AXCP sədri Əli Kərimli Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi münasibətilə xalqı təbrik edib. Təbrikdə deyilir:
Əziz həmvətənlərim, sizi xalqımızın ən önəmli günü, gerçəkdən milli bayramımız, Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm!
95 il öncə – 1918-ci il mayın 28-də görkəmli dövlət və ictimai xadim, dahi mütəfəkkir, siyasətçi və publisist, milli istiqlal hərəkatına başçılıq etmiş Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları islam və türk dünyasında ilk demokratik, hüquqi, dünyəvi dövlət qurdular. Demokratik Respublika mövcud olduğu 2 il ərzində xalqımızın tarixinə qızıl hərflərlə yazılan misilsiz xidmətlər göstərib. Şərqdə ilk demokratik parlament təsis edildi, milli bayraq və himnin təməli qoyuldu, türk dili dövlət dili elan edildi, ilk milli ordu və polis orqanları yaradıldı, Bakı şəhəri işğaldan azad edildi və ölkənin paytaxtına çevrildi. Təhsil, insan haqları, söz azadlığı, siyasi plüralizm sahəsində, xarici siyasətdə böyük nailiyyətlər qazandı. AXC-nin qurucularının istisnasız olaraq hamısı maarifpərvər, yüksək intellekt sahibi, azadlıqsevər, mübariz dahi şəxsiyyətlər olub, müstəqillik uğrunda yorulmadan mücadilə ediblər. Həqiqətən çox çətin həyat və mübarizə yolu keçmiş bu fədakar insanları şükranla anırıq!
İlk respublikamız süquta uğrasa da, milli azadlıq, dövlətçilik, demokratiya idealları xalqımızın ürəyindən silinmədi, XX əsrin sonlarında yenidən dirçələn Milli Azadlıq Hərəkatı sayəsində Azərbaycanın müstəqilliyi, dövləti, bayrağı və himni bərpa olundu. Sizlər bu milli mücadilənin iştirakçısı, öndə gedənlərindən olmusunuz , dəyərli həmvətənlərim!
Hazırda ölkədə hökm sürən antidemokratik, korrupsioner, xalqı talayan bir tayfa rejiminin hökm sürdüyü hamımıza məlumdur. Yoxsulluq, ədalətsizlik, məmur özbaşınalığı, rüşvətxorluq baş alıb gedir. İnsanlar azad fikirlərini ifadə etdiklərinə, azad söz, toplaşmaq azadlığı kimi qanuni hüquqlarını tələb etdiklərinə görə həbsə atılır, azad mətbuat boğulur, müstəqil informasiya vasitələrinə əngəllər yaradılır. Bütün bu neqativ hallar sizi bədbinliyə düçar etməməlidir, bizləri müstəqillik, azadlıq ideallarımızdan, onların uğrunda mübarizəmizdən çəkindirməməlidir. Biz indi nəinki demokratik dəyərlər, hüquq və azadlıqlarımız, ədalət, həm də milli dəyərlərimiz və tariximiz uğrunda mübarizə aparırıq. Gəlin 28 may Respublika günümüzə sahib çıxaq, onu saxta, qondarma bayramların kölgəsində qoymayaq. Bu, bizim, Azərbaycan xalqının, əsrlər boyu istiqlal uğrunda mücadilə etmiş əcdadlarımızın, yoxdan bir dövlət, bayraq yaradaraq bizlərə böyük əmanət qoyub getmiş M.Ə.Rəsulzadə və onun əqidədaşlarının, onların davamçısı Əbülfəz Elçibəy və onun cəbhədaşlarının, vətən uğrunda canından keçmiş şəhidlərimizin, qazilərimizin, usanmadan mübarizəsini indiyə qədər davam etdirən bütün müasir demokratik kəsimin bayramıdır. Bu, qutsal bir bayramdır. 28 may qəlbimizdə kök salmalı, ailəvi, gerçək milli bayramımıza çevrilməlidir. Sizi bu bayramı çox şən, birlikdə, mübarizə əzminizi bir an belə unutmadan böyük təntənə ilə qeyd etməyə çağırıram.
Hörmətli həmvətənlərim, sizi bir daha Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi, müqəddəs bayramımız münasibəti ilə təbrik edir, hər birinizə sağlıqlı uzun ömür, işlərinizdə, layiq olduğunuz demokratik cəmiyyət qurmaq, doğal haqqlarınız naminə mövcud diktatura rejiminə qarşı mübarizədə uğurlar diləyirəm!