Müxalifət liderləri «Əsgər ölümlərinə son!» aksiyasına qiymət verdi
Gənclərin, eləcə də ictimai-siyasi fəalların dünən Fəvvarələr meydanında keçirdikləri “Əsgər ölümlərinə son!” aksiyasına müxalifət liderləri münasibət bildiriblər.
AXCP sədri Əli Kərimli bu gün Bakıda “Əsgər ölümlərinə son” şüarı ilə keçirilən etiraz aksiyasına qiymət verib. Əli Kərimli Facebook səhifəsində yazıb:
“Bugünkü aksiyadan rejim ciddi zərbə aldı.
Mübarizənin yeni mərhələsi hələ indi başlayır. Hökumət isə artıq arsenalındakı xalqı qorxutma vasitələrinin çoxunu istifadə etdi və heç bir nəticə əldə etmədi. Mitinq ərəfəsi həbslər, dövlət çevrilişinə cəhd şousu, aksiya zamanı rezin güllələrdən, su şırnaqlarından istifadə xalqı qorxutmadı. Minlərlə insan etiraz etdi. Polis aksiyanın qarşısını almaqda aciz qaldı.
Aksiya zamanı hakimiyyət növbəti kobud səhvini etdi. Şəhid atasına, öldürülmüş əsgərin anasına zor tətbiqi, onların yer ilə sürüdülməsi hər kəsi qəzəbləndirir, hakimiyyətin anti-insani mahiyyətini ortaya qoyur. Azərbaycan xalqı belə mənəviyyatsızlığı bağışlamayacaq. Hökumət anlamalıdır ki, yalnız zor gücünə idarə etmək artıq mümkün olmayacaq. Zorun da işləmədiyi, nəticə vermədiyi bir mərhələ var. Azərbaycan cəmiyyəti sürətlə o mərhələyə daxil olur”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər “musavat.com”a açıqlamasında bildirib ki, bu aksiya sosial şəbəkələrin müəyyənləşdirdiyi çox ciddi və kütləvi etiraz idi: “Hakimiyyətin həyata keçirdiyi həbslərə, təxribatlara, şoulara baxmayaraq, çoxlu sayda gənclər, vətəndaş cəmiyyəti və siyasi partiyaların nümayəndələri çox böyük siyasi mədəniyyət və fədakarlıq göstərdilər”.
Müsavat başqanının sözlərinə görə, hakimiyyət həmişəki kimi, zorakılığa əl atdı və dinc aksiya zorakı üsullarla dağıdıldı: “Su şırnaqlarından, rezin güllələrdən və indiyədək istifadə olunmayan texnika tətbiq edildi. Bununla belə, bu, orduda əsgər ölümlərinə, silahlı qüvvələrdə və ölkədə korrupsiyaya son qoyulması tələbilə keçirilən ən möhtəşəm aksiyalardan biri oldu. Açığı, mən gənclərimizlə fəxr edirəm”.