İqtidar Rusiya və Qərb arasında çabalayır
Prezident seçkisi yaxınlaşdıqca Azərbaycan hakimiyyətinin narahatlığı artır. Bu da səbəbsiz deyil. Hələ seçkiyə 5 ay qalıb, amma iqtidar hər tərəfdən ciddi təzyiqlər görür. Avropa strukturları, Qərb seçkilə bağlı birmənalı mesajlar verir: Seçki demokratik və şəffaf qaydada keçirilməlidir.
Əslində bu Ilham Əliyevin 3-cü dəfə prezident olmaq cəhdlərinin qarşısının demokratik şəkildə alınması istiqamətində addımdır. Amma Ilham Əliyev demokrat deyil, ona görə də bu mesajları qəbul etmək istəmir. Bu isə Qərbi digər avtoritar liderlərlə olduğu kimi Ilham Əliyevlə də öz dilində danışmaq məcburiyyətində qoyur. Böyük ehtimalla seçki yaxınlaşdıqca təzyiqlər daha sərt xarakter alacaq. Ilham Əliyev də bu təhlükəni hiss edir. Ona görə də yenidən siyasi proseslərə təsir imkanları olan regionun ölkələrinə üz tutur. Irana və Rusiyaya səfərlərin kökündə məhz seçki ilə bağlı narahatlıq dayanır.
Əliyev iqtidarının ümidi olmasa da, düşünür ki, Kremlə münasibətləri qaydaya salarsa Rusiyanın dəstəyi ilə hakimiyyəti qoruya bilər. Amma həm Ramiz Mehdiyevin Irana, həm də Elmar Məmmədyarovun Rusiyaya səfəri hələki istənilən nəticəni verməyib. Ona görə də səfərlərin davam etdirilməsi nəzərdə tutulub. Elmar Məmmədyarovdan sonra Ramiz Mehdiyevin Rusiyaya səfər edəcəyi bildirilir.
Hakimiyyət həm də Qərbi qıcıqlandırmamağı düşünür. Rusiya və Iranla təmaslarla paralel Avropaya, Qərbin müxtəlif beyin mərkəzlərinə emissarlar göndərilir. Məlumatlara görə, Ilham Əliyevin xanımı Mehriban Əliyevanın Fransaya səfəri də bu qəbildəndir. Hakim ailə hesab edir ki, Qərbdən əlini üzsə də, balansı qorumağa çalışır. Ehtiyat edir ki, Rusiya və Iranla sıx təmaslar qurmaq cəhdi Qərbi qıcıqlandıra və bu hakimiyyətin sonunu daha da yaxınlaşdırar.
Beləliklə, ümidsizliyə qapılan Azərbaycan hakimiyyəti məcburiyyətdən doğan son gedişlərini edir.