Qoca Quliyevin xanımı «Azadlıq»a danışdı (VİDEO)
Baş nazirin sabiq müavini Abbas Abbasovun qohumu Qoca Quliyev təcridxanada işgəncələrə məruz qalıb. Bu barədə “Azadlıq”a Qoca Quliyevin xanımı İlahə Quliyeva bildirib. O, əməkdaşımıza Qoca Quliyevlə telefon danışığının audioyazısını təqdim edib.
Həmin telefon danışığında Qoca Quliyev xanımına işgəncələrə məruz qaldığını bildirib. Ilahə Quliyevə deyib ki, yoldaşı həbs olunmamışdan Gəncənin yeni polis rəisi Faiq Şabanovun qardaşı Ilqar Şabanovla danışıb: “Yoldaşım ”Çinar” kafesini işlədir. Martın 27-də xəbər gəldi ki, kafenin həndəvərində polislər hərlənir. Yoldaşım Ilqar Şabanova zəng edib. O, isə bildirib ki, qardaşı Gəncəyə yeni rəis təyin edilib. Əgər onda silah varsa, gətirsin polisə təhvil versin, heç kim ona heç nə etməyəcək. Yoldaşım isə Ilqar Şabanova deyib ki, onda silah-sursat yoxdur. Bunun səhəri günü yoldaşışımı tutublar. Ona işgəncə veriblər. Qabağına narkotika, iki qumbara və “TT” markalı tapança qoyublar. Deyiblər ki, yazmalısan ki, bunlar sənin maşınından tapılıb. Özünüz telefon danışığına qulaq asdınız. Orada yolaşım deyir ki, onun çox incidəndən sonra deyiblər ki, sənə hörmət edib, narkotika ilə qumbaranı bir kənara qoyuruq. Amma tapança üzərinə götürməlisən. Yazarsan ki, təhvil verməyə gəlirdim. Yoldaşımı məcbur edib tapançanın ona məxsus olması barədə ifadə alıblar”.
Ilahə Quliyeva əlavə edib ki, onlara təzyiq Abbas Abbasova görədir: “Abbas müəllim ictimai fəaliyyətinə görə bizə təzyiq edirlər. Çünki biz onun qohumuyuq”.