Putinin «qara siyahı»ya salınması istisna olunmur
Avropa Parlametinin dünən Strasburqda keçirilən sessiyasında “Rusiyada qanunun aliliyi haqqında” qətnamə iki gün davam edən müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.
Qətnamədə qeyd olunur ki, Rusiyada son illər keçirilən məhkəmə prosesləri qanunun aliliyini və məhkəmələrin müstəqilliyini şübhə altına alır. Avropa Parlamenti Rusiya hakimiyyətini ölkədə məhkəmə sisteminin müstəqilliyini təmin etməyə çağırıb.
Parlamentarilər Kremlin Şimali Qafqaz regionunda insan haqlarına və qanunun aliliyinə hörmətlə yanaşmalı olduğunu bildirib. Onlar Rusiyada qətlə yetirilən jurnalist və hüquq müdafiəçilərinin qatillərinin aşkarlanması prosesini sürətləndirməyi tövsiyə edib.
Avropa Parlamenti Rusiyayla bağlı qətnaməsində tələb edir ki, hakimiyyət Avropa Insan Haqları Məhkəməsinin çıxardığı qərarları icra etsin və baş vermiş qanun pozuntularına görə, məsuliyyət daşıyanlar cəzalandırılsın.
Parlamentin estoniyalı üzvü Kristina Oyland Rusiya hökumətinin üzvlərinə qarşı sanksiyaların qəbul oluna biləcəyini istisna etməyib. Onun sözlərinə görə, Rusiya müxalifətinin lideri Boris Nemtsovun hazırladığı həmin “qara siyahı”da birinci yerdə Rusiyanın baş naziri Vladimir Putin dayanır.
Oyland onu da əlavə edib ki, Avropanın Rusiya müxalifətinə dəstəyi bu ölkənin daxili işlərinə qarışmaq kimi başa düşülməməlidir. Çünki Avropa Birliyi Rusiyanı mühüm tərəfdaş hesab edir: “Rusiyada qanunun aliliyi, insan haqlarının qorunmasında maraqlı olmalıyıq. Biz Rusiyanın ikinci Misir olmasını istəmirik”.
İnformasiya şöbəsi