“Bu məsələ şişirdilir”. YAP-ın əsl siması sayacağımız Siyavuş Novruzov deyib bunu dünən. Həm də 7 əsgərimizin öldüyü bir dəhşətli faciə ilə bağlı deyib.
Adam 7 insanın bir qətliam qurbanına çevrilməsinin üstünü malalamağımızı istəyir. Boş verib keçməyimizi istəyir. Bu dəhşətin hesabını sormamağımızı istəyir. Üç meymun oynamağımızı – görməməyimizi, eşitməməyimizi, danışmamağımızı istəyir.
Indi tutasan yaxasından və soruşasan: bu gün 7 vətən övladının yarıtmaz idarəçiliyinizin qurbanına çevrilməsini şişirtməyək deyirsiniz, bəs özünüz 2003-də bir adamın ölümünü nədən o qədər şişirtdiniz? Nədən bütün ölkəni yasa boğdunuz? Bu gün 7 əsgərin ailəsinə bir başsağlığını qıymazkən, nədən onda yeddi gün matəm elan etdiniz? Ümumiyyətlə, o hərbi hissədə nə qədər çiçəyi burnunda gəncimiz ölməli idi ki, biz bunu şişirdək, biz bunun haqq-hesabını istəyə bilək? Yəni bu qədərmi nifrət edirsiniz bu xalqa? Yəni bu qədərmi amansızsınız, acımasızsınız ona qarşı?
Ən əsası: o 7 gəncəcik insanımızın biri Siyavuş Novruzovun bir doğması, yaxını olsaydı da, cənab yaptokrat bu qədər insafsızcasına danışardımı, danışa bilərdimi? Olayın üstündən səssizcə keçilməsini istərdimi? Şişirdilməməsini istərdimi?
Əcəb zibilə düşmüşük. Ilham Əliyev özünə, övladlarına Dubayda on milyonlarla manatlıq mülklər alacaq, siz “canım, nə var bunda, olan işdir, şişirtməyin” deyəcəksiniz.
200 milyon dollara yol çəkiləcək, 20 gündən sonra o yol 20 yerindən çat verəcək, siz “boş verin, üstünə getməyin, şişirtməyin” deyəcəksiniz.
Övladına pul tapa bilməyən atalar intihar edəcək bu ölkədə, bir qarın çörək üçün bətnindəki dörd aylıq körpə ilə qadınlarımız Türkiyədə fahişəliyə məcbur olacaq, siz “danışmağa sözünüzmü yoxdur, başqa qafiyə açın, şişirtməyin” deyəcəksiniz.
ADNA-da onlarca insanımız öldürüləcək, kral həzrətləri onların qanının üstündən adlayıb hansısa mənasız, düşük “Gül bayramı”na gedəcək, siz “xeyirlə şər qardaşdır, yumun ağzınızı, şişirtməyin” deyəcəksiniz.
Yeməzlər, Siyavuş müəllim, yeməzlər! Bir özünüzə baxın, bəyəm görmürsünüzmü, biz bu ölkədə korrupsiyanı, yağmaçılığı, saxtakarlığı, yalanı, talanı, onların yol açdığı faciələri şişirtmədikcə siz şişə-şişə gedirsiniz? Siz korrupsiya, yağmaçılıq, saxtakarlıq hesabına gündən-günə şişəcəksiniz də, biz hər gün daha çox can alan, daha çox ev yıxan, daha çox ürək yaxan zülmü, zalımlığımı şişirtməyəcəyik?
Bircə onu görməyəcəksiniz!
Ilham Əliyevin dost itirən vaxtı
Il başladı başlayalı, heç şansı gətirmədi bizim kralın… Əvvəlcə Hüsnü Mübarək getdi. Xırdalanda isə heykəli hələ də qalır. Qalsın, qalsın, guya ucaltdıqları digər heykəllər nə matah maldır ki?
Indi də Qəddafi getmək üzrədir. Oysa bizim kral Liviya ilə vizanı təzəcə qaldırmışdı. Türkiyəyə “yox” demişdi, amma Liviya ilə vizasız gediş-gəlişi dəstəkləmişdi.
Bu da axırı…
Qəddafidən də təhlükəli düşmən…
Liviya ilə vizanın qalxmasından söz düşmüşkən… Dünən deputat Iqbal Ağazadə Türkiyə ilə Azərbaycan arasında vizanın qaldırılmasına qarşı çıxıb. Səbəbini də Türkiyədə Azərbaycanı sevməyən qüvvələrin olması, onların bundan yararlana biləcəkləri ilə əsaslandırmağa çalışıb. Necə deyərlər, “əcəb gülməlisən xanə-xərab” (Füzuli)
Bəyəm cənab Ağazadə bilmirmi ki, onun indiyədək bir dəfə adını çəkib tənqid etmədiyi Ilham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində maşallah, dünyada Azərbaycanı sevməyən qüvvələrin olmadığı ölkə yoxdur?!
Ikincisi, Türkiyədə Azərbaycanı sevməyən qüvvələr ola bilər. Dünyanın hər ölkəsində ola bilər. Qorxulu olan bu deyil. Qorxulu olan odur ki, Azərbaycanın özündə də Azərbaycanı sevməyən qüvvələr var, ən uzun bayraq dirəyi tikməklə xalqa dost görünmək istəyirlər.
Nəhayət, üçüncüsü, Iqbal müəllimin məntiqinə qalsa, Ilham Əliyevin vizanı qaldırdığı Liviyada nəinki Azərbaycanı, ümumiyyətlə, bəşəriyyəti sevməyən qüvvələr var, üstəlik, onlar hakimiyyətdədirlər. Vizanı qaldırmamaq üçün illah ki, təhlükəli düşmən bəhanəsi lazımdırsa, bəs Qəddafi? Ondan da təhlükəli düşmən?