Nəqliyyat nazirinə tabe olan müəssisələr «Azərinşaat»ın ərazisindən çıxarılır
Beynəlxalq Bank nəqliyyat naziri Ziya Məmmədova məxsus “Azərinşaat” şirkətini və onun ərazisini ələ keçirib. Bu barədə qəzetimizə şirkətin adının çəkilməsini istəməyən işçilərindən biri məlumat verib.
Dərnəgüldə yerləşən bu şirkətin rəhbəri Bülent Karanı olub. Həmin ərazidə Ziya Məmmədovun tabeliyində olan başqa müəssələr də fəaliyyət göstərir. Məlumata görə, Ziya Məmmədova yaxınlığı ilə seçilən Bülent Karanı bir müddət əvvəl müəmmalı şəkildə Azərbaycanı tərk edib. Məhz onun gedişindən sonra Beynəlxalq Bankın əməkdaşları “Azərinşaat”a gələrək şirkətin, onun yerləşdiyi böyük ərazinin onlara məxsus olduğunu bildirib və bütün müəssisələrdən ərazini tərk etməyi tələb ediblər. Beynəlxalq Bankın bu addımının nədən irəli gəldiyi bəlli deyil. Yəni, bunun kökündə Bülent Karanının hansısa maliyyə pozuntularına yol verdiyi, yoxsa hansısa kredit əməliyyatları dayandığı bizə məlum deyil. Lakin fakt ondan ibarətdir ki, Beynəlxalq Bank şirkəti və ərazisini ələ keçirib.
Məlumatla bağlı bankın da mövqeyini öyrənməyə çalışdıq. Lakin oradan günün sonunda məsələ ilə bağlı açıqlama verəcəklərini bildirsələr də, heç bir xəbər çıxmadı.