«Mövcud avtoritar rejimlərin hamısı xərcəngin metostaz stadiyasını yaşayır»
Gültəkin Hacıbəyli: «Onlar kimyəvi terapiya vasitəsilə ömürlərini altı ay, bir il uzada bilərlər»
Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli dünyanın gündəmini məşğul edən ən aktual mövzularla bağlı “Azadlıq”ın suallarını cavablandırıb.
– Türkiyə ilə PKK arasında son baş verənləri necə şərh edərdiniz? Nə baş verir? Rəsmi rəqəmlərə görə PKK ilə mübarizəyə ilə 13 milyard dollar pul xərclənir.
-Biz çox önəmli, tarixi bir dövrün başlanğıcındayıq. Bölgənin və dünyanın geosiyasi mənzərəsi dəyişir. Bu dünya siyasətinin keyfiyyətcə və mahiyyətcə yeni bir mərhələyə qədəm qoymasının məntiqi nəticəsidir. Heç şübhəsiz ki, bu hər şeydən öncə, dünya siyasi düzəninin lokomotivi olan ABŞ-ın xarici siyasət doktrinasının dəyişməsi ilə bağlıdır. Təhlükəsizlik maraqları naminə hər kəslə əməkdaşlıq doktrinası, təklükəsizlik naminə demokratiyaya və inkişafa dəstək yanaşması ilə əvəz edildi. ABŞ xarici siyasətinin prioritetləri yenidən təftiş edildi və insan haqları, demokratiya, iqtisadi inkişaf və əmək imkanları kimi məsələlər təhlükəsizliyin mühüm və vazkeçilməz şərtləri olaraq daha üstün strateji dəyər qazandı. Terrorizmi silahla, güc tətbiqi ilə məğlub etməyin mümkünsüzlüyünə əmin olan Obama administrasiyası onu doğuran səbəblərlə – cəhalət, iqtisadi gerilik, haqsızlıq, sosial ədalətsizlik və bu bəlaların mənbəyi olan diktatura rejimləri ilə mübarizənin istər ümumi inkişaf, istərsə də ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından alternativsiz seçim olduğunun fərqindədir. Bütün Qərb sivilizasiyasında kök atmış stereotip olaraq, terror islam fundamentalizmi ilə əlaqələndirilir. Bu halda, ABŞ-ın və Qərbin islam dünyasında büyük nüfuzu və çəkisi olan, eyni zamanda demokratik kökənli bir ciddi, strateji tərəfdaşa ehtiyacı yaranır ki, bu rolu da NATO-ya qurucu dövlətlərdən sonra ilk qoşulan, müsəlman Şərqinin yeganə gerçək demokratiyası olan və güclü iqtisadiyyata malik Türkiyədən başqa heç bir dövlət oynaya bilməzdi. Bu seçimdə Türkiyənin ərəb ölkələrinə münasibətdə Osmanlı keçmişinin və türk cumhuriyətləri ilə bağlı potensial gələcəyinin də az rolu olmamışdır. Beləliklə, Türkiyə qısa bir zaman içində, bölgə siyasətinin iştirakçısından, regional syasətin aktyoruna, yəni, bu siyəsəti formalaşdıran gücə çevrildi. Bir tərəfdən Türkiyənin ABŞ və Avropa üçün dəyəri artdı, digər tərəfdən isə istər siyasi, istərsə də iqtisadi baxımdan çox güclənmiş və artıq özü oyunçuya çevrilmiş Türkiyəyə kənardan problemlər “sırımaqla” onu təsir altına almaq xeyli çətinləşir. Əksinə, indi Türkiyə özü vaxtilə Sovetlər, Iran və Suriya tərəfindən yaradılaraq ona sırınmış, vaxtaşırı ABŞ, Avropa və Israildən də əhəmiyyətli dəstək görmüş, 30 il ərzində Türkiyəni çox geri salmış PKK probleminin Qordi düyününü kəsmək ərəfəsindədir. Bu gün Türkiyə bölgədə situasiyanın sahibidir və dünyada situasiyanın sahibləri ilə anlaşaraq bu düyünü kəsməyi planlayır. Bu Türkiyənin böyük inkişaf yolunda qarşısında dayanan ən ciddi əngəldir və nəinki Türkiyənin, bütün türk dünyasının gerçək “möhtəşəm yüzil”i bu problemin həllindən sonra başlayacaq.
PKK ilə bağlı strateji qərar verilib
– Hazırda tez-tez verilən sual Öcalanın çağrışı ilə silahı yerə qoyan PKK-nın vədinə nə dərəcədə sadiq olacağı ilə bağlıdır. Siz bu barədə nə düşünürsünüz?
– PKK-nı Türkiyə kürdləri yaratmayıb və onu silahla, maliyyə ilə də, əsasən, kürdlər təmin etmirlər. Öcalan bütün həyatını Türkiyəni parçalamaq və kürd dövləti yaratmaq ideyasına həsr etmiş adamdır. O, bu işin az da olsa, şansına əmin olsaydı, geri çəkilməzdi. O, indiki geosiyasi reallıqlar şəraitində Türkiyə ilə güc dilində danışmağın perspektivsiz olduğunu anladı. ABŞ, Avropa PKK-nı terror təşkilatı kimi tanıyır. Israil belə Türkiyə qarşısında geri çəkldi. Razılaşarsınız ki, Rusiya, Iran və Suriya PKK-ya davamlı və əhəmiyyətli dəstək verəcək durumda deyillər. Suriyada Əsəd rejimi can verir. Iqtisadi böhran məngənəsində çırpınan Iran son imkanlarını, daxili narazılıqların artması hesabına olsa da, Suriya üçün səfərbər edir və artıq bu imkanlar da tükənmək üzrədir. Rusiya ilə bağlı vəziyyyət bir qədər fərqli olsa da, son illər Türkiyə-Rusiya münasibətlərində normallaşma kifayət qədər ümidvericidir. Belə bir vəziyyətdə, dünya tərəfindən dışlanmış, maliyyə kanalları kəsilmiş terrorçu təşkilat sürətlə böyüyən, inkişaf edən, güclənən Türkiyə qarşısında nə edəcək? Bir faktı da nəzərə alın ki, kürd əsilli Türkiyə vətəndaşlarının büyük bir hissəsi seçkilərdə AK Partiyə səs verir. Kürdlərin birmənalı olaraq PKK-nı dəstəkləməsini demək, kürdləri PKK ilə eyniləşdirmək yanlışdır. PKK bir müddət dirəniş göstərə bilər. Uzun illər ərzində formalaşmış hərbi-kriminal bir şəbəkə, bu şəbəkəyə aid olan minlərlə terrorçu, onların əlində böyük miqdarda silah var. Ancaq bu müqavimət zəlzələlərdən sonra baş verən avtoşoklar kimi reqressiv dinamikalı olacaq və effekti get-gedə zəifləyəcək.
PKK ilə bağlı strateji qərar verilib, bütün dünyada terrorçuların və terrorun fəaliyyət imkanları qapanmaqdadır.
Əksini düşünənlərin ən gözəl cavabını zaman verəcək
– Türkiyə hökuməti PKK ilə əldə olunan razılığa görə bəziləri tərəfdən qınanır. Amma problemin həlli üçün mümkün yollar da bir o qədər çox deyildi?
– Böyük yunan mütəfəkkiri Falesin gözəl bir sözü var: dünyada ən asan iş məsləhət verməkdir. Ancaq bu məsləhət verənlər, qınayanlar iqtidar olanda problemi niyə çözə bilmədilər? Problemlər onları inkar etməklə buxarlanmır. Problemləri həll etmək lazımdır. Bu zaman ideal seçimlər olmur, mümkün, optimal, bəzən, hətta, çətin seçimlər olur. Hər addım, hər qərar nəticəyə hesablanmalıdır. Opponentlər Türkiyənin PKK ilə mücadilədə daha sərt davranış sərgiləməli olduğunu vurğulayırlar. Ancaq unudurlar ki, söhbət Türkiyənin daxili problemindən, dövlət-vətəndaş münasibətlərindən gedir. Vətəndaş cinayətkar olsa belə, dövlət onunla cinayətkar kimi davranmamalıdır. XXI yüzilin bölgə liderliyi iddiasinda olan Türkiyə öz vətəndaşı ilə zor, silah dilində danışmağı özünə rəva görə bilməz. Ərdoğan hökuməti Türkiyənin, bu ölkədə yaşayan bütün millətlərin- ilk öncə, türklərin və kürdlərin mənafeləri baxımından etməli olduğunu etdi. Bu razılıq istənilən halda, Türkiyənin uğurudur. Əminəm ki, əksini düşünənlərin ən gözəl cavabını zaman verəcək.
Israilin geosiyasi çevrəsi mahiyyətcə dəyişir
– İsrailin Türkiyədən üzr istəməsi dünya gündəmində bomba effekti verdi. Israil tarixi boyu üç dəfə üzr istəyib. Türkiyə qarşısında Israilin belə bir jesti hansı gerçəklikləri ortaya qoydu? Obamanın səfəri ilə Israilin üzr istəməsi arasında əlaqə varmı?
– Bu olay da, az öncə haqqında danışdığım yeni dünya düzəninin doğurduğu bir reallıqdır. Çoxlarının gözləmədiyi halda Israil Türkiyə qarşısında geri çəkildi, “Mavi Mərmərə” insidentinə görə üzr istədi, yüksək təzminat ödədi və hətta Qəzzanın blokadasını aradan götürdü. Türkiyənin bütün şərtlərinin iddialı və ərköyün yəhudi hökuməti tərəfindən qeyd-şərtsiz qəbul edilməsinin başlıca səbəbi, heç də təkcə baş nazir Netanyahunun bildirdiyi kmi Suriya məsələsi deyil. Başlıca səbəb elə Israil məsələsidir və bu səbəbi açıq və cəsarətli bir lider olan ABŞ prezidenti Qüdsdəki çıxışında birbaşa göstərdi: Israilin geosiyasi çevrəsi mahiyyətcə dəyişir, avtoritar liderlərlə rahat anlaşan Israil, bölgədə yaranan yeni situasiya- hakimiyyətlərin xalqların iradəsi ilə formalaşması gerçəyilə hesablaşmaq zorundadır. Bu isə Israilin Fələstin siyasəti dəyişməyincə, mümkün olmayacaqdır. Obama yetərincə aydın bir şəkildə, Israilə əvvəlki ərköyünlüklərinin perspektivsiz olduğunu anlatdı. Israilin bu gün Türkiyəyə həmişəkindən daha çox ehtiyacı var və düşünürəm ki, strateji praqmatizmi ilə fərqlənən bu dövlət ərəb dünyası ilə münasibətlərinin yaxşılaşmasında Türkiyədən bir körpü kimi istifadə etməyə çalışacaqdır.
Türkiyə qaldıra bilməyəcəyi yükün altına girməz
– Türkiyəyə həm Yaxın Şərq, həm də Cənubi Qafqaz regionunda verilən önəm nəyin görsənişidir və gələcəkdə hansı nəticələr doğura bilər? Türkiyə bu ağır yükün altına girə biləcəkmi?
-Türkiyəyə beynəlxalq münasibətlər müstəvisində verilən önəm, heç şübhəsiz ki, onun xarici siyasətinin uğurudur. Istənilən xarici siyasət uğurunun davamlı və sistemli olması, onun daxili siyəsətə söykənən dayaqlarının möhkəmliyindən və etibarlılığından asılıdır. Türkiyənin iç siyasətinin uğurlarını isə təqdir etməmək mümkün deyil. Türkiyə iqtisadiyyatı, elmi, təhsili son on ildə öncəki 70 ildən daha çox inkişaf edib. Özü də bu bütün dünyanı, xüsusilə də, Avropanı bürümüş dərin iqtisadi böhran fonunda baş verib. Demək, xarici siyasət uğurlarının davamlılığını təmin edəcək güclü baza yaradılıb. Kifayət qədər gerçəkçi və praqmatik Türkiyə hökumətinin qaldıra bilməyəcəyi bir yükün altına girəcəyinə inanmıram. Israillə münaqişə başlayan zamanda da çoxları Türkiyənin böyük risq etdiyini düşünürdü. Ancaq Türkiyə heç bir risqin altına girmədən dünyaya və bölgəyə daha açıq gözlə baxmağı və düzgün strateji planlaşdırmanı bacardı. Əminəm ki, Türkiyənin işartıları görünən Qafqaz siyasəti də, ən azı, eyni dərəcədə başarılı olacaqdır. Israil kimi qüdrətli bir dövlət ətrafındakı ərəb faktorunu nəzərə alaraq, Türkiyə ilə hesablaşmaq məcburiyyətində qaldısa, 2 milyonluq zəif, miskin və perspektivsiz Ermənistanın çevrəsindəki türk faktoru və Türkiyə ilə hesablaşacağı gün də uzaqda deyil.
Moskva yeni cəbhə açmaqda maraqlı görünmür
– Türkiyənin üzərinə qoyulan yeni missiyanı Rusiya və Iran necə qarşılayacaq? Bu dövlətlər tərəfdən sərt reaksiya gələ bilərmi? Çünki hazırda dünyada Türkiyənin önəminin artdığı sezilir və bu proses də Qərb tərəfindən aktiv dəstəklənir.
– İran qlobal siyasətin oyunçusu deyil və region dövləti kimi mövqeləri hər gün daha zəifləyir. Onun artıq öz maraqları baxımından həyati önəm daşıyan Suriya konfliktinə təsir imkanları tükənməkdədir. Bu baxımdan burada daha çox Rusiya və Çinin mövqeyi dəyərləndirilə bilər. Aydındır ki, Türkiyənin güclənərək regional oyunçuya çevrilməsi, perspektivdə türk və müsəlman dünyasını öz ətrafında təmərküzləşdirməsi bu dövləti Rusiya və Çin üçün ciddi rəqibə çevirəcəkdir. Əslində, perspektivlər də elə buna hesablanıb. Regionda dayanıqlı bir düzənin, geosiyasi balansın yaranması üçün bu ən əlverişli və təbii alternativdir. Ancaq və Rusiyanı, nə də Çinin bu prosesin qarşısını ala biləcəyini düşünmürəm. Rusiya bu gün Suriyada mövqelərinin itirilməsi ilə barışmaq zorundadır. Ankaranın özfəaliyyətlə məşğul olmadığının, Vaşinqton və Brüssellə sıx təmaslarının fərqindədir. Bu baxımdan Moskva yeni cəbhə açmaq yox, öz mövqelərini qoruyub-saxlamaqda maraqlı görünür.
Obamanın çıxışı avtoritar hakimiyətlərə xəbərdarlıq idi
– İsrail Türkiyə yaxınlaşmasında Fələstinin taleyi necə olacaq? Çünki Türkiyə son zamanlar Fələstin məsələsində prinsipial mövqe nümayiş etdirirdi. Eyni zamanda bu günlərdə ABŞ prezidenti Barak Obama Fələstinin müstəqiliyinə dəstək verən açıqlama ilə çıxış etdi.
– Fələstinin taleyinin anonsunu dünya supergücünün liderinin dilindən eşitdik: müstəqil Fələstin dövləti yaradılmalıdır və yaradılacaq! Mən Barak Obamanı sözünün sahibi olan qətiyyətli bir siyasətçi kimi tanıyıram.
– Obama Yaxın Şərqə səfəri zamanı avtoritar ölkələrə xəbərdarlıq edən bəyanatlar səsləndirib. O, bildirib ki, avtoritar quruluşlarla münasibətlər qurmaq erası sona çatıb. Münasibətlər xalqlar tərəfindən seçilən quruluşlarla qurulacaq. Bu çıxışdan Azərbaycana hansı pay düşür?
-Bu çıxış bütün avtoritar hakimiyətlərə növbəti sərt xəbərdarlıq idi. Obamanın 2010-cu ildə BMT sammitində etdiyi məşhur çıxışı xatırlayın. Üç ildən az vaxt keçib, ancaq bu qısa zaman ərzində neçə ilk baxışda qüdrətli diktatura recimi tarixin arxivinə çevrilib! Əslində, avtoritarizm erası bitib. Avtoritarizm bir mahiyyət olaraq tarixi rudimentə çevrilməkdədir. Mövcud avtoritar rejimlərin hamısı xərcəng xəstəliyinin dördüncü mərhələsini -metostaz stadiyasını yaşayır. Onlar kimyəvi terapiya vasitəsilə ömürlərini altı ay, bir il uzada bilərlər, lakin nəticə qaçılmazdır- avtoritarizm bir mahiyyət olaraq məhvə məhkumdur.
Xəyal