İcra başçılarına hansı direktivlər verilib?
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin icra başçıları ilə görüşü barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. Yada salaq ki, Ramiz Mehdiyev mayın 24-də icra başçılarını Prezident Administrasiyasına toplayıb.
Redaksiyamıza daxil olan ilkin məlumatlarda deyilirdi ki, toplantı prezident seçkisi ilə bağlı olub. Ramiz Mehdiyev seçki ilə bağlı icra başçılarına müvafiq tapşırıqlar verib.
Dünənki məlumatlarda isə deyilir ki, PA rəhbəri icra başçıları ilə görüşdə açıq danışıb. O, hakimiyyətin vəziyyətinin kritik durumda olduğunu deyib. Ramiz Mehdiyev seçkiyə ümidsizliyinə qapıldıqlarını deyib. Icra başçılarına bildirib ki, bu dəfəki seçki əvvəlkilərindən fərqli olacaq. Ona görə də bu seçkiyə hazırlıq işləri yüksək səviyyədə aparılmalıdır. Ramiz Mehdiyev icra başçılarına tapşırıb ki, arxayın olmaq olmaz. Bu dəfə seçkiyə demokratik seçkiyə hazırlaşan kimi hazırlıq görülməlidir. Bu o demək deyil ki, Ramiz Mehdiyev seçkinin demokratik keçirilməsini istəyir. Sadəcə PA rəhbəri icra başçılarına saxtakarlığa ümid etməməyi tapşırıb.
Ramiz Mehdiyevin təlaşı səbəbsiz deyil. Qərb Azərbaycan hakimiyyətindən seçkinin demokratik və şəffaf keçirilməsini israrla tələb edir. Müşahidələr göstərir ki, Qərb və Avropa strukturları bu dəfə seçki saxtakarlığını sükutla qarşılamayacaq. Digər tərəfdən hakimiyyətin region ölkələrilə də münasibətləri yaxşı deyil. Və proseslər hakimiyyətin bu il tarixin arxivinə göndərilməsilə yekunlaşa bilər.