YAP Əli Əsədovla Ramiz Mehdiyev tərəfdarlarına bölünür
Əksər YAP-çıların Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin ideya müəllifi olduğu “Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə” adlı 2 cildli kitabın təqdimat mərasimini boykot etməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, YAP-ın icra katibi Əli Əhmədov başda olmaqla hakim partiyanın əsas simalarının əhəmiyyətli hissəsi tədbirə qatılmayıb. Bu isə YAP-da ikitirəliyin yaranması ilə bağlıdır. Məlumatlara görə, bir müddət əvvəl hakim partiyanın kurasiya edilməsi prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədova tapşırılıb.
Hakim partiyanın icra katibi Əli Əhmədov və ona yaxın olan şəxslər Əli Əsədovun kuratorluğunu qəbul etsələr də, Ramiz Mehdiyevin YAP-dakı tərəfdarları bunun əleyhinə çıxıblar.
Əldə etdiyimiz məlumatlara görə, Ramiz Mehdiyevin tədbirinə qatılmayan sırasında PA rəhbərilə Əli Əsədov arasında qəti seçim etməyən YAP-çılar da var. Onlar prezidentin köməkçisinin hədəfinə gələcəklərindən ehtiyat edib tədbirdə görünməyiblər. Məlumatlarda bildirilir ki, Ramiz Mehdiyev vaxtilə PA-nın şöbə müdiri olmuş Yusif Hümbətovla konflikti zamanı düşdüyü vəziyyətlə üzləşib. O zaman Yusif Hümbətov hətta Ramiz Mehdiyevin kabinetini nəzarətdə saxlayırmış. O, bütün icra başçılarına bildiribmiş ki, Ramiz Mehdiyevin yanına gələnlər onun qəbuluna gəlməsinlər. Indi YAP-da da oxşar vəziyyətdir. Yəni, Ramiz Mehdiyevin adı ilə bağlı olan tədbirlərə, tonlantılara qatılan, yaxud PA rəhbərinə azca yaxınlıq göstərən YAP-çılar Əli Əsədovun qəzəbinə gəlir.