Mərdanov 15 il oturduğu taxtından salındı; Mehdiyev onun yerini ələ keçirə bilmədi
Yeni nazir dövlət qoruğundan gətirildi
Təhsil naziri Misir Mərdanov dünən işdən çıxarılıb. Ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə Misir Mərdanovun yerinə Mikayıl Cabbarov təyin edilib. Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda doğulub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
ABŞ-da Sakramento şəhərindəki hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət Iqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
Nyu-York şəhərinin Vəkillər Kollegiyasının üzvüdür.
Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb.
1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi çalışıb.
2002-2003-cü illərdə Iqtisadi Inkişaf Nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda Ixracın və Investisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində işləyib.
2004-cü il fevralın 20-də iqtisadi inkişaf nazirinin müavini təyin olunub.
2009-cu il martın 6-da Nazirlər Kabineti yanında “Içərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin direktoru təyin edilib.
Ailəlidir, iki uşağı var.
Mikayıl Cabbarov birinci dəfə medianın gündəminə “təyyarə qalmaqalı” ilə gəlib. Türkiyədə nəşr olunan “Hüriyyət” qəzetinin köşə yazarı Fatih Çekirgən Mikayıl Cabbarovun Türkiyədən Barselonaya uçan zaman təyyarəyə 19 bilet aldığını, “biznes klass”ı bağlatdırğını, stüardessa ilə dalaşdığını yazmışdı.
Misir Mərdanov isə 15 il idi ki, təhsil naziri postunda çalışırdı. O, daha çox Tələbə Qəbulu Üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə ilə aralarında olan konfliktlə yadda qalıb. Vaxtaşırı bu konflikt açıq müstəviyə keçib, tərəflər bir-birlərini mətbuatda sərt şəkildə ittiham ediblər. Bəzi məlumatlara görə, Məleykə Abbaszadə ilə Misir Mərdanov arasındakı konfliktin kökündə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təhsil sahəsini nəzarətə götürmək istəyi dayanıb. PA rəhbərinin komandasına daxil olduğu bildirilən TQDK sədrinin Misir Mərdanova hücumlarının təşəbbüskarı kimi adətən “boz kardinal”ın adı çəkilib. Misir Mərdanovun əslən qərbi azərbaycanlı olsa da, Ramiz Mehdiyevdən qorunmaq üçün Paşayevlərin çətiri altına keçdiyi deyilirdi. Lakin Misir Mərdanovun işdən çıxarılması Ramiz Mehdiyevin qələbəsi hesab edilə bilməz. Çünki yeni nazirin – Mikayıl Cabbarovun da Paşayevlərə yaxın şəxs olduğu deyilir. Deməli, Ramiz Mehdiyevin çabalarının səmərə vermədiyini söyləmək olar.
Azad