonuna onların sayı 4000-ə qədər enib. Bu ilin sonuna qədər Kitabxana şəbəkəsinin bundan sonra da ehtiyaca uyğun şəkildə optimallaşdırması nəzərdə tutulur. Nazirlikdə düşünürlər ki, bir neçə kitabxanadansa, fəaliyyəti gücləndirilmiş bir kitabxananın olması daha yaxşıdır. Nəticədə kitab oxumaq istəyənlərin kitab əldə etmək imkanı bir qədər məhdudlaşır. Elmə diqqət yetirilməyən ölkədə kitaba belə münasibət təəccüblü deyil. Bəs dünyanın digər yerlərində kitaba maraq nə səviyyədədir?
Ən çox kitabxana Avropadadır
Beynəlxalq Kitabxanalar Assosiasiyasının məlumatına görə, dünyada 570 min kitabxana var. Onların əksəriyyəti, yəni təxminən 440 mini Avropadadır. Şimali Amerikada 125 min kitabxana fəaliyyət göstərir. Ən az kitabxana isə Afrikadadır – cəmi 1200. Bu kitabxanalarda 20 mlrd-dan artıq kitab, 1,5 mlrd mikrofilm, 10 mlrd jurnal və qəzet saxlanılır. Ən zəngin kitabxanalar yenə də Avropadadır – təxminən 16 mlrd kitab. Şimali Amerika kitabxanalarında 12 mlrd, Asiyada 1,5 kitab var. Dünyada kitabxanaların saxlanılmasına 8,7 trln dollar xərclənir. 2,5 mlrd adam kitabxanaların daimi abunəçiləridir. Bu göstəriciyə görə də Avropa liderdir. Bu qitədə 1,8 mlrd adam mütəmadi olaraq kitabxanalardan istifadə edir. Asiyada bu göstərici 215 mln, Şimali Amerikada 77 mln nəfərdir. Avropada hər il 1,1 trln kitab əməliyyatı həyata keçirilir, yəni bu sayda kitab oxuculara təqdim edilir. Asiyada 82 mlrd, Şimali Amerikada 66 mlrd belə əməliyyat həyata keçirilir. Cənubi Amerikada ildə 48 mln kitab oxuculara təqdim edilir. Maraqlıdır ki, Afrikada bu rəqəm 10 dəfə artıqdır.
Adambaşına düşən kitab sayına görə lider ölkə – Gürcüstan
UNESKO-nun Statistika Institutunun məlumatına görə, adambaşına düşən kitabxana kitablarının sayına görə Gürcüstan lider ölkədir. Bu ölkədə hər min nəfərə 16 min 500 kitab var. Monakoda bu göstərici 9781, Lixtenşteyndə 4 968, San-Marinoda 3 704, Islandiyada 2 831, Ermənistanda 2295 (6-cı yer), Estoniyada 1 714, Lüksemburq 1 707, Litva 1601, Makedoniyada 1458-dir. Belarusda hər min nəfərə 667 kitabxana kitabı düşür. Bu göstəriciyə görə isə ölkə 19-cü yerdədir. Digər MDB dövlətlərindən Moldova bu siyahıda 21-cidir. Bu ölkədə min nəfərə 598 kitab düşür. Qırğızıstan min nəfərə düşən 576 kitabla 22-ci yerdədir. 26-cı yerdə qərarlaşan Rusiyada bu göstərici min nəfərə 513 kitabdır. Azərbaycan bu siyahıda 29-cu yerdə qərarlaşıb. Ölkəmizdə hər min nəfərə 467 kitabxana kitabı düşür. Azərbaycandan zəif göstərici yalnız 41-ci yerdə olan Qazaxıstan (min nəfərə 249 kitab) və 55-ci yerdə olan Ukraynadadır (min nəfərə 88 kitab). Göründüyü kimi, min nəfərə düşən kitabların sayına görə Azərbaycan qonşularından, o cümlədən Ermənistandan xeyli geridə qalır. Orta hesabla dünyada hər min nəfərə 833 kitabxana kitabı düşür.
Təkcə ABŞ-da 118 min kitabxana var. Bu ölkədə əhalinin 68 faizi (208 mln nəfər) kitabxanalara abunədir. Misal üçün, Rusiyada bu göstərici cəmi 25 faizidr. Bir ildə nəşr olunan kitabların sayına görə də ilk yerdə ABŞ və Böyük Britaniya qərarlaşıb. Hər il bu ölkələrdə təxminən 300 min kitab nəşr olunur. Çində bu göstərici 101 min kitabdır. Almaniyada 72 min, Yaponiyada 57 min, Ispaniyada 47 min, Rusiyada 37 min, Italiyada 36 min, Fransa və Niderlandda isə 35 mindir. ABŞ-da bir ildə 24 mlrd 260 mln dollarlıq kitab satılır. Satılan kitabların sayı 830 milyonu ötür. Elektron kitablar bura aid deyil. Rusiyada son 20 ildə kitab satışı xeyli aşağı düşüb. Hazırda bu ölkədə ildə 715 mln kitab satılır. 20 il əvvəl bu göstərici 1 mlrd 630 mln olub. Şimal qonşumuzdan fərqli olaraq ABŞ-da kitaba maraq ildən-ilə artır. Əgər 20 il əvvəl bu ölkədə adambaşına kitabxanadan 7 kitab götürülürdüsə, hazırda bu göstərici 9 kitabdır. Son 3 ildə bu ölkədə kitabxanaların abunəçilərinin sayı 11 faiz, verilən kitabların sayı isə 41 faiz artıb. Bu isə bir daha onu deməyə əsas verir ki, internetin geniş yayılmasının kitaba marağı azaltması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.
“Skandinaviya nümunəsi”
Son illər kitaba böyük marağın qaldığı Skandinaviya ölkələrində kitablar müxtəlif yollarla oxuculara çatdırılır. Ənənəvi kitab satışını abunələrə əvəz edir. Məsələn, Finlandiyada satılan kitabların 50 faizdən artığı oxuculara poçt vasitəsilə çatdırılır. Isveçdə bu göstərici 45 faizdir. Bu ölkələrdə kitabların 13 faizi oxucu klubları vasitəsilə əhaliyə çatdırılır. Isveçdə bu yolla satılan kitabların sayı kitab mağazalarındakı satışdan xeyli artıq olub. Norveçdə və Danimarkada isə oxucular daha çox kitab mağazalarına üz tutmağa üstünlük verir. Ancaq iri nəşriyyatlarda kitabları oxuculara çatdırmaq üçün xüsusi xidmət fəaliyyət göstərir. Britaniyanın Sterling Marketing şirkətinin məlumatına görə, poçt vasitəsilə oxuculara çatdırılan kitabların sayına görə dünyada ilk üç yeri Almaniya, Isveçrə və Isveç tutur. Norveçdə kitab satışı gəlir vergisindən azad edilib. Danimarkada hər il büdcədən kitab nəşrlərinə vəsait ayrılır. Bu ölkədə kitablara çəkilən xərc Finlandiyadan 4, Britaniyadan isə 6 dəfə çoxdur. Danimarka Mədəniyyət Nazirliyi büdcəsinin 40 faizini kitabxanalara xərcləyir. Isveçdə kitabxanalara çəkilən xərc ABŞ-dan 10 dəfə çoxdur. Skandinaviya ölkələrinin hamısında kitabxanalardan istifadə pulsuzdur.
***
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, internetin geniş yayılması, elektron kitabların əldə edilməsinin rahat olması heç bir halda kitabxanaların bağlanmasına, kitab nəşrinin azalmasına imkan vermir. Bütün göstəricilərə görə Azərbaycandan öndə olan ölkələrin nümunəsi də buna misaldır.
Fizzə