Aprelin 22-də Nərimanov Rayon Məhkəməsində hicab məhbuslarından 8 nəfərinə hökm oxunub. “İslamazeri.az” saytı xəbər verir ki, Rövşən Allahverdiyev, İlham Hətəmov, Anar Qasımlı, Tərlan Ağadadaşov 5 il 6 ay, David Kərimov, Telman Şirəliyev 6 il, Miradaş Quluyev, Ceyhun Quliyev 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında polislə kəskin qarşıdurma olub. Hadisəyə görə 40-a yaxın şəxs həbs edilib. Aksiyada baş verənlər Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə araşdırılıb.
Təqsirləndirilən şəxslərin məhkəməsi qruplarla aparılır. Aprelin 22-də barəsində hökm çıxarılanlar bu iş üzrə məhkum edilən ilk qrupun üzvləridirlər.