Bu günlərdə fövqəlnazirin növbəti amansız qərarıyla köhnə Qutqaşının – əsil Qəbələnin son nişanəsi olan yerli qəzetin binası tarixdən silinib. Redaksiyanın cənnətməkan həyəti “Gilan”ın pəncəsinə keçdi. Misilsiz ölkədaxili qələbələrin sonu görünmür…
Ölən ümidlərin unudulmaz xatirəsinə
…Ilk dəfə yazmağa sovet dövründə kommunist partiyasının orqanı olan yerli qəzetdə başladım. O vaxtlar görkəmli jurnalist Ramiz Əhmədov həm də Qəbələnin raykomu – rəhbəri olaraq bizə tabeçiliyndəki muzdlu işçilər kimi baxmırdı. Indiyə qədər gəlib əlimizə çatmayan demokratiyanın əlbəttə, o zamankı varlığından söhbət gedə bilməz, amma az da olsa yaradıcı istisnalar gözə dəyirdi. lovğalıq olmasın, mən bunu hətta öz həyatımda hiss eləmişəm.
Qəzetə kənddəki əla məvacibli kitabxana müdiri vəzifəsini atıb gəlmişdim. Həm də redaktora birbaşa ultimatumla: “Məni işə götürün, Əziz müəllim, yazmasam ölərəm”. Onda Əziz müəllim açıq mavi gözlərini üzümə dikib gülümsədi: “Burda sənə görə iş yoxdu axı?!”. “Mənim də geriyə yolum yoxdu”, dedim. Əziz müəllim mənə yalnız yarımştat xadiməlik təklif edə bildi və mən həmən razılaşdım. Hansı ki, kənddəki işimdə belə bir işçiyə özüm maaş yazırdım. Redaktor bir az fikirləşəndən sonra redaksiyanın cavan, amma əsl ağbirçəyi Xədicə xalanı çağırıb “bu dəli qızı hələlik mətbəədə yerləşdirin”, dedi. Daha sonra ikilikdə xeyli danışdılar. O günləri mən ucaboylu Xədicə xalanın böyrünə düşüb nəhəng maşınların səs-küy qopartdığı qaranlıq mətbəəyə girəndə çox qorxdum. O boyda otaqda gözümə ilk sataşıb mənə tanış gələn yeganə şey küncdəki süpürgə oldu. Xədicə xala maşınların arxasındakı adamlarla danışdığı zaman əlimə süpürgəni götürüb ortalığa dağılmış qara boyalı kağız parçalrını süpürməyə başladım. Bu zaman xalatlı adamlar bir yerə yığışıb elə qəhqəhə çəkdilər ki, yerimdəcə quruyub qaldım. Mətbəənin müdiri Xədicə xala da gülümsəyərək əlimdəki süpürgəni aldı, qolumdan tutub məni dibdəki nisbətən sakit xırda otağa apardı. Hazır qəzetlərin saxlanıldığı otağa bir azdan bayaq mənə gülən qızlar çay gətirdilər. O gündən qəzet mənim doğma evimə çevrildi.
Bu münasibətlə yaşadığım məişət qayğılarından danışmaq istəmirəm, çünki, “kənddəki gül kimi işi atmaq” səbəbindən məni hesabdan silən doğma-ögeylərin hamısına rəğmən anam ömrünün sonuna qədər mənim yanımda oldu. Və biz o qəhrəman ana ilə bu şəhərin kirayələrində min illik xoşbəxt bir ömür yaşadıq.
Deməyim nədi? Əziz müəllim cüzi qabiliyyətimə görə məni neçə illər redaksiyada qışda ocaqçı, yayda xadimə ştatlarıyla saxladı. Bunun müqabilində həmişə mənə görə töhmət aldı, düşmən qazandı. Axır bir dəfə bezib raykomun iclasında demişdi ki, neyləyim, mən bunu hökumətin maşınında qabaqcıl kolxozdan oçerk yazmağa göndərirəm, bu, felyeton gətirir. Həm də elə şeylər tapıb elə yazır ki, qaralamağa əlim gəlmir. Günahkaram, amma ona məhdudiyyət qoya bilmərəm.
Bu gün Əziz Əzizov həyatda yoxdu. Ramiz Əhmədov da o cümlədən. Onlar bütün çatışan və çatışmayan kommunist cəhətləriylə birgə əsl peşəkar idilər. Yəqin elə buna görə də sonralar indiki hakimiyyətdə təmsil olunmadılar. Mən hələ raykomun qəzetində işlədiyim zaman bir an belə düşünmədən azadlıq hərəkatına qoşuldum. Əziz müəllim yenə mənim düşüncə və qərarlarıma anlayışla yanaşmağı bacardı. Bu səbəbdən də bir müddət sonra özüm işdən getdim. Zatən ötən illər ərzində redaksiyanın kollektivi ölkədəki “müstəqil, firavan və demokratik” şəraitin əcaib qanunlarına tab gətirə bilməyib pərən-pərən düşdü.
Uzun və kədərli hekayədi. Bu hekayədən yaxın ortamda biz qalmışıq, bütün bunların sənədli tarixçəsi – mənim xadiməli-ocaqçılı əmək kitabçam, Xədicə xala və mən. Mənim iyirmi beş illik əmək kitabçam və üstəgəl, ikinci qrup əlillik vəsiqəm ən ibtidai şərtlərlə belə yavan çörəklə, kommunal xərcləri ödəmir. Bizim qəzetin dəmir iradəli, ipək ürəkli möhtəşəm Xədicə xalası isə uzun illərdir üstünə cürbəcür acı sürprizlərlə hücum çəkən həyatla təkbaşına vuruşur. Sərt Rusiyyət gerçəkliyində sağlamlığını itirən oğlunu da torpağa tapşırandan sonra bütün evin-ailənin yükü bu qürurlu insanın çiyinlərindədir.
Ötən aylarda Xədicə xalanı müasir idarələrin birində foyeni təmizləyən gördüm, əlində tozsoran vardı… Ondan bəri o doğma və əziz Qadının əlindəki yapon tozsoranının kədərli uğultusunu unuda bilmirəm…