Nə qədər desək ki, dünyada avtoritarizmin inkişaf piki artıq arxada qalıb, yenə də elə ölkələr tapılır ki, onlar daxili siyasətlərini mülayimləşdirmək və ona demokratik məzmun vermək əvəzinə daha da sərtləşmək yolunu tuturlar.
Bunu da təbii qəbul etmək lazımdır. Onlar vəziyyətlərinin çıxılmaz və getdikcə daha çox ölkələrin və insanların onların əleyhinə olduğunu başa düşür, buna görə də bir növ qıcıqlanırlar.
Rəsmi Bakı da bu mənada istisna deyil, burada da çox şey azsaylı avtoritar ölkələrdə cərəyan etdiyi kimi baş verir: getdikcə daxili siyasətdə məntiqsiz addımların sayı artır, qeyri-müəyənlik elementləri çoxalır, siyasət tamamilə küncə sıxılmış adamın öz vəziyyətini düzəltmək üçün etdiyi xaotik, sistemsiz addımlarına bənzəyir.
“Xarici siyasət daxili siyasətin davamıdır” fikrinin tamamilə tərəfdarı olmasaq da, onu tam inkar etməkdən də uzağıq, çünki bu fikrin təzahürlərini bu gün rəsmi Bakının apardığı siyasətdə görmək olar: daxili siyasət hansı dolaşıq üsullarla və məntiqlə formalaşdırılırsa, xarici siyasət də buna bənzər forma alır.
Hətta iş o yerə çatıb ki, hakimiyyət daxilində ayrı-ayrı ölkələrin lobbiçiləri meydana çıxıb: biri Iranla münasibətləri yoluna qoymağa, digəri Rusiyanı neytrallaşdırmağa, üçüncüsü isə Qərblə əlaqələri sahmana salmağa çalışır və bir ölkədə bir söz, başqasında isə tamamilə fərqli bir bəyanat dilə gətirirlər.
Bəzən bunlar elə baş verir ki, adam bütün bu səslənən fikirlərin bir ölkənin rəsmilərinə aid olmasına şübhə etməyə başlayır.
Amma nə qədər maraqlı olsa belə, bu yazıda xarici siyasəti araşdırmaq fikrimiz yoxdur, çünki daxili siyasətdə bəzi detalları daha çox təhlil etmək kifayət edir ki, xarici siyasətin hansı hədəflər üzərində qurulacağına bir aydınlıq gəlsin.
Birindən qurtulmamış başqa problem yarandı…
Son günlərin ən maraqlı olayı sözsüz ki, məşhur 147-ci və 148-ci maddələrin təsirini internetə də şamil etmək cəhdidir. Çox maraqlıdır, uzun vaxtdır ölkədə diffamasiya haqqında qanunun aramsız müzakirəsi gedir və hər il ümid artırdı ki, nəhayət, bu qanun yaxın vaxtlarda qəbul ediləcək. Indi də əksər ekspertlərin rəyi belədir ki, bu il nəhayət, rəsmi Bakı həmin o qanunun qəbulunu gerçəkləşdirəcək, çünki bununla bağlı həm Avropa Şurasının və həm də daxildəki ictmai rəyin təzyiqi artır.
Düzdür, bəziləri belə deyir ki, bir qədər əvvəldə qeyd olunan iki maddənin təsiri artıq passiv xarakter daşıyır və diffamasiya haqqında qanunun qəbulu aktuallığını itirir. Amma bununla razılaşmaq çətindir, çünki ölkə mətbuatı cərimələrin təzyiqi altında üzülmək üzrədir.
Hər halda, bütün deyilənlərə rəğmən, ekspertlərin də ümumi rəyi budur ki, diffamasiya haqqında qanun qəbul ediləcək və biz də bunu inkar edən ciddi bir dəlil gətirmək iqtidarında deyilik, sadəcə gözləyirik.
Ümumilikdə internet məsələsi Azərbaycanda çox maraqlıdır. I.Əliyev həmişə öyünürdü ki, ölkədə Internet üzərində nəzarət yoxdur. Amma budur, artıq bu nəzarəti təsbit etmək üçün ilk təşəbbüs edilib, respublika prokurorluğu parlamentə bu məsələ ilə bağlı öz müraciətini edib. Məsələ necə həll ediləcək?
Düzü, I.Əliyev elə bir qeyri-müəyənlik yaradıb ki, onun açılışını yalnız o, özü edə bilər. Gözlənirdi ki, prezident seçkisi ərəfəsində diffamasiya ilə bağlı qanun qəbul ediləcək, çünki jurnalistlərə mənzil paylanması ilə birgə bu məsələ də I.Əliyevin reytinqini artıra və onu xarici müşahidəçilərin özündə islahatçı siyasətçi kimi təqdim edə bilərdi.
Amma yaranmış yeni vəziyyət dəqiq bir proqnoz vermək üçün əlverişli deyil. Ola bilsin, rəsmi Bakı vəziyyəti bir az da mürəkkəbləşdirməklə həll etmək istəyir ki, onun ölkə xaricindəki əks-sədası daha böyük olsun. Amma bu, bir fərziyyədir və bir qədər əvvəldə qeyd etdiyimiz kimi, ölkə elə bir məntiqlə idarə olunur ki, sabah hansı addımın atılacağını demək olduqca çətindir.
Kiçik sözardı
Düz deyiblər ki, ən yaxşı yol hakimiyyətin diqqətini cəlb etməməkdir, ona görə ki, hakimiyyət nəyisə hiss edir və sezirsə o, dərhal yasaqlar haqda düşünməyə başlayır. Internetlə də bağlı belə oldu. Yazılı mətbuatın təsiri azaldığı zamanda bəzi problemlərə – bahalığa və keyfiyyətsizliyə baxmayaraq internetin, xüsusən də sosial şəbəkələrin rolu artmağa, onlar populyarlaşmağa başladı və hakimiyət də bunu gördü. Indi, necə deyərlər, cin butulkadan çıxıb və rəsmi Bakı onu yenidən butulkaya qovmaq istəyir. Amma bacaracaqmı?