“Dünya 3-cü prezidentliyə göz yumsaydı, devrilmiş diktatorların da yaxınları hakimiyyətə gələrdi”
İbrahim İbrahimli: «Cəmiyyətdəki bütövləşmə, qaynaşma Xalq Hərəkatının yaranmasına gətirib çıxaracaq»
Hazırda hökumət mətbuatı ABŞ-ın Milli Demokratiya Institutunun timsalında Qərbi yenidən hədəfə alıb. Maraqlıdır ki, hakimiyyətin bu kampaniyası ABŞ səfiri və Böyük Britaniyanın xarici işlər nazirinin “Azərbaycanda demokratik seçkinin alternativi yoxdur” bəyanatından sonraya təsadüfi edir. Bu bəyanatlarla hakimiyyətin yürütdüyü kampaniya arasında bir əlaqə varmı? Bu və başqa sualları IP Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimliyə ünvanladıq.
– Hakimiyyətlə Qərb arasında prezident seçkisinə yönəlik diskussiyalar gedir. Hazırda Azərbaycan daxilində və ətrafında yeni situasiya yaranıb. Əvvəl hakimiyyət iqtisadi cəhətdən Qərbə inteqrasiya olunurdu. Siyasi cəhətdən isə Rusiyaya bağlı idi. Amma son dönəmlər isə hakimiyyət Rusiyadan da siyasi cəhətdən qopmağa başlayır. Hakimiyyət artıq yürütdüyü balans siyasətinin, Rusiya ilə ABŞ arasında manevr imkanlarının tükəndiyini hiss edir. Ona görə hakimiyyət özünə yeni bir dayaq axtarır. Israil lobbisinin köməkliyi ilə Qərblə danışıqlar gedir. Danışıqlar çox gərgin gedir. Görünür, Qərbin də qarşıya qoyduğu kəskin məqamlar var. Çünki Azərbaycan hakimiyyətinin qeyri-legitimlik problemi 20 ildir davam edir. Bu problem çözülməlidir. Azərbaycanda nəhayət, şəffaf və demokratik seçkilərin keçirilməsi baş tutmalıdır. Belə vəziyyətdə danışıqların nəticəsindən asılı olaraq hakimiyyət Qərbə, Rusiyaya qarşı mövqeyində dəyişikliklər edir. Hakimiyyət son zamanlar Avropaya yönəlik kəskin addımlar atmaqdadır. MDI-yə qarşı sifarişli yazının yazılması onu göstərir ki, artıq hakimiyyət qeyri-müəyyən vəziyyətdədir və buradan da hakimiyyətin aqoniyası baş qaldırır.
Azərbaycanda yeni bir mərhələ başlayıb
– Hakimiyyət bir qayda olaraq seçkilər yaxınlaşan kimi Qərbə qarşı kampaniya aparmağa başlayır. Bunun səbəbi nədir?
– Azərbaycanda yeni bir mərhələ başlayıb. Keyfiyyət dəyişikliklərinin olacağı bu mərhələyə hakimiyyət hazır deyil. Yeni mərhələ yalnız daxildə deyil, dünyada gedən proseslərin nəticəsidir. Hakimiyyət bu prosesləri köhnə metodlarla önləməyə cəhd edir. Ölkə daxilində baş verən etirazların qarşısının alınmasına çalışması bunu sübut edir. Amma bu addımların hamısı əks-effekt verir. Amma builki seçki əvvəlkilərdən fərqlidir. Bu seçkidə Ilham Əliyev 3-cü dəfə namizədliyini verməyə hazırlaşır. Dünyada gedən proseslərdən çıxış edərək onun 3-cü dəfə namizədliyinin irəli sürülməsi problemli olacaq. Qərb bu məsələdə geri çəkilməyəcək. Düzdür, hakimiyyət mətbuatı Qərbin Ilham Əliyevin 3-cü dəfə seçilməsinə göz yumacağını təbliğ etməyə çalışsa da bu baş verməyəcək. Dünya Ilham Əliyevin 3-cü dəfə prezidentliyinə göz yumsaydı, o zaman Mübarəkin və Qəzzafinin oğlanları, Bin Əlinin həyat yoldaşı hakimiyyətə gələrdi. Hakimiyyət dünyada baş verənlərdən narahatdır. Ona görə iqtidar bütün tərəflərə müharibə elan edib.
Hakimiyyət “facebook inqilabı”ndan qorxur
– Siz də vurğuladınız ki, bu dəfəki seçki əvvəlkilərdən fərqlənəcək. Həqiqətən də bu il sosial şəbəkələrin ayaqda olduğu dönəmdir və bu faktor seçkilərə fərqli rəng qatır. Bu baxımdan 2013-cü ili necə qiymətləndirirsiniz?
– Hazırda ölkədə baş verən proseslər 20 illik demokratiya mücadiləsinin davamıdır. Yeni nəsil ortaya çıxıb. Sosial medianın rolunun yüksəlməsi və bu vasitədən istifadə edərək gəncliyin proseslərə qoşulması, virtual aləmdə aktiv olan gəncliyin meydanlara çıxması mühüm faktordur. Digər tərəfdən, yeni nəsil ilə qoca nəsil arasında bir bütövləşmə prosesi gedir. Yəni yeni nəsl köhnəni inkar etmir. Bu bütövləşmə, qaynaşma Xalq Hərəkatının yaranmasına gətirib çıxaracaq. Ölkədə başlayan sosial etirazlar da tədricən siyasi məzmun almaqdadır. Toplumun ləyaqət hissi artıq oyanıb. Azərbaycan vətəndaşı artıq ləyaqətsiz cəmiyyətdə yaşamaq istəmir. Sonda Xalq Hərəkatına çevriləcək proseslərin birinci mərhələsinə gənclik start verir. Hakimiyyətin də ən çox qorxduğu məhz bu mərhələ ilə bağlıdır. Ona görə baş verən proseslərin adını “facebook inqilabı” qoyurlar. Gerçəkdən də sosial media dünyada olduğu kimi Azərbaycanda aktualdır. Sosial media həqiqətən də bir inqilabdır. Onun hərəkətverici qüvvəsi də gənclikdir. Digər tərəfdən, sosial media cəmiyyətə bir təşəbbüskarlıq gətirdi. Artıq müxtəlif peşə yönümlü qruplar etirazlara başlayıb. Məsələn, Siyəzəndə minə yaxın fəhlə haqlarını müdafiə etmək üçün küçələrə çıxır
– Uzun fasilədən sonra Ramiz Mehdiyev Ilham Əliyevi mədh edən müsahibə ilə gündəmə gəldi. Ölkədə kifayət qədər problemlərin olduğu bir zamanda belə bir müsahibə nəyə xidmət edir?
– Ramiz Mehdiyev ictimai rəydə kifayət qədər ciddi zərbə aldı. Elşad Abdullayevin təqdim etdiyi videolarda Ramiz Mehdiyevin adının hallanması onun siyasi karyerasına ciddi zərbə oldu. O cümlədən Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi Mehdiyevin mövqelərinin zəiflədilməsinə səbəb oldu. Rusiya ilə münasibətlərin gərginləşməsi hakimiyyət daxilində Ramiz Mehdiyevə münasibəti dəyişməli idi. Ona görə Ramiz Mehdiyev bir müddət müdafiə vəziyyətində dayanmasa da, susqun mövqe nümayiş etdirdi. Son zamanlar isə o mövqelərini möhkəmlətməyə cəhd edir. Ona görə o, özünü hakimiyyətin əsas ideoloqu, yenidən “boz kordinal” kimi təqdim etməyə çalışır. O məqaləsində ideoloji əsasnamədən çox, çox ürəkbulandırıcı şəkildə Ilham Əliyevin mövqeyini müdafiə etməyə çalışır. Bu isə onu göstərir ki, Ramiz Mehdiyev qorxur və onun taleyi birinci adamdan asılı olduğuna görə belə bir mövqe seçir.
Güc sərtləşdikcə sosial tələblər siyasiləşir
– Hakimiyyətin təzyiqlərinə, aksiyada saxlanınanlara qarşı yüksək cərimələr tətbiq etməsinə baxmayaraq, insanlar aksiyada iştirakdan çəkinmirlər. Bu nəyin görsənişidir?
– Bu da yeni bir mərhələnin təzahürüdür. Ötən müddət ərzində bir gənclik formalaşıb. Həmin gənclik dünyada baş verən prosesləri diqqətlə izləyir. Aksiyaların hər dəfə daha izdihamlı alınması qorxmaz gəncliyin meydana çıxmasından xəbər verir. Toplum isə artıq qorxu həddini keçib. Politoloji nəzəriyyələrdə belə bir şey var. Hakimiyyət mövqeyini qoruyub saxlamaq üçün gücdən istifadə edir. Güc sərtləşdikcə sosial tələblər siyasiləşir. Insanlar sistemin üzərinə getməyə başlayırlar. Burada bir məqamı da nəzərə almaq lazımdır ki, uzun müddətdən bəri müxalifət qüvvələrinin fəaliyyət göstərən fədəkar insanları da var. Hazırda uzun müddət siyasi proseslərdən kənar qalan orta təbəqənin də proseslərə qoşulması qorxu hissinin aradan götürülməsinə səbəb olur. Mənə elə gəlir ki, bundan sonrakı istənilən təzyiqlə baş qaldıran prosesin qarşısını almaq mümkün olmayacaq.
– Bu günlərdə müxalifətdə yeni bir hərəkat elan olundu. Eldar Namazovun rəhbərlik etdiyi “EL” hərəkatının təqdimatında iştirak edən müxalifət liderləri AXCP sədri Əli Kərimli və Müsavat başqanı Isa Qəmbərin çıxışlarından belə bəlli oldu ki, üç müxalifət lideri aralarında birlik istiqamətində müzakirələr aparır və konkret nəticələr də var…
– Avtoritarizmdən demokratiyaya keçidin öz şərtləri var. Müxalifət də həmin tələblərə uyğun mövqeyini müəyyənləşdirməlidir. Avtoritarizmdən demokratiyaya keçid müxalifətin birlik modelindən, vahid komandadan keçir. Bunlar olmadan avtoritarizmdən demokratiyaya yumşaq keçidi reallaşdırmaq mümkün deyil. Ölkədə yaranan yeni şərait birliyi diqtə edir. Ona görə də bu, ictimaiyyətin daha rahat həzm edəcəyi formada müzakirə olunur. Artıq müxtəlif istiqamətlərdə birlik təşəbbüsləri səslənir. Gənclərdən Emin Milli birliyin vacibliyin vurğulayır. Rüstəm Ibrahimbəyov Milli Şura ideyası ilə çıxış edib. Professor Hacıbaba Əzimov ümumxalq hərəkatı təşəbbüsündə bulunub. Nəhayət, birlik ideyası cəmiyyətə də sirayət eləməyə başlayıb. Hazırda baş verənlər, gedən müzakirələr dayanıqlı bir birliyin yaranacağından xəbər verir. Bəlkə də biz bir az yubanırıq, bəlkə də proseslərin gedişi yeni birliyin tez bir zamanda yaranmasını ehtiva edir. Amma daha geniş siyasi koalisiyanın yaranması üçün xalq hərəkatını öz ətrafında birləşdirə biləcək birliyə ehtiyac var.
– İctimai Palata aksiyada həbs olunduqlarına görə cərimələnən şəxslərə yardım məqsədilə marafon elan etmək niyyətindədir. Hazırda hakimiyyətdən narazı, amma prosesləri kənardan izləyən xeyli vətəndaşlarımız var. Onlara bu cür durumda hansı müraciəti etmək istəyərdiniz?
– Proses yüksələn xətlə davam etdikcə, qatqılar da yüksələn xətlə davam edəcək. Yəni prosesə iki istiqamətdə yardım etmək mümkündür. Biri mənəvi, digəri maddi istiqamətdə. Hesab edirəm ki, ölkədə başlanan prosesə adekvat reaksiya gələcəkdə qatqıların da adekvat olacağından xəbər verir. Sadəcə olaraq bütün bu prosesin nəticəsi olaraq xalqa müraciət etmək istəyirəm. Iyirmi ildən çoxdur ki, gözünüzün qarşısında siyasi mübarizə aparan, məhrumiyyətlərə məruz qalan insanlar fədəkarlıq nümunəsi göstərirlər, geri çəkilmirlər. Bu insanlar olmasaydı, Azərbaycan indi Türkmənistan olardı. Bu fədəkar insanların hesabına Azərbaycanın demokratik qüvvələri ayaqdadır. Bu baxımdan insanların əməyini qiymətləndirmək lazımdır. Ona görə toplumdan müxtəlif şəxslər proseslərə siyasi, mənəvi, maddi dəstək verə bilər. Hazırda hakimiyyət cərimələri yüksəltməklə fədəkar insanları sındırmaq istəyir. Ona görə açıq siyasi dəstək verə bilməyənlər maddi və mənəvi cəhətdən yardımlarını göstərsinlər.
Xəyal