Rusiya və Qərb arasındakı seçimsizliyin yaratdığı yalan dalğasına şərh…
“Yeni Müsavat” qəzetində “Ilham Əliyev Qərbi özünə yalvardır” başlıqlı məqalə dərc edilib. Yazıya inansaq, bütün Qərb dünyası Ilham Əliyevin gənc və perspektivli siyasətçi olmasından başqa, həm də təhlükəli olduğunu nəzərə alaraq, onu zərərsizləşdirməkdən ötrü Bakının yolunu döyənək edib, yalvarırlar.
Özü də görünür ki, yalvardıqları barədə bilgiləri kiminsə qulağına deyiblər. Yoxsa, bu cür mühüm hadisəni niyə cəmi bir “mənbə” duysun?
Bütün bunlar öz yerində… Ilham Əliyevin Qərbi bu cür “yalvartması” müəllifin niyə belə xoşuna gəlib, görəsən? Əliyevin insan haqlarını satın almasını, bütün demokratik dəyərləri tapdamaq imkanında olmasını təbliğ etmək nə üçün lazımdır, görəsən?
Azərbaycan hakimiyyətinin İran, Əfqanıstan kimi böyük məsələlərdə ciddi oyunçu olduğunu da bildik, nəhayət.
Rusiya ilə dil tapılacaq…
Yazının ən ironik məqamlarından biri odur ki, müəllif hakimiyyətin Rusiya ilə dil tapacağını vəd edir. Yəni, birdən ümid edərsiniz ki, ABŞ bacarmadı, Rusiya bacaracaq – qətiyyən elə deyil, onunla da dil tapılacaq. Bu cümlənin – vədin bir analiz nəticəsi olub-olmadığını axtarsaq da, yazıda tapa bilmədik. Ola bilsin ki, arqumentlər “mənbə”nin qəlbinin dərinliklərindəki sevgiyə ilişib qalıb. Anormal olan odur ki, iddia olunduğu kimi, Qərb Əliyevə yalvarırsa, Rusiya niyə Əliyevdən narazıdır? Məntiqli olan budur ki, Əliyev Qərbin təzyiqlərinə boyun əyməkdən başqa yol görmədiyi üçün Moskva təzyiqləri artırır. Bunun qarşısını almağın yolu isə seçim etməkdir.
Tutaq ki, Əliyevlər Qərb seçimi etdi. O zaman lazımdır ki, onun standartlarına da cavab versin. Əks halda, Xorvatiyanın baş naziri diktatorlara salam verənlərin aqibəti üçün ən son və parlaq nümunədir. Rusiyanı seçsə, Bin Əlidən Bəşər Əsədə kimi Kreml onları necə qorudusa, Əliyevi də elə qoruyacaq. Bir sözlə, Ilham Əliyev bu geosiyasi məngənə arasında Qərbi necə yalvarda bilər? Bunu da yəqin ki, aldanmış oxucular daha yaxşı bilir.
Seymur