«Yaxın zamanlarda Amerikanın Azərbaycanla münasibətlərində müəyyən dəyişikliklər hiss olunacaq»
Fuad Qəhrəmanlı: «Çox böyük ümidlər var ki, vahid namizəd məsələsi həllini tapacaq»
AXCP sədri Əli Kərimlinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda kifayət qədər yüksək səviyyələrdə keçirdiyi mühüm görüşlər bir çoxları üçün gözlənilməz oldu. Bu mənada, həmin görüşlər müxalifətlə yanaşı, hakimiyyət düşərgəsində də müzakirə mövzusuna çevrildi. Amerikadan yenicə qayıtmış Fuad Qəhrəmanlı ilə söhbətə də elə səfər təəssüratlarından başladıq:
– Səfərin məqsədi nə idi?
– Məqsəd Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətlə bağlı ABŞ rəsmilərilə müzakirə aparmaq, qarşıdan gələn prezident seçkisilə bağlı AXCP-nin, müttəfiqlərimizin, müxalifətin baxışlarını Amerika rəsmilərinin, ictimaiyyətinin diqqətinə çatdırmaq idi. Səfər çox yüksək səviyyədə alındı. Bu səfər həm də Vaşinqtonun Azərbaycanda gedən demokratik proseslərə, AXCP və onun sədri Əli Kərimliyə münasibəti ortaya qoydu. Səfər çərçivəsində ABŞ dövlət katibinin iki müavini ilə görüşdük. Ilk görüşümüz dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubinlə oldu. Çox səmərəli keçən görüşdə vurğuladığımız məsələlər ondan ibarət oldu ki, Amerika və Qərb dairələri bu günə qədər Azərbaycanda demokratik proseslərin inkişafını, islahatların önünün açılmasını daha çox hakimiyyətlə birtərəfli aparılan işdə görürdülər. Hesab olunurdu ki, Azərbaycan hakimiyyətini inandırıb demokratik dəyişikliklərə nail olmaq mümkündür. Amma baş verənlər bu qənaətin özünü doğrultmadığını göstərdi.
Eyni zamanda, o fikri də vurğuladıq ki, Azərbaycan hakimiyyəti demokratik prosesləri boğmağa, insan haqlarını tapdalamağa, islahatların qarşısını almağa yönəlik siyasət yürüdürsə, o halda, demokratiyanın inkişafının yolu hakimiyyətlə səmərəsiz dialoqdan daha çox, demokratiya uğrunda mübarizə aparan qüvvələrlə iş birliyindən keçir. Bizim mesajımız çox müsbət qarşılandı.
Digər bir mühüm məsələ ondan ibarət oldu ki, ABŞ-ın Azərbaycandakı status-kvo siyasəti özünü doğrultmur. Bu günə qədər belə bir siyasət həyata keçirilib ki, Ilham Əliyevlə işin davam etdirilməsi Azərbaycanda status-kvonun saxlanmasına gətirib çıxaracaq. Bu da müəyyən dövr üçün təhlükəsizlik, siyasi və iqtisadi sahədə maraqların təminatına bir növ qarant kimi təqdim olunur. Amma bu gün gəldiyimiz nöqtədə reallıq dəyişir. Azərbaycanın bölgələrində, şəhərin mərkəzində gənclərin etiraz aksiyaları onu göstərir ki, artıq hakimiyyət situasiyaya nəzarəti itirir. Situasiyaya nəzarət itirilirsə, bu rejimin qalması Azərbaycanda gələcəkdə islahatların keçirilməməsinə, demokratik proseslərin boğulmasına və nəticədə böyük sosial partlayışlara gətirib çıxara bilər. Proseslərin idarəolunmaz məcraya yönəldildiyi isə faktdır. Bu da siyasi, iqtisadi, təhlükəsizlik baxımından Amerikanın maraqlarını təhdid altında qoyur. Ən başlıca məqamlardan biri budur ki, bu reallıq etiraf olundu.
“ABŞ-ın Azərbaycan siyasəti dəyişəcək”
– Sizin dəvətiniz, bu səviyyədə qəbul olunmağınız ABŞ-Azərbaycan münasibətləri kontekstində necə qiymətləndirilməlidir?
– Bu məsələləri vurğulayarkən diqqət çəkən əsas məqam ondan ibarət idi ki, hazırkı siyasət müdafiə olunmadı. Yəqin ki, yaxın zamanlarda ABŞ-ın Azərbaycanla münasibətlərində müəyyən dəyişikliklər hiss olunmağa başlayacaq. Bu, mənim fikrim deyil, görüşlərdə ifadə olunan mövqedir. Yəni, artıq onun da fərqindədilər ki, Azərbaycan cəmiyyəti indiki halı ilə çox kritik situasiyaya doğru gedir. Azərbaycanda proseslər nəzarətdən çıxa bilər. Bu da ilk növbədə ABŞ-ın öz maraqlarına ziyandır. Demokratiya bu gün təkcə müxalifətçilərin idealist arzusu deyil. Demokratiya həm də Amerikanın özünün siyasi təhlükəsizlik, iqtisadi maraqlarının təminatı məsələsində açardır.
Təhlükəsizlik məsələsi dünyada hazırda çox aktualdır. Obama da Qüdsdəki çıxışında bildirmişdi ki, artıq diktatorlarla etibarlı sülhə, sabitliyə nail olmaq mümkün deyil. Biz məsələni bu şəkildə qoyduq ki, necə olur, bu prinsip Orta Şərqdə keçərlidir, amma Cənubi Qafqazda diktatorlar sülhü təmin edirlər Həm Pentaqonda, həm də Dövlət Departamentində keçirdiyimiz görüşlərdə məsələ bu şəkildə qoyuldu ki, Qarabağ konflikti yalnız Azərbaycanda yaxın qonşularının təsiri altında olmayan, xalqdan dəstək alan bir hakimiyyət mövcud olduğu zaman həllini tapa bilər.
“Hakimiyyət özünü qorumaq üçün Qarabağdan istifadə edir”
– Qarabağ məsələsində hakimiyyət anti-Qərb mövqeyinin gücləndirilməsində israrlıdır. Bəs siz AXCP yetkilisi olaraq, ABŞ-da Azərbaycanın haqlı mövqeyini kifayət qədər yüksək vəzifəli şəxslərlə görüşlərdə necə ifadə etdiniz?
– Bizim Qarabağla bağlı dəyişməz, prinsipial mövqeyimiz var. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmalıdır. Məsələni bu kontekstdə həll etmək üçün nə etmək lazımdır? Yadınızdadırsa, ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun bölgəyə səfəri zamanı cəbhə bölgəsində atəşkəs pozuldu. Nəticədə digər məsələlər yaddan çıxdı və sülhün yaradılması daha aktual məsələyə çevrildi. Biz ABŞ-da bu məsələni vurğuladıq. Bu fikirlə razılaşdılar ki, deməli, hakimiyyət özünü qorumaq üçün bu münaqişədən istifadə edir, Qərbdən gələn təzyiqlərdən yayınmaqdan ötrü belə addım atır. Bu isə o anlama gəlir ki, hakimiyyət münaqişənin həllində maraqlı deyil. Digər tərəfdən, hakimiyyətin cəmiyyətdən dəstəyi olmadığına görə kənar təsirlərə daha çox açıqdır. Bu halda, ciddi addımlar ata bilmir. Ona görə də artıq, hətta təhlükəsizlik məsələsində də demokratik dəyişikliklərin açar olduğu etiraf olunur. Bizim mövqeyimiz Qərb tərəfindən başadüşülən kimi qəbul olundu. Azərbaycanın işğala məruz qaldığını, ərazi bütövlüyünün pozulduğunu gündəmə gətirdik. Qarşı tərəf bunun real olduğunu və bunu qəbul etdiklərini bildirdi. Amma həm də təbii ki, münaqişənin həllinin iki tərəfin razılaşmasından keçdiyini ifadə etdilər. Bu isə o deməkdir ki, Azərbaycan güclənməli, Qərbdə imicini möhkəmləndirməlidir. Azərbaycan eyni zamanda, münaqişənin həllinə təsir göstərən faktorları öz xeyrinə dəyişməlidir. Bu, ordu quruculuğu və digər proseslərdir. Hazırda orduda baş verən proseslər, o cümlədən Azərbaycan ordusunda islahatlar məsələsi ciddi narahtlıq doğurur.
“Vahid namizəd məsələsinin həllinə diqqət var”
– Orduda baş verən proseslərin birbaşa və ya dolayısıyla Qarabağ problemilə əlaqəsi olduğu kimi, insan haqlarına da aidiyyəti var. Bu gün ölkədə atəşkəs elan olunsa da, bunun fonunda orduda xoşagəlməz mənzərənin şahidiyik. Bəs bu qəbildən olan məsələlər görüşlərdə nə dərəcədə müzakirə predmeti oldu?
– Biz bu məsələni dövlət katibinin müavinləri Rubin və Meile ilə müzakirə etdik. Eyni zamanda, “Freedom House”da, Pentaqonda, Milli Demokratiya Institutunda bu istiqamətdə müzakirələrimiz oldu. Bu məsələ ilə bağlı açıq, birmənalı mövqe ifadə olundu ki, ABŞ dəyərlərini enerji, təhlükəsizlik maraqlarına qurban verməyəcək. Əvvəlki yanaşma bundan ibarət idi ki, kriteriyalar müəyyənləşdirilərkən enerji, təhlükəsizlik, iqtisadi maraqlar prioritet idi. Artıq demokratiya qlobal prosesdə elə bir əhəmiyyət daşıyır ki, bu məsələlərin etibarlı davamı üçün açar mexanizm hesab olunur. Nələrəsə görə demokratiyanın qurban verilməsi düşüncəsi yoxdur. Bu mesaj açıq formada ifadə olundu.
Bir məqama diqqəti cəlb etmək istərdim ki, əgər Azərbaycan xalqı demokratik proseslərdə aktiv rol alacaqsa, ölkədəki dəyişikliklərdə kütləvi iştirak edəcəksə, əmin ola bilərlər ki, bu mübarizədə tək deyillər. Dünyanın aparıcı güc mərkəzləri Azərbaycan xalqının mübarizəsinə dəstək ifadə edəcək. Bu kontekstdə müxalifət düşərgəsində gedən proseslər geniş müzakirə olundu. Bu proseslər maraqla izlənilir. Çox böyük ümidlər var ki, vahid namizəd məsələsi həllini tapacaq. O qənaətə gəldim ki, bu təkcə Azərbaycan cəmiyyətinin maraqlı olduğu məsələ deyil. AXCP-nin, Əli Kərimlinin irəli sürdüyü bu təklif hazırda çox geniş şəkildə dəstəklənməkdədir. Amma bu təkcə AXCP-nin mövqeyi deyil. Bu Azərbaycanda demokratik proseslərin inkişafında maraqlı olan ABŞ-ın da maraq dairəsinə daxildir. Ona görə də mən hesab edirəm ki, proseslərə münasibətdə yeni məqamlar aydın oldu. Bu çox nikbin məqamlardır.
– Bir tərəfdən baxanda vahid namizəd məsələsi xalqın, siyasətçilərin öz işidir. Amma dünyanın kontekstində, regionda baş verən hadisələrin perspektivi baxımından hamını narahat edir. Qərb qütbündən Azərbaycanda siyasi mübarizənin perspektivləri necə görünür?
– Mən kifayət qədər optimist yanaşmanın şahidi oldum. Bu, mənim üçün də bir qədər gözlənilməz oldu. Qərb dairələri Ismayıllıda, Qubada baş verən proseslər, gənclərin etiraz aksiyaları və digər bölgələrdəki tədbirlər, müxalifətin fəaliyyəti, hakimiyyətin korrupsioner addımlarının ifşa olunması, sosial şəbəkələrdəki müzakirələrlə bağlı kifayət qədər məlumatlıdır. Bu, onlarda da böyük inam, nikbinlik yaradıb ki, Azərbaycan xalqı əvvəlki qaydalarla yaşamaq istəmir. Azərbaycan xalqı dəyişikliklər uğrunda mübarizənin ilk simptomlarını göstərir. Onlarda da o narahatlıq var ki, əgər sərbəst toplaşmaq azadlığı təmin olunmayacaqsa, seçki qanunvericiliyinə dəyişikliklər edilməyəcəksə, siyasi məhbus problemi həllini tapmayacaqsa, siyasi repressiyalar davam edəcəksə, bütün bunlar Azərbaycanı fəalakətə sürükləyir. Cəmiyyətlə hakimiyyət arasında qarşıdurmaya yol açır. Azərbaycan xalqının istəklərini gerçəkləşdirməkdən mərhum olacağı təqdirdə, insanların boğaza yığılaraq inqilabi proseslər istiqamətində ata biləcəyi addımlar onlarda narahatlıq yaradır. Onlar proseslərin dinc istiqamətdə inkişafında maraqlıdırlar.
– Dünya siyasətində “WikiLeaks”in yaratdığı “zəlzələ” ilə müqayisə olunan daha bir mühüm hadisə bugünlərdə baş verdi. Söhbət, Azərbaycanın hakim ailəsinin də daxil olduğu şəbəkənin offşor zonalarda gizlətdiyi 32 trilyon dollarlıq vəsaitin üzə çıxarılmasından gedir. Siyahıdakı adamlardan Əliyevlərin biznesinə xüsusi diqqət yetirilməsi Sizcə, nədən irəli gəlir?
– Bu proseslər təsadüfi deyil. Indiyə qədər məxfi saxlanılan bu cür məlumatların ictimailəşdirilməsi avtoritar rejimlərə vurulan zərbədir. Ümumilikdə demokratik prosesin inkişafının tərkib hissəsidir. Bu tipli açıqlamaların yəqin ki, davamı gələcək. Bu baxımdan proseslərə münasibətdə məndədə bir nikbinlik yaranır ki, bugünkü rejimin ifşasında təkcə Azərbaycan müxalifəti, media fəal deyil, beynəlxalq birlik də bu rejimin ifşa olunması üçün müəyyən addımlar atır. Bu addımlar rejimə qarşı növbəti təzyiqlərin yaranması üçün bir növ beynəlxalq zəmin yaradır. Biz bunu yəqin ki, seçki ərəfəsində daha aydın görəcəyik. Çünki belə korrupsioner obrazda, oğru qismində dünyaya təqdim olunmaq bu hakimiyyətin manevr imkanlarını daraldır. Dünyada özünə hörmət edən siyasətçi, dövlət və təşkilat bu cür çirkli reputasiyaya sahib olan şəxslərlə bir masa arxasında oturmaq, onlarla xoş münasibətdə olmaq istəmir. Çünki bu, onlara zərər gətirir.
Seymur Həzi,
Xəyal Şahinoğlu