Etibarlı kadrların paytaxta toplanmasına start verildi
Siyəzən rayonunun icra başçısı Arif Qasımovun Bakının Nizami rayonuna başçı gətirilməsi üçün razılıq əldə edilib, yaxın günlərdə bu təyinat gerçəkləşəcək.
Bu barədə bizə məlumat verən mənbənin sözlərinə görə, bu il prezident seçkisi ili olduğu üçün fərqli siyasi taktika seçən hakimiyyət özlərinin ən etibarlı kadrlarını Bakı və Bakıətrafı rayonlara toplamaq barədə qərar verib. Bunun seçkilərin taleyinin əsasən Bakıda həll olunacağı ilə bağlı ümumi qənaətdən qaynaqlandığını söyləyən mənbə Nizami rayonunun birbaşa Rövnəq Abdullayevə tapşırıldığını qeyd etdi: “Rövnəq Abdullayev Bakının Nizami rayonunu qeyri-rəsmi olaraq kurasiya edən şəxsdir. Bu rayondan seçilən deputat Sədaqət Vəliyeva da Rövnəq Abdullayevin qohumu və kadrıdır. Hazırda icra başçısının təyinаtında da onun təklifi əsas götürülüb “.
Xəbərə görə, əslən Naxçıvanın Şərur rayonundan olan Arif Qasımovun karyerası birbaşa ARDNŞ şefinə bağlıdır: “A.Qasımov Nizami rayon icra hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi olub, 2011-ci ilə qədər isə Nizami rayon bələdiyyəsinin sədri vəzifəsini daşıyıb. Birbaşa Rövnəq Abdullayevin dəstəyi ilə tutduğu bu vəzifələrdən sonra etimad qazanıb və vəzifəsi artırılaraq 2011-ci ildə Siyəzən rayonuna icra başçısı göndərilib. Hazırda isə Rövnəq Abdullayev bu sədaqətli kadrını vaxtilə icra nümayəndəsi və bələdiyyə sədri olduğu üçün yaxından tanıdığı Nizami rayonuna icra başçısı kimi qaytarmaq niyyətindədir”.
Mənbə onu da qeyd etdi ki, yaxın aylarda Bakı rayonları üzrə icra başçılarından daha bir neçəsi oliqarxlara bağlı olan “inanılmış, sədaqətli kadrlarla” əvəzlənəcək.
azadliq.info