Zəmanəsinin ən populyar yazarlarından biri…
Çox güman ki, orta nəslin nümayəndələri onun adını yaxşı xatırlayır. Çünki o, həqiqətən də 70-ci illərin sonlarında Azərbaycanda ən çox oxunan yazıçılardan biri idi. Gənclər arasında adı xeyli populyar olan yazarlardan idi Nurəddin Babayev… Dövrünün məşhur yazıçılarından sayılan Nurəddin müəllim həm də gözəl publisist idi. O, professor kimi Azərbaycanda jurnalistika fakültəsinin əsas yaradıcılarından biri və ilk dekanı olmuşdur.
Nurəddin Həsən oğlu Babayev 1921-ci il mart ayının 23-də Gəncə şəhərində anadan olmuşdur. Ziyalı ailəsində doğulan gənc Nurəddin intellektual bir mühitdə böyümüşdür. Onun böyük əmisi Çar ordusunun generalı olmuşdur. Hələ uşaq yaşlarından Bakı şəhərinə köçən gənc məktəb illərindən istedadı, təfəkkürü və iradəsi ilə həm müəllimlərinin, həm də yaşıdlarının diqqətini çəkmişdir. Nurəddin Babayevin yaradıcılıq fəaliyyətinə dəstək verən şəxslər arasında ailənin yaxın dostu Əhməd Cavad da vardı. Böyük şairimiz onun gələcək inkişafında önəmli rol oynamışdır.
Yazıçı ədəbi fəaliyyətə 1939-cu ildə başlamış, bundan sonra müxtəlif qəzetlərdə tez-tez məqalə, oçerk və hekayələri dərc edilmişdir. N.Babayevin “Əbədi qəhrəmanlıq” adlı ilk kitabı 1945-ci ildə çap olunmuşdur. O, Böyük Vətən müharibəsində ön cəbhələrdə vuruşmuş, ağır yaralanmış və baş leytenant rütbəsi ilə Bakıya qayıtmışdır. Bakıya döndükdən sonra gənc yazar BDU-nun filologiya fakültəsinə daxil olmuşdur. Nurəddin Babayevin həyat və yaradıcılığına o dövrün məşhur ədibləri, mütəfəkkirləri olan müəllimləri də böyük təsiri göstərmişdir. Sonralar zaman keçdikcə bu tələbə-müəllim münasibətləri çox dərin, gözəl ailəvi dostluq münasibətlərinə çevrilmişdir.
N.Babayev 1943-45-ci illərdə “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, “Azərbaycan müəllimi” qəzetində redaktor müavini, 1953-cü ildən isə “Uşaqgəncnəşrdə” baş redaktor işləmişdir. Yazıçının fəaliyyətinin mühüm bir dövrü də müəllimlik fəaliyyəti ilə bağlı olmuşdur.
O dövrdə Azərbaycanda jurnalistika fakültəsi yox idi və bu, o dövrün gənc nəsil jurnalistləri üçün çərçivələr yaradırdı. Sadəcə, 1928-ci ildən filologiya fakültəsi nəzdində jurnalistika şöbəsi fəaliyyət göstərirdi. Beləliklə, 1969-cu ildə tanınmış alim və yazıçılarımız, o cümlədən Nurəddin Babayevin səyləri nəticəsində universitetdə “jurnalistika” fakültəsi yaradıldı. Bundan başqa, Jurnalistlər Ittifaqının təşkil olunmasında da Nurəddin müəllimin rolu çox böyük və əvəzsiz olmuşdur.
Oçerk üslubunun əsaslarını yaradan yazıçı…
BDU bitirdikdən sonra elmi-pedaqoji fəaliyyətə başlayan yazıçı 1953-cü ildən jurnalistika kafedrasında baş müəllim işləmişdir. O, 1958-ci ildə “Azərbaycanda bədii oçerkin inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi, daha sonra filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Onun Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Zasurskiy Yasen Nikolayeviç ilə dostluq münasibətləri olmuş, orada dəfələrlə müxtəlif məzmunlu mühazirələrlə çıxış etmişdir. N.Babayev Azərbaycan ədəbiyyatında oçerk üslubunun nəzəri əsaslarını yaratmış və bu yolda novator kimi tanınmışdır.
Dövrünün ən populyar yazıçılarından olan Nurəddin Babayev Azərbaycan Yazıçılar Ittifaqının üzvü, oçerk və publisistika şurasının sədri, 1954-cü ildən SSRI Yazıçılar ittifaqının üzvü, oçerk və publisistika şurasının üzvü, Jurnalistlər ittifaqının üzvü və Idarə heyətinin katibi, Əməkdar incəsənət xadimi, Əmək və müharibə veteranı, onlarla mükafatlar laureatı adını daşımışdır.
Yazıçı, publisist dəfələrlə müxtəlif elmi, mədəni layihələr və görüşlər ilə əlaqədar Fransa, Kuba, Bolqarıstan, Finlandiya kimi uzaq ölkələrdə, o cümlədən SSRI respublikalarında olmuşdur. Yazıçının bu ölkələrdə də bir çox məqalə və əsərləri çap edilmişdir. Nurəddin Babayev ömrünün sonuna qədər dövrünün ən çox çap olunan yazıçısı olmuşdur.
Nurəddin Babayevin yaradıcılığı çox rəngarəngdir. Onun ədəbi yaradıcılığında gənclərin təlim-tərbiyəsinə həsr edilmiş əsərləri xüsusi diqqət çəkir. Görkəmli yazıçının bu kitabları gənclər üçün stolüstü kitab olmaqla yanaşı, hər zaman tərbiyəvi, əxlaqi nəsihətlərlə zəngin xəzinədir. Bu əsərlərdən “Oğluma məktublar”, “Qızlar söz istəyir”, “Qızlar, sözüm sizədir”, “Işıq və məhəbbət”, “Ürəklər bir olanda” əsərlərini misal göstərmək olar. Bu qəbildən olan “Oğluma məktublar” əsəri “Qızıl qələm mükafatı”na layiq görülmüşdür. Bu əsər Bolqarıstanda “Ədəbiyyat” dərsliyinə daxil edilmişdir.
Gələcək üçün böyük elmi xəzinə…
N.Babayev Azərbaycan jurnalistikası tarixində ilk stabil dərs vəsaiti olan iki cildlik “Jurnalistika məsələləri” kitabının elmi redaktoru və əsas müəlliflərindən biridir. “Jurnalistika məsələləri” kitabına görə 1966-cı ildə o, “Qızıl qələm” mükafatına layiq görülmüşdür. Nurəddin müəllimin bir sıra əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə olunmuşdur. Yazıçının “Biz Azərbaycandanıq”, “Ürəyimdə sözüm var”, “Izləri itirmirik” kimi kitabları da öz məzmun və dəyəri ilə o dövrün gəncliyinin yetişməsində böyük rol oynamışdır.
Yazıçı həmçinin Azərbaycanda Ədəbiyyat və Incəsənət arxivinin təşkilində çox böyük rol oynamış, arxiv xəzinəsinə qiymətli materiallar vermişdir. Alim Maarif Teymurovun direktor olduğu Incəsənət və Ədəbiyyat arxivində Nurəddin müəllimin 31 saylı fondu ilk və ən zəngin fondlarından olub xalqımızın qorunulan sərvətidir.
Məşhur yazıçı müəyyən dövr ərzində C.Cabbarlı adına Bakı kinostudiyasında baş redaktor işləmiş, xüsusən sənədli-xronikal filmlərin, kino-oçerklərin, kino-curnalların məzmunlu, yüksək professional səviyyədə ekranlara buraxılmasında xüsusi xidmətləri olmuşdur. O, “Azərbaycan elmi”(1969), “Bacarıqlı əllər”(1963), “Nizami yurdu”(1968), “Həyatın mənası”(1979), “Axtaran tapar” və başqa elmi-sənədli filmlərin ssenari müəllifi olmuşdur.
Nurəddin Babayev 1991-ci il sentyabr ayının 25-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Görkəmli yazıçı BDU-da keçirilən vidalaşma mərasimindən sonra II Fəxri xiyabanda torpağa tapşırılmışdır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir