Fuad Qəhrəmanlı dövlət katibinin müavinləri, Pentaqonun idarə rəhbəri və “Freedom House”un prezidenti ilə görüşdü
Görüşlərdə Azərbaycandakı prezident seçkiləri, müxalifətin birliyi, Qarabağ münaqişəsi və başqa vacib məsələlər müzakirə olunub
ABŞ-da səfərdə olan AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının görüşləri davam edir. Aprelin 3-də o, ABŞ dövlət katibinin 2 müavini, Petaqonun idarə rəhbəri və “Freedom House” təşkilatının prezidenti ilə görüşüb.
Günün ilk görüşü “Freedom House”da olub. Təşkilatın prezidenti Devid Kramerlə görüşdə Azərbaycanda seçkiqabağı vəziyyət, siyasi məhbuslar məsələsi və hakimiyyətin son vaxtlar güclənən repressiyaları, cəmiyyətdəki narazılıqları zorla boğmaq cəhdləri ilə bağlı müzakirə aparılıb. Azərbaycan hakimiyyətinin repressiv siyasətinə qarşı beynəlxalq birliyin təzyiqlərinin vacibliyi vurğulanıb və “Freedom House” təşkilatının bu istiqamətdə səylərini artıracağı qeyd edilib.
Növbəti görüş ABŞ Dovlət Departamentində dovlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin, Departamentin Qafqaz və regional münaqişələr ofisinin direktoru Castin Fridmanla keçirilib. Görüşdə əsas müzakirə mövzusu Azərbaycanda qarşıdan gələn prezident seçkiləri, demokratik proseslərin inkişaf perspektivləri, bu xüsusda hakimiyyətin son addımları, müxalifətin seçkilərdə vahid namizədlə iştirakı və başqa mühüm məsələlər olub. Bundan başqa, ABŞ-ın Azərbaycanda demokratik proseslərin inkişafına verə biləcəyi tövhələrlə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət Departamentində digər görüş dövlət katibinin Demokratiya və İnsan Haqları üzrə müavini Tomas Melia ilə keçirilib. Görüşdə həmçinin, Dövlət Departamentinin və müvafiq qurumların təmsilçiləri də iştirak ediblər. Fuad Qəhrəmanlı dövlət katibinin müavininə Azərbaycandakı mövcud vəziyyətlə bağlı ətraflı məlumat verərək hakimiyyətin həyata keçirdiyi repressiyaların və demokratik proseslərin boğulmasının ölkəni ciddi təhlükələrə sürüklədiyini bildirib. Vurğulanıb ki, belə bir şəraitdə ABŞ-ın xarici siyasətdə əsas prioritet kimi irəli sürüdüyü demokratiya məsələsinə daha çox diqqət yetirilməsi vacibdir. Daha sonra Fuad Qəhrəmanlı görüş iştirakçılarının suallarına cavab verib. Son günlər Azərbaycanda gənclərə qarşı həyata keçirilən repressiya xususilə diqqət mərkəzində olub.
Fuad Qəhrəmanlının növbəti görüşü isə Pentaqonun Azərbaycan, Ermənistan və Xəzər təhlükəsizliyi idarəsinin rəhbəri Alton Buland və onu müşaiyət edən şəxslərlə olub. Bu görüşdə regiondakı son vəziyyət, Qarabağ münaqişəsinin həlli perspektivləri, Azərbaycan müxalifətinin NATO-ya inteqrasiya ilə bağlı baxışları, təhlükəsizliyin təmin olunmasında demokratiyanın əhəmiyyəti və başqa qarşılıqla maraq doğuran məsələlər müzakirə olunub.
İnformasiya şöbəsi