Keçənlərdə bu haqda “analoqsuz təzad” olaraq bəhs etmişdim, bu gün yenə xatırlatmaq istəyirəm. Qoy bunların ölkədə sərbəst toplaşmaq kimi fundamental azadlığa düşmən, çağdışı münasibətini, onu çürük və düşük bəhanə ilə ləğv etdiklərini hər kəs bir daha görsün, bilsin, xatırlasın.
Dünən Baş Dövlət Yol Polisi Idarəsi Heydər Əliyevin 90 illiyi ilə bağlı mayın 1-dən 5-dək keçiriləcək velosiped turu zamanı hərəkətin dayandırılacağı yolların siyahısını açıqlayıb: mayın 1-də “Heydər Əliyev mərkəzi-metronun ”Koroğlu” stansiyası-Heydər Əliyev mərkəzi” marşrutu üzrə; mayın 2-də Bakı şəhərində Şıx çimərliyi ilə üzbəüz ərazidəki Velosiped parkından start götürərək “Bakı-Abşeron-Qobustan-Şamaxı-Ismayıllı” marşrutu üzrə; mayın 3-də “Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ” marşrutu üzrə; mayın 4-də “Qəbələ-Şamaxı” marşrutu üzrə”.
Mayın 5-də isə Bakı şəhərinin mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq.
Gördüyünüz kimi, uzun bir siyahıdır. Söhbət yalnız Bakının mərkəzi yollarından deyil, həm də magistral yolların bağlanmasından gedir. Oxuduqca adama elə gəlir ki, 5 gün içində az qala, bütün ölkədə hərəkət dayanacaq, insanlar tələsdikləri ünvanlara uçaraq, Tarzan kimi ağacdan ağaca, binaların damından-damına hoppanaraq, ya da yer altından lağım ataraq getməli olacaqlar.
Halbuki, yaptokratlar sərbəst toplaşmaq azadlığını ucqarlara sürgün etmələrini şəhərin mərkəzində hərəkətə mane olması ilə izah edirlər. Bir velosiped turuna görə Bakının mərkəzi, ölkənin magistral yollarını bağlaya bilirlər, amma vətəndaşa dərdini, etirazını bildirmək haqqı tanımırlar. Sonra da utanmadan, vicdanları sızlamadan, üzləri qızarmadan “hüquqi dövlət quruculuğundan…-zaddan danışır, Almaniyaya demokratiya dərsi verirlər.
Əlbəttə, bunların fundamental azadlıqlara, demokratiyanın təməl prinsiplərinə nifrətlərini, düşmən münasibətlərini yalan, geydirmə arqumentlərin arxasında gizlətməsi, gizlətməyə çalışması qətiyyən təəccüblü deyil. Özlərinə, öz ayıblarına gəlincə gizlətmək, pərdələmək, malalamaq yaptokratların iş və düşüncə tərzidir. Offşor zonalara sevgilərinin səbəbi də budur. Maşınlardan pərdələri sökürlər, amma həqiqəti, reallıqları pərdələyirlər. Ölkənin neft, qaz, qızıl yataqlarında çıxardıqları korrupsiya hoqqalarını gizlədirlər, amma müxalif, tənqidçi adamların yataqlarını güdüb, məhrəm görüntülərini hamıya yayırlar.
Mənə ən komik görünən, gülməli gələn isə belə arxaik, geriçi təfəkkürlü adamların yönətdiyi bir ölkənin mediasında Indoneziyada hələ də ağaclarda, ibtidai həyat tərzi keçirən qəbilənin varlığı haqqında məlumatın “şok xəbər” kimi yayılması oldu. Sanki bizim həyatımız onlardan çoxmu fərqlidir? Bəyəm biz ağacda yaşamırıqsa, bu, onlardan fərqli, çağdaş yaşadığımız anlamınamı gəlir? Guya müasir, modern həyatın göstəricisi yalnız göydələnlərdə yaşamaqdırmı? Bəlkə bahalı “CIP” sürməkdir ibtidai insanla çağdaş insan arasındakı fərq?
Günümüzdə ibtidai həyat sürməyin şərtləri artıq çox dəyişib.
Indi geridəqalmışlıq, ibtidailik azadlıqların yoxluğu ilə ölçülür.
Əgər bir toplum bütün insani haqlardan, hüquqlardan məhrumdursa…
Onun səsinin, iradəsinin heç bir dəyəri yoxdursa…
Əgər bir ölkədə fərqli düşünənlər düşmən kimi qəbul olunur, hamıdan yalnız bir nəfərin ağlı ilə düşünüb, bir nəfərin ağzı ilə danışmaq istənilirsə…
Əgər bir ölkədə insanlar qafaları ilə deyil, qarnı ilə düşünməyə məcbur olunursa…
Əgər bir ölkədə çağdaş dəyərlərin heç bir anlamı qalmamışsa, o ölkə bütün mədəni, modern xalqlar tərəfindən rədd edilən, keçmişə gömülən bütpərəstlik, şəxsiyyətə pərəstiş, şahsevənliklə idarə edilirsə, artıq o toplumun, o ölkənin 21-ci əsrdə yaşadığını iddia etmək çox gülüncdür.
Bəli, biz indi bəlkə kənardan çox gözəl görünən evlərdə yaşayırıq, amma on illərdir davam edən heydərizm sayəsində ağlımız, beynimiz hələ də ağacların başındadır.
Bizi idarə etdiklərini iddia edənlərin düşüncəsi, təfəkkürü hələ də ağacdan düşməyib.
Tanış olun:
Siz, dünyada arxaikliyin son qalalarından olan YAP-ın emblemində məhz, ölkənin hazırkı idarəetmə təfəkkürünün ilişib qaldığı, başından düşmədiyi həmin o ağacı görürsünüz.