147-148-ci maddələrin təsirinin internetə də şamil olunmasına təşəbbüs ediləndən sonra hakimiyyətyönümlü insanlar onu sanki yenidən kəşf ediblər. Səhifələrə baxanda hətta belə təsəvvür yaranır ki, hər yazara bir internet fəalı təhkim edilib. Onlar nə edirlər?
Yazılara onların özündən də böyük şərhlər yazır, bu şərhlərdə hakimiyyətin daxili və xarici siyasətini vəsf edir, yazıların siyasi təsirini heçə endirməyə çalışırlar.
Bunu bir rəqabət amili kimi də qəbul etmək olardı, əgər bu şərhlərdə yazı müəlliflərinə qarşı təzyiq və hətta hədə elementləri olmasaydı. Ümumilikdə götürəndə isə, demək olar, artıq internetdə də bir siyasi “ov”un başlandığı hiss olunur, onun səhifələrində də diffamasiya təzahürləri axtarırlar.
Təbii ki, diffamasiya haqqında qanun qəbul edilsəydi bundan bir o qədər də narahat olmağa dəyməzdi. “Söz sözü çəkər” deyiblər. Elə bu günlərdə eşitdik ki, diffamasiya haqda qanunun layihəsi nəhayət ki, baxılmaq və rəy verilmək üçün Venesiya komissiyasına göndərilib. Amma…
Gözlədik, gözlədik və axırda da…
Bəli, çox gözlədik. Fəqət, bu ölkədə heç nə “amma”sız keçinmir. Bəlli oldu ki, layihədə iki əsas məqam yer almayıb. Bunlar hansılardır?
Birincisi, diffamasiyanın dekriminallaşması, Cinayət Məcəlləsindən onun tamamilə çıxarılmasıdır. Insanlar, xüsusən də jurnalistlər əsasən bunu gözləyirdi. Əgər bu edilməyibsə, diffamasiya dekriminallaşmayıbsa, daha bu qanunu qəbul etməyin nə mənası var?
Ikincisi, diffamasiyaya qarşı nəzərdə tutulan kompensasiyaların məhdud bir səviyyəyə gətirilməsidir. Bu da edilməyib.
Təsəvvür edin, Azərbaycanda qəzetə 100 min manat cərimə təyin edilir. Axı cərimələrin də bir məntiqi əsası olmalıdır, cərimə elə həddə olmalıdır ki, onu ödəmək mümkün olsun! Qanun layihəsi bunu da nəzərə almırsa, onun qəbul edilməsinə nə ehtiyac var?
Hakimiyyətin itirmək istəmədiyi “rıçaq”lar…
Azərbaycanda sualların cavabı onların özündədir. Hakimiyyət nədən həmin məsələ ilə bağlı bu qədər müqavimət göstərir? Cavab sadədir: o, müstəqil media institutlarına öz təsir “rıçaq”larını itirmək istəmir.
Heç kim üçün sirr deyil ki, hakimiyyət məşhur “böhtan və təhqir” maddələri ilə çox gözəl manipulyasiya edir. Onun adamları və yaxud da ki, ona yaxın adamlar qəzetlərin boynuna böyük cərimələr qoyur, onların bank hesablarını dondururlar. Nəticəsi nə olur? Qəzet faktiki olaraq çökür! Bunu başqa cür adlandırmaq mümkün deyil.
Qaununsuz ölkədə hər şeyi böhtan kimi yozmaq çox asan məsələdir. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var.
Bir çox hallarda jurnalistlər öz araşdırmalarında lazımi dərinliklərə getmək iqtidarında olmurlar. Bəzi hallarda isə (bəlkə də əksər hallarda!) əksinə, məhkəmələr ağına-bozuna baxmadan sifarişli qərarlar qəbul edirlər.
Belə hallar Azərbaycan üçün çox xarakterikdir – bu ölkədə haqlı olmaq hələ haqlı sayılmaq, özünün haqlı olduğunu təsdiq etmək demək deyil, bunun üçün ən azı Avropa Məhkəməsinə qədər gedib çıxmaq lazımdır ki, bəlkə bu ölkə öz beynəlxalq öhdəliyini nəzərə alıb, nəhayət ki, sənin haqlı olduğunu etiraf etmiş olsun…
“Samosud” hələ bundan sonra olacaq, yoxsa…
Diffamasiyadan söhbət düşəndə deyirlər ki, ölkədə “samosud”un baş alıb getməsinə razı ola bilmərik. Amma sual yaranır: bu “samosud” hələ nə vaxtsa başlayacaq, yoxsa artıq gedir?
Biz bu suala birmənalı cavab verə bilmirik. Zənnimizcə, bu gün müstəqil qəzetlərə, jurnalistlərə, hüquq müdafiəçilərinə, siyasi partiyalara qarşı münasibətinin özü bir “samosud”dur!
Cərimələnən qəzetlər az qala iki dəfə ikinin dörd olduğunu sübut edə bilmir, qanuni, dövlət qeydiyyatı olan siyasi partiyalar tədbirlərini – iclaslarını keçirə bilmir “budur ölkənin hüquqi fasadı, onun hüquqi görüntüsü”.
Bunu necə adlandıraq? Məgər bunlar elə “samosud” deyilmi? Axı ola bilməz ki, bütün məsələlərdə həmişə hakimiyyət strukturları haqlı olsun. Heç olmasa, bir məsələ olubmu ki, məhkəmə elə birinci instansiyada etiraf etsin ki, bəli, bu dəfə hakimiyyət haqlı deyil, məsələn, qəzet haqlıdır?!
Çox çalışıram, di gəl, belə bir epizod xatırlaya bilmirəm. Burada yadıma belə bir deyim düşür: insanlar elə hey deyirlər ki, qiyamət nə vaxtsa gələcək, amma qiyamət artıq gedir…