“Quska” kimi tanınan yaxın keçmişin məşhur ismi – Hüseyn Abdullayevin Ilham Əliyevə ünvanladığı məktubu yəqin ki, hamı oxuyub: atasına aid olan mülklərin, torpaq sahələrinin Ilham Əliyevin adı ilə əlindən alınmasını anladıb, sonda isə “qanunsuzluqların onun göstərişilə baş verməsinə inanmadığını” prezidentin diqqətinə çatdırmağa çalışıb.
Bu məktubda marağıma ən çox səbəb olan ABŞ səfirliyinin yeni bina tikintisi ilə bağlı torpaq alğı-satqısı məsələsidir. Xatırlayıram ki, hələ 2007-ci ildə ABŞ səfirliyi yeni səfarətxana binası üçün Heydər Əliyev prospekti 103 ünvanında yerləşən “Bakı Mexaniki Tökmə” ASC-yə məxsus ərazinin 4 hektarını almaq istəyirdi; hektarı 6 milyon dollar olmaqla müqavilə hazırlanmışdı, həmin dövrdə ABŞ-ın ölkəmizdəki səfiri xanım Enn Dörsinin dərkənarı ilə sözügedən ASC-yə rəsmi məktub da daxil olmuşdu.
Məktubun canına yel dəyməyə qoymadılar: “Bakı Mexaniki Tökmə” ASC-nin rəhbərinin həbsi üçün bəhanə tapdılar, barəsində cinayət işi açdılar və həbs müddətində əmlakını “satmağa” məcbur etdilər.
Yox, “Bakı Mexaniki Tökmə”ni Lerikin hansısa sakininin adına keçirmədilər, “Gilan Holdinq” notarial qaydada “alışı” öz öhdəsinə götürdü.
ABŞ səfirliyinin növbəti belə bir cəhdinin də qarşısı alınıb – bu dəfə hədəf Hüseyn Abdullayev və onun mülkləridir. O ayrı məsələ ki, 8 ildən artıqdır ABŞ səfirliyinin yeni inzibati bina tikməsinə Azərbaycan hakimiyyəti müxtəlif bəhanələrlə mane olmaqla məşğuldur; hətta prezidentin razılığı ilə Enn Dörsiyə təklif olunan yerdən – Azadlıq prospektindəki Azərbaycan Milli Elmlər Akademiyasına aid bağ sahəsindən də sonradan “alimlərin ciddi etirazının” təşkili ilə imtina edilmişdi. Prezidentin bundan xəbəri yoxdurmu?
Ilham Əliyev fevralın 12-dəki müşavirədə rəsmən bəyan etdi ki, onun hər şeydən xəbəri var. Deməli, Hüseyn Abdullayev bilir ki, səbəbkar kimdir, ancaq “inanmaq istəmir”. Niyə?
Bu, həmin “Quska”dır – Heydər Əliyevin birmənalı müdafiəçisi, bütün gücünü ümummillinin hakimiyyətinin qorunmasına, bəzən də müxalifətin aksiyalarının dağıdılmasına xərcləyən Hüseyn Abdullayev!
Bu, həmin “Laba”dır – Sədərək Gömrüyünün rəhbəri olana qədər “Quska” səviyyəsində Heydər Əliyev siyasətinə və şəxsiyyətinə dəstək verən Mübariz Pənahov!
“Quska” və “Laba” adları bu xalqın demokratik təfəkkürlü insanlarının yaddaşına ömürlük həkk olunub. Nəticə nə oldu?
“Laba”nın – Mübariz Pənahovun mülklərini Naxçıvanda sökməklə, dağıtmaqla məşğuldular, ölkədə biznesinə əngəllər yaradırlar, Ukraynaya sığınmağa məcbur ediblər; “Quska”nın – Hüseyn Abdullayevin əmlakını əlindən alır, özünü siyasətdən, ictimai həyatdan və biznesdən qovurlar…
Budur Əliyevlər hakimiyyətinin mahiyyəti! Bunlar üçün sədaqətli əqidədaş anlayışı yoxdur; bunlar üçün qul var, nökər var, korrupsiya və rüşvət aparatında aktiv fəaliyyət göstərən, gizli büdcəyə vaxtlı-vaxtında və nəzərdə tutulandan daha artıq köçürmələr edənlər var; cinayətə bulaşmış, istənilən vaxt sındırmaq və türməyə göndərmək imkanı olan insanlar var.
Əliyevlər hakimiyyətinin kölgəsində bu xalqın var-dövlətini talayanlara üz tutmaq istəyirəm: Sizin hansı biriniz Əliyevlərə Hüseyn Abdullayevdən, Mübariz Pənahovdan… daha artıq xidmət göstərmisiniz? Hansı biriniz hələ hakimiyyətə gəlməyən, kiçik, blokadada olan Naxçıvanın Ali Məclisinə sədrlik edən bir şəxsin yardım xahişinə var-dövlətinizi tökmüsünüz, aylarla yatmadan onun mühafizəsində durmusunuz? Hansı biriniz Əliyevin hakimiyyətə gəlməsi üçün Rəsul Quliyev qədər çalışmısınız, Əli Insanov qədər çarpışmısınız?
Heç biriniz. Ancaq onların aqibətini görürsünüzmü? Hüseyn Abdullayev, Mübariz Pənahov… hansı hakimiyyətə dəstək verdiklərini və bu rejimin Azərbaycan xalqının başına hansı oyunlar açdığını artıq öz nümunələrində dərk edirlər. Peşman olduqlarına da əminəm; sadəcə, ləyaqətləri, qürurları imkan vermir ki, dəstək verdikləri rejimin çürüklüyünü etiraf etsinlər.
Bəs, siz nə vaxt ayılacaqsınız? Hansı biriniz sabahdan sığortalanmısınız? Elə bilirsiniz ki, talayıb yığdıqlarınız sizindir və gələcəyiniz təminatdadır?
Neçə dəfə deməliyik ki, bu ölkədə heç kimin təminatı yoxdur! Neçə dəfə yazmalıyıq ki, Azərbaycanda hüquq işləmədikcə, hətta sizin də qanuniləşdirdiyiniz mülkünüzü istənilən vaxt basıb əlinizdən ala bilərlər – necə ki alırlar!
Yəni, bu adi həqiqəti başa düşmürsünüz ki, həyatınızın, gələcəyinizin, övladlarınızın təminatı yalnız hüquqi dövlətdən, demokratiyadan asılıdır? Yəni görmürsünüz ki, xidmət etdiyiniz korrupsioner sistem sizin özünüzü də basıb yeyir?