Türkiyənin Suriya ilə sərhədində baş vermiş son terror hadisəsinin müdhiş, dəşhətli mənzərələri sonuncu ölkədə artıq ikinci ildir ki, davam edən vətəndaş müharibəsinin acı təsvirlərindən heç də geri qalmadı. Baş vermiş hadisə bir daha Suriyada cərəyan edən hadisələrin tək bir ölkə üçün problem olmaması fikrini bir daha qabartdı.
Amma nə edəsən ki, “ərəb Balkanı” adlana biləcək ölkədəki qırğınlar, bu qırğınların və nəzarətsizliyin bölgə üçün də böyük təhdükə yarada bilməsi belə Suriya məsələsində nöqtənin qoyulması üçün hələ də kifayət etmir. Niyə belə olur, nədən Suriyaya müdaxilə yubanır-artıq bu sualın da cavabı münaqişənin özü kimi köhnədir.
NATO Türkiyə ilə həmrəy olduğunu və bu ölkənin atacağı istənilən addımı dəstəkləyəcəyini bəyan edir. Amma bu bəyanatda başqa bir məqam da bundan az diqqəti cəlb etmir – Alyans Suriya məsələsində Türkiyəni ön planda görmək istəyir. Amma Türkiyə də öz növbəsində bu perspektivdən qaçır, özünün heç bir vaxt Suriyada artıq ikinci ildir ki, davam edən vətəndaş müharibəsinə cəbl olunmasına imkan verməyəcəyini bildirir.
Bizdə həmişə belə təsəvvür yaranıb ki, bölgədə Türkiyəyə bu vaxta qədər ayrılan rol əslində onun hərbi-siyasi potensialını bir qədər şişirdir. Bu bölgədə Israil daha qabarıq şəkildə nəzərə çarpır, nəinki Türkiyə. Elə məşhur “kürd məsələsi”ndə də bunu sezmək mümkündür. Türkiyə bu vaxta qədər bu problemi öz ərazisindən kənara çıxara bilərdi.
Amma reallıqda nə baş verdi? Iraq, Iran və Suriya problemi Türkiyə ərazisinə transfer etdi. Düzdür, bu məsələdə Türkiyənin demokratik dövlət olması da az rol oynamadı, çünki demokratiyalar bir qayda olaraq çətin və ləng müdafiə olunur. Buna rəğmən avtoritar Suriya, Iran və hətta Iraq ərazisindəki etnik separatizm meyllərini daha asan cilovlaya bilirdi.
Indi bölgənin mövcud siyasi arxitekturası dəyişməyi vəd edir. Bu dəyişikliklər bir neçə məsələni kökündən dəyişmək iqtidarındadır. Amma bunun üçün öncə Suriyadakı proseslər öz çözümünü tapmalıdır. Buna aparan yollar isə hələ də qısalmır. Yollar isə ona görə qısalmır ki, tarixdə özünü “yollar ölkəsi” adlandıran Rusiya hələ də maneə törətməkdə davam edir. Bu cür davranışın əsl səbəblərini tapmaq müşkül məsələdir. Suriya Rusiya üçün nə önəm kəsb edir?
Əslində Rusiya çoxdandır ki, Yaxın Şərqdə yoxdur. Amma özünün BMT-dəki veto hüququndan istifadə edərək hər dəfə bu bölgədə növbəti avtoritar qalanın çökməsinə əngəl yaradır. Ona görə də sualı bir daha təkrar etmək və onu aktuallaşdırmaq istərdik: Suriya Rusiya üçün nə deməkdir? Sadəcə silah bazarı, yoxsa daha bir anti-Qərb plastdarmı? Bəlkə də bunların hər ikisi var. Amma düşünürük ki, burada sırf psixoloci məqamlar da az deyil. Yaxın Şərq Rusiyanı həmişə cəlb edib. Bu bölgə xəyalən onu həmişə cəzb edib. Amma bir amil – neft ehtiyatlarının getdikcə tükənməsinə görə ABŞ-ın bu bölgəyə müdaxilə etməsi, özü də aktiv müdaxilə etməsi Rusiyanın, necə deyərlər, istək və arzularını ürəyində qoyub.
Güman edirik ki, B.Əsədin də bu vaxta qədər belə israrla müqavimət göstərməsi həm də onunla bağlıdır ki, onun da yolları Rusiyadan keçir. Bu adam bəlkə də ona görə belə müqavimət göstərir ki, sadəcə getməyə yeri yoxdur. Düzdür, buna bir başqa aspektədən də baxmaq olardı – B.Əsədin öz öləkəsində tökdüyü qanlar onun ayaqlarında buxova çevrilib, o, artıq bəlkə istəsə də, Suriyanı diri tərk edə bilməz, çünki hara getsə tapıb gətirəcəklər. Siyasət də lap od kimidir, yaxın məsəfədən isidir, amma elə ki, çox yaxın getdin, necə deyərlər, qırmızı sərhədi keçdin, artıq yandırır.
B.Əsəd artıq çoxdan qırmızı sərhədi keçib. Bəlkə o, özü də bunu hiss edir və Liviya liderləri kimi öz qarşısında üç çıxış yolu görür. Bu çıxış yollarının üçündə də bir fikir ifadə olunub: sona qədər, ən axırıncı dəqiqəyə qədər Suriyada qalmaq və lazım gələrsə, bu ölkədə ölmək. O, bəlkə də başqa cür düşünür, bunu da istisna etmirik, çünki arabir onun özü və ailəsi üçün sığınacaq axtarması haqda da xəbərlər yayılır. Amma gec deyilmi?
Kiçik sözardı
Bəli, təəssüf ki, Suriya düyününün açılış yubanır. Onun çözülməsi bir çox siyasi administrasiyaların diqqətini başqa məsələlərə yönəldə bilərdi. Gəl, məsələ həll olunmur ki, olunmur.
Demirik ki, B.Əsədin çökməsi başqa avtoritar liderlər üçün dərs olacaq və bu adamlar bu məsələdən hansısa nəticələr çıxaracaq. Yox, təcrübə göstərir ki, onlar heç kimdən və heç nədən dərs götürməyə adət etməyiblər, necə ki, bundan bir qədər əvvəl B.Əli H.Mübarəkdən, M.Qəzzafi B.Əlidən, B.Əsəd isə öz növbəsində M.Qəzzafidən dərs götürmədi. Sadəcə, Suriya probleminin sonluğu digər avtoritar liderlərin sonunun başlanğıcı ola bilərdi…