Nemət Əliyev: «Neft Fondunun şəffaflığı ilə bağlı söylənilən fikirlər blefdir»
Azər Mehtiyev: «Neft Fondunun vəsaitlər üzərində maliyyə nəzarəti imkanları çox məhddudur»
Bakıda keçirilən Cənubi Qafqaz forumunda ölkə başçısı Ilham Əliyev ənənəvi olaraq iqtisadi inkişafdan söz açıb. Birbaşa xarici sərmayələrə görə ölkəmizin regionda ilk yerdə olduğunu deyən ölkə başçısı ağır fəsadları, bəzi ölkələrin üzləşdiyi problemləri təkrarlamamaq məqsədilə Dövlət Neft Fondu kimi mexanizm yaradıldığını bildirib.
Dövlət Neft Fondunun dünyada ən şəffaf fondlardan biri kimi tanındığını iddia edən I.Əliyev bununla ölkəmizin çətin vəziyyətə düşməkdən sığortalandığını qeyd edib.
Dövlət başçısının sözlərinə görə, ölkəmiz kasıbların daha da kasıblaşması, varlıların daha da varlanması kimi haldan yan keçib.
Ölkə başçısının bu fikirləri birmənalı qarşılanmayıb.
İqtisadçı-ekspert Nemət Əliyev Neft Fondunun şəffaflığı ilə bağlı söylənilən fikirlərin reallığı əks etdirmədiyini deyir. Dövlət Neft Fonduna daxil olan vəsaitlər, neftin hansı qiymətə satılması ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanmır. Satılan neftin qiyməti ilə bağlı açıqlanan məlumatlar da dünya bazarındakı qiymətlərlə üst-üstə düşmür. Bu da neftdən gələn vəsaitlərin mənimsənildiyini deməyə əsas verir. Buna görə də Neft Fondunu şəffaf adlandırmaq mümkün deyil.
Ekspert Neft Fondunun vəsaitlərinin böyük hissəsinin xərcləndiyini və korrupsiyanın qurbanına çevrildiyini də qeyd etdi. Yalnız Dövlət Neft Fondunda cəmləşən vəsaitlərin dağıdılması ilə bağlı şəffaflıq mövcuddur. Çünki hər kəs bu fonda daxil olan vəsaitlərin neçə mənimsənilməsindən xəbərdardır. Amma Neft Fonduna daxil olan vəsaitlərin səmərəli istifadə olunması ilə bağlı deyilənlər blefdən başqa bir şey deyil: “Neftdən gələn pullar hesabına ölkənin sosial problemlərini həll etmək, yoxsulluğun səviyyəsini aşağı salmaq mümkün olmayıb. Əksinə, hər gün nə qədər insanın sosial problemlərlə üz-üzə qaldığının şahidi oluruq. Mülkiyyətlə bağlı nə qədər problemlər yaradılıb. Bir tərəfdən ölkəyə gələn maliyyə vəsaitləri artır, o biri tərəfdən iqtisadi sistem dağılır. Yoxsulluq ordusu əmələ gəlir. Məlum olur ki, bir il müddətində sosial yardım alanların sayı 400 mindən 600 minə qədər artıb. Ona görə dövlət başçısının səsləndirdiyi fikirlər reallığı əks etdirmir və gözdən pərdə asmaq niyyəti güdür. Beynəlxalq və ölkə ictimaiyyətinin gözündən düşmələrini bu cür yalançı, reallıqdan uzaq fikirlərlər ört-basdır etmək istəyirlər”.
İqtisadçı-ekspert Azər Mehtiyev digər dövlət qurumları ilə müqayisədə Neft Fondunun nisbətən şəffaf olduğunu deyir. Çünki bu qurumun fəaliyyəti ilə bağlı məlumatlar hesabatlara daxil edilir, həmçinin saytda yerləşdirilir. Neft Fondunun vəsaitlərinin böyük hissəsi dövlət büdcəsinə transfert olunur. Ancaq Neft Fondunun həmin vəsaitlər üzərində maliyyə nəzarəti imkanları çox məhddudur.
Fizzə